Oş hadisələri vaxtı onlarla qadın zorlanıb

Nəsibə: «Mən həmin hadisədən sonra kişi görə bilmirəm»

Şərti adı Nəsibə olan 34 yaşlı özbək qadın keçən ilin iyununda Oş şəhərində təcavüzə uğrayıb. Nəsibə danışır ki, həmin gün axşamı rəfiqə isə birlikdə keçirib. Şam edib televizora baxıblar. Yatmağa hazırlaşanda isə atışma səsi eşidib:

«6-7 nəfər qapını döymədən, heç bir xəbərdarlıq etmədən içəri soxuldular. Deyirdilər ki, «yaxşı oldu, biz çoxdan özbək qızla olmaq istəyirdik».

Nəsibə deyir ki, özünü müdafiə etmək istəyəndə, gələnlərdən biri onun boynundan zərbə vurub. Huşunu itirib. Səhər özünə gələndə isə, özünü çılpaq vəziyyətdə görüb. Bədəni isə qançırlarla dolu imiş. 3 və 9 yaşlı uşaqları isə başının üstündə dayanıb ağlayırmışlar.

Nəsibə ərini 4 il əvvəl itirib. Deyir ki, ona hücum edənlər hündürboylu, cüssəli qırğızlar olub. Onların yerli sakin olmadıqlarını isə dəqiq bilir. Nəsibə onlarla bir daha Oşda rastlaşacağına da inanmır. Lakin həmin adamlar Nəsibənin həyatında sağalmaz izlər qoyublar. O, hepatit virusuna yoluxub, daim qorxu içində yaşayır:

«Mən həmin hadisədən sonra kişi görə bilmirəm. Bunu bacarmıram. Hansısa kişi, lap qardaşım olsun, yanımda oturan kimi məni əsməcə tutur. Böyük qardaşım məni çox istəyir, həmişə məni qucaqlayır. Məndən soruşanda ki, niyə titrəyirsən, cavab verə bilmirəm. Titrəməyim özümdən asılı deyil».

Oşdan qaçmış özbək qadınları, 15 iyun 2010
20 ZORLAMA FAKTI

Nəsibə 2010-cu ilin iyununda Qırğızıstanın Oş vilayətində qırğızlarla özbəklər arasında toqquşmalar zamanı zorlanmış onlarla qadından biridir.

«Amnesty International» və «Human Rights Watch» iyunun 8-də Bişkekdə hesabatla çıxış ediblər. Hesabatda həmin hadisələr zamanı özbəklərə qarşı cinsi zorakılıqlar da yer alıb.

«Amnesty International» bildirib ki, zorlama ilə bağlı 20 fakt sənədləşdirilib. Hüquq müdafiəçiləri reallıqda bu rəqəmin daha böyük olduğunu bildirirlər.

Zorlama ictimai hiddət doğurmağa qadir olan hadisədir. İyun hadisələrinə də qırğız qızının zorlanması ilə bağlı SMS-lərin yayılmasının səbəb olduğu bildirilir. Yüzlərlə adam küçələrə toplaşıb hücumlara başlamışdı.

«BU HAQDA DANIŞSAM, CAMAAT HAQQIMDA NƏ DÜŞÜNƏR?»

Zorlama faktının araşdırılması da çətindir. Onun qurbanı bunu özü üçün biabırçılıq sayır. Nəsibə nə anasına, nə də dostlarına başına gələnlər haqqında danışmayıb. Uşaqlarına isə deyibmiş ki, həmin hadisələr vaxtı özbəklər onu döyübmüş:

«Bu haqda kiminsə bilməsini istəmirəm. Bu, uşaqlarım üçün çox çətin olar».

Sevara da Nəsibə kimi hepatitdən əziyyət çəkir
Nəsibə bu haqda yerli qeyri-hökumət təşkilatının rəhbəri Hafizə Mahmudovaya danışıb. Mahmudova deyir ki, onun təşkilatına 13 özbək, o cümlədən 2 kişi zorlanmaları haqqında məlumat verib:

«Qadınlar səhhətlərində ciddi problemlər yarananda, müraciət edirlər».

Nəsibədən fərqli olaraq, başqa bir təcavüz qurbanı - 50 yaşlı Sevara isə ona təcavüz edəni tanıyır. Sevara danışır ki, hadisələr zamanı o, təhlükəli məhəllədə yaşayırmış. Ailəliklə yaxın olduğu şəxs ona zəng edib onu təhlükəsiz yerə aparacağını bildirib. Qadın da razılaşıb:

«O, gələndə özü ilə 2 nəfər gətirmişdi. Əvvəlcə məni özü, sonra isə həmin iki nəfər zorladı».

İndi Sevara da Nəsibə kimi hepatitdən əziyyət çəkir.

Sevaranın əri ölüb. Uşaqları isə Rusiyada oxuyur. O bir il əvvəl uğradığı təcavüz haqqında yaxınlarına məlumat verməyib. Deyir ki, «mənim 20 yaşında evlənməli oğlum var. Bu haqda danışsam, camaat mənim haqqımda nə düşünər?».