Çamadanda internet

Dövlət Departamentinin son təşəbbüsləri kommunikasiyaya tamamilə başqa, yeni bir yanaşmanı nəzərdə tutur

Repressiv hökumətlər dissidentləri susdurmaq üçün interneti və mobil telefonları ya senzuraya məruz qoyur, ya da söndürür.

İndi Obama administrasiyası dissidentlərin bu maneələrdən yan keçə bilməsi, «görünməz» internet və «kölgə» mobil telefon sistemi yaratmaq üçün qlobal səylər həyata keçirir. Xarici ölkələrin ərazisində müstəqil - hökumətin nəzarət etdiyi vahid şəbəkədən yan keçə bilən mobil telefon şəbəkəsi yaratmaq layihəsi ABŞ administrasiyasının dəstəklədiyi layihələrdən biridir.

Dövlət Departamentinin ayırdığı 2 milyon dollarlıq qrantla maliyyələşən başqa bir layihə «Çamadanda internet» adlanır. Bu çamadanı sərhəddən gizli keçirdikdən sonra geniş bir ərazidə internetə giriş imkanı verən naqilsiz kommunikasiya yaratmaq mümkün olacaq.

«HİYLƏGƏR ŞƏBƏKƏ»

«New York Times» qəzeti Amerikanın bu layihələri haqqında məxfi sənədlər əldə edib.

Misal üçün, Dövlət Departamenti bir layihə maliyyələşdirir ki, bu da «hiyləgər şəbəkə» yaradılmasını nəzərdə tutur. Bu «hiyləgər şəbəkə» sayəsində İran, Suriya və Liviya kimi ölkələrdə insanlar bir-biriləri ilə azad şəkildə əlaqə saxlaya biləcək və belə şəbəkələr yerli hökumətlər üçün əlçatmaz olacaq.

Prezident Hüsnü Mübarək (Hosni Mubarak) hakimiyyətinin son günlərində Misirdə interneti bağlamışdı. Son vaxtlar Suriya hökuməti də ölkənin əksər ərazisində interneti bağlayıb.

Uzun onilliklər boyu ABŞ avtoritar ölkələrdə «Amerikanın səsi» və s. vasitələrlə radio proqramları yayımlayıb.
Tehranda internet-kafe
Son vaxtlarda isə Vaşinqton Çin kimi ölkələrdə istifadəçilərin anonimliyini təmin edən kompyuter proqramlarının hazırlanmasına böyük diqqət ayırır. Həmin ölkə vətəndaşlarına hökumətin nəzarətindən yan keçməklə yazışma yolları öyrədilir.

«İNTERNET ÇAMADANI»

Lakin Dövlət Departamentinin son təşəbbüsləri kommunikasiyaya tamamilə başqa, yeni bir yanaşmanı nəzərdə tutur. Bunun üçün diplomatlar, hərbi mühəndislər, proqramçılar, hətta 10-dan çox ölkədən olan dissidentlər öz səylərini birləşdiriblər.

Bəzən hətta Dövlət Departamenti öz ölkəsinin senzurasından yan keçməyin yolunu tapmış dissidentlərin təcrübəsindən də faydalanır.

Bəziləri hesab edirlər ki, bu cür yeni üsulların mənfi nəticələri də ola bilər. Məsələn, repressiv hökumətlər «internet çamadanı»nı sərhəddən keçirən şəxsi və ya həmin proqramlardan istifadə edənləri tutub cəzalandıra bilərlər. Lakin başqaları deyirlər ki, bu risk həmin layihələrin potensial faydasından daha azdır.

«Çamadanda internet» layihəsinin rəhbəri Saşa Maynrat (Sascha Meinrath) deyir ki, «biz elə bir infrastruktur yaradacağıq ki, orada bu texnologiyanı söndürmək, ona nəzarət etmək, yaxud onu izləmək qeyri-mümkün olacaq».

TORPAĞA BASDIRILAN MOBİL TELEFONLAR

Şimaldakı koreyalılar cib telefonlarını sərhəddəki təpəliklərdə gizlədirlər
Bu layihələrdən biri «görünməz internet»i, digəri «kölgə mobil telefon sistemi»ni, üçüncüsü isə «geniş diversant fəaliyyəti»ni nəzərdə tutur.

«Görünməz internet» odur ki, ölkədə mərkəzləşmiş internet olmadan ayrı-ayrı kompyuterlər bir-birinin arasında internet şəbəkəsi yarada bilərlər.

«Kölgə mobil telefon sistemi» vaxtilə Əfqanıstanda tətbiq olunub. Taliban rejimi kənardan virtual olaraq müdaxilə etməklə axşam saat 6-dan səhər saat 6-ya qədər mobil telefonları söndürürdü. Bu, adamların hazırlanan terror hücumları haqqında təhlükəsizlik qüvvələrinə məlumat verə bilməməsi üçün idi. Bundan sonra Amerikanın bazalarında qüllələr yaradıldı. Bu qüllələr sayəsində mobil operator şəbəkəsi söndüyü halda belə, mobil telefonların işləməsini təmin edir.

«DİVERSANT FƏALİYYƏTİ»

2009-cu ilin mayında Şimali Koreyada Kim adlı bir şəxs Çinin Şenyan şəhərindəki Amerika konsulluğunun əməkdaşları ilə görüşüb. Kim adamları gizli Şimali Koreyadan başqa ölkələrə çıxarırdı. Konsulluq əməkdaşları ondan soruşublar ki, bu işi görərkən o, sərhədin o tayından bu tayı ilə necə əlaqə saxlayır. Kim çox məlumat verməsə də deyib ki, cib telefonlarını sərhəddəki təpəliklərdə gizlədir. Şimali Koreyadan gələnlər gecə bu telefonları qazıb çıxarır və Çindəki qüllələrin siqnalları sayəsində sərhədin o tayındakılarla danışa bilirlər. Bu üsul amerikalıların diversant fəaliyyəti layihəsinin əsasında durur.