Ağsuda polis niyə intihar edib?

Arxiv foto

İyunun 9-da Ağsu rayonunda yol polisi əməkdaşı, 26 yaşlı polis serjantı Asim Baxşıyev polis şöbəsinin qarşısında xidməti maşında tabel tapançası ilə atəş açaraq özünü öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci maddə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Hələ ki, baş verən hadisə ilə bağlı rəsmi məlumatlar bundan ibarət olsa da intihar edən polisin yaxınları bəzi aşıqlamalar verməkdədirlər.

«8 AY ƏVVƏL RƏİS QARDAŞIMA TƏKLİF EDİB Kİ...»

İntihar edən polis serjantının qardaşı Rafael Baxşiyev AzadlıqRadiosuna müsahibəsində deyib ki, qardaşı polis rəisi ilə aralarında gedən bir söhbətin güdazına gedib. Onun deməsinə görə, təxminən 8 ay əvvəl polis rəisi qardaşına təklif edib ki, onlarla çalışan bir polis əməkdaşının üzünə dursun. Rafael Baxşıyev iddia edir ki, rəis qardaşını dəfələrlə bu işə məcbur etsə də o, hər dəfə rəisin göstərişindən imtina edib:
«Qardaşım iş yoldaşının üzünə durmayıb. Ondan sonra qardaşımı mütəmadi sıxışdırmağa başlayıblar ki, səni burda işləməyə qoymayacağıq».

«ELƏ BİL, BU, QURULMUŞ İŞDİR»

Qardaşına qarşı təzyiqlərin hər gün davam etdiyini deyən Rafael Baxşıyevin sözlərinə görə, sonuncu dəfə - elə intihar etdiyi gün rəis onun qardaşını öz növbəsi olmadığı halda gecə növbəsinə göndərib:

Arxiv foto

«Qardaşım 2-3 ildir yol polisində işləyir və indiyə qədər heç vaxt silah götürməyib. Elə bil, bu, qurulmuş işdir. Həmin gün ona nizamnamə ilə məcbur edib silah götürdüblər. Ondan sonra bizə də heç bir söz deməyib və polis bölməsinin qarşısında xidməti maşında özünü güllələyib».

MAAŞDAN HƏR AY 250 MANAT

Rafael Baxşıyev iddia edir ki, rəis qardaşından qanunsuz pul da istəyirmiş:
«Qardaşım gəlib evdə deyirdi ki, rəis mənə deyir «kiminsə yaxşı pulu var, get onu şərlə». O da elə şeylərə tab gətirmirdi, dəfələrlə deyirdi «məni bezdiriblər, işdən çıxacam». Ölkədə korrupsiyaya qarşı mübarizə başlayıb, amma onların maaşından hər ay 250 manat pul tutulurdu».

Rafael Baxşıyev deyir qardaşı evdə deməsə də, bəzi iş yoldaşlarına bezdiyini və sonda özünü öldürəcəyini söyləyibmiş.

«KİMLƏR NƏ DEYİRSƏ HAMISI ARAŞDIRILMAQDADIR»

İşi aparan müstəntiq Teymur Əsədov AzadlıqRadiosuna deyib ki, istintaq sirri olduğundan o, baş verən hadisə ilə bağlı detallı danışa bilməyəcək, amma zərərçəkən tərəfdən nə deyilirsə, hamısı araşdırılmaqdadır. Onun sözlərinə görə, baş verən hadisəyə görə hələ ki, heç kim saxlanmayıb.

Mahmud Hacıyev
HƏQİQƏTDƏN UZAQ FİKİR...

Zərərçəkən tərəfin polis serjantını intihar həddinə çatdırmada ittiham etdiyi Ağsu Rayon Polis İdarəsi rəisinin məsələyə mövqeyini öyrənə bilmədik.

Daxili İşlər Nazirliyində isə hesab edilər ki, Ağsu rayon polis idarəsinin rəisi barədə deyilənlər həqiqətdən uzaq, şayiə xarakterli fikirlərdir. Nazirlik rəsmisi Orxan Mansurzadəyə görə, faktla bağlı rayon prokurorluğu araşdırmaya başladığından hər şeyə də prokurorluq aydınlıq gətirəcək.

Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev də düşünür ki, indiki halda kimin haqlı, kimin haqsız olması barədə konkret fikir söyləmək çətindir. Sabiq polis rəisi hesab edir ki, intihar edən şəxsin yaxınlarının dediklərindən tutmuş, ona həmin gün tabel silahının verilməsi, ruhi vəziyyəti və s. məsələlərlə bağlı araşdırmalara ehtiyac var.