Bankomatdan pulu çıxarıb sayandan sonra başını yavaşca yellədi:
-Maaşa bax də...
Pulun qədəri düz idi: yüz yetmiş manat. O, həmişə pulu sayırdı və heç vaxt da ya az, ya çox olduğunu görməmişdi.
Hər dəfə də öz-özünə fikirləşirdi ki, adam döyül ha, iki-üç manat az versin, sonra da özünü tülkülüyə qoyub, üzünə irişə-irişə “bağışla da, olan işdi, alimin də səhvi olur” desin.
Pulun on manatını ayırıb o biri cibinə qoydu ki, İlham müəllimin borcunu qaytarsın. İki manatı da köhnə pencəyinin (şagirdlər demiş, ölü yerində də onu geyirdi, diri yerində də) döş cibinə qoydu- yolpulu üçün.
Arvadının səhər-səhər yazdığı siyahını çıxarıb oxudu, yazılanlar azından qırx manat tuturdu.
Novruz bayramı üçün qiymətləri qaldırmış satıcıların ünvanına dodaqaltı bir yağlı söyüş göndərib göyə baxdı.Qara buludlar biri-birini qovurdu.
Uzaqda görünən dağlara baxanda isə adamı üşütmə tuturdu.
Dağlar həmənki yerində idi və həmənki kimi səmanı çiyinlərinə qaldırıb dayanmışdılar.
Birdən yadına düşdü ki, kitab mağazasına baş çəkməlidir. Ən çox sevdiyi yazıçının təzə çapdan çıxmış kitabını almaq üçün yeddi manat getməli idi. “Gör o kitabın dalınca neçə dəfə getmişəm ee...
Hər dəfə də sifətinə baxıb qayıtmışam.Satıcı daha məni görəndə gülür” – deyə düşündü və getmədi.
Siyahını bir də çıxardı.Oxuyub qurtardı və o üzə çevirəndə küncdə “qara eynək” yazısını gördü.Oğlunun xəttini tanıdı və qımışdı.İki gün qabaq oğlu onun qulağına pıçıldamışdı:
-Ata, mənə qara eynək alarsan?
-Qara eynəyi neynirsən?-deyə soruşanda oğlu demişdi:
-Muradda var, mən də istəyirəm.
-Kim alıb ona?-deyə soruşandan sonra ürəyində özünə cavab vermişdi:
“Kim alacaq ee... Atası alar da...”
Oğlu da o cavabı vermişdi:
-Qüdrət əmi.
İstəmişdi desin ki, onun pulu var, alıb da.Bu boyda kəndin baş həkimidi.
Hamı onun yanına gedir. Hər yerə əli çatır, hər yerə burnunu soxur.
Mən yazıq maaşla dolanıram. Bir-iki uşaq hazırlayıram, onlar da pulu bir dəfə verəndə üç dəfə vermirlər.
Eynəyi nə ilə alım?Amma demədi və özünü də bir az danladı ki, sənin uşağındı da, sən almayandan sonra kim alacaq?
Uşaq nə başa düşür ki, sən müəllimsən, pulun yoxdu, cibində siçanlar voleybol oynayır.
Və sonra üzündə güclə gülümsəməyəbənzər ifadə yaradıb demişdi:
-Alaram,yaxşı, qoy maaşlar gəlsin,alaram.
Sonra soruşmuşdu:
-Bu martın soyuğunda qara eynəyi neynirsən?
-Taxacam.
-Qara eynəyi gündə taxarlar ee...
-Bə Murad niyə taxır?-oğlu cavab vermişdi və o, cavab tapmayıb başını yelləmişdi, yəni “alaram”.
İndi bəlkə də səbirsizliklə atasının yolunu gözləyirdi...
Səsə diksindi:
-Ay müəllim...
Başını səs gələn tərəfə döndərəndə müəllim yoldaşı Zəfəri gördü. O, maşın yolunun o biri tərəfində maşınların seyrəlməsini gözləyirdi. Zəfər gəlib salam verdi,əl verib görüşəndən sonra soruşdu:
-Hara belə, ay müəllim?
-Maaşı almışam, indi bayram üçün bir yüngülvari bazarlıq eləməyə gedirəm.
-Bazar yanır.-Zəfərin dediyi sözə reaksiya olaraq qeyri-iradi bazar səmtə baxdı və tüstü-zad görməyəndə başa düşdü ki, Zəfər nə deyir.
-Demə daha.Keçən dəfə almanı səksən qəpiyə aldım. İndi deyirlər iki manatdan aşağısı yoxdu.
Zəfər dedi:
-Xaricdən gətirilmiş meyvələrin parıltısı adamın gözünü deşir.Görəsən, öz meyvələrimizə nə gəlib?
-Elə meyvələr var ki, bizdə olmur axı...-dedi.
-Alma da olmur?-Zəfər soruşdu və o dinmədi.
-Bə sən hara gedirsən, uğur olsun?
-Əşi, uğur nə gəzir, aptekə gedirəm.
-Nəcəb?
-Qızın iynə-dərmanını almağa.
-Yenə də xəstədir?
-Hə, heç sağalır ki?Qüdrətin dərmanları bir xeyir eləmədi.Gətirmişəm burdakılar bir çarə eləsinlər.Qüdrətin yazdığı resepti göstərdim həkimə.Dedi ki, bunu yazanın başı batsın.Sonra da soruşdu ki, bunu kim yazıb?Dedim kəndimizin baş həkimi.Adını da soruşdu, dedim Qüdrət.
-Gərək deməzdin.
-Niyə?-Zəfər qaşlarını çatdı.
-İtdi,qurddu,özümüzünküdü də.
-Qoy bilsinlər ki, baş həkimimiz belədi.
Gözlərini sonsuz uzaqlara zilləyib soruşdu:
-Nə vaxt gəlmisən?
-İki gündü.
-Harda qalırsan?
-Bacımgildə.
-Qız da?
-Hə...
-...
-Nolub ki?
-Heç...Heç nə...
Fikirləşdi ki, yəqin bacısının əri halal adamdır.
Zəfər aptekə çatanda ayrıldı. O da sürətini artırıb bazara gəldi.
Bazar yanıb-eləmirdi.Elə bazarlığındaydı.Satıcıların səsindən qulaq tutulurdu.Satanlar alanlardan çox idi.Hamısı da ümidlə müştəri səsləyirdi.
Ağır zənbilləri əlinə götürüb bazardan uzaqlaşmaq istəyəndə yadına düşdü ki, qara eynək almayıb. Və oğlunun qara gözlərini xəyalına gətirdi. Bu qara gözlər hələ sadəcə dünyaya baxırdı.Onlarda dünyaya, insanlara qarşı kin, nifrət yox idi...
Uzunboy oğlandan qara eynək alıb gözünə taxdı.Fikir vermədi ki, uşaq eynəyidir, baxıb gülərlər.Gülsünlər də.Dünya dağılmaz ki...
Bu eynəkdə dünyanın işığı azalmışdı.Səma da, təzə oyanan torpaq da, tumurcuqlamağa başlamış ağaclar da- hər şey qara görünürdü.
Elə bil, dünya qara geyib kiminsə yasını saxlayırdı.
Eynəyi gözündən çıxarıb dünyaya bir də baxdı.Dünyanın rəngi təzədən özünə qayıtmışdı.
Amma...diqqətlə baxanda dünyanın qaraya bürünməsini görürdü. Yox...Dünya kiməsə yas saxlamırdı,özünə, ancaq və ancaq özünə yas saxlayırdı.
Min il, milyon il əvvəlki dünya yanmışdı, yerində qara külü qalmışdı.
Dünyanı qara görmək üçün qara eynək lazım deyildi...
Oğlu yol gözləyirdi.Murada da demişdi ki, atama demişəm, mənə də qara eynək alsın.
Bir cüt qara göz uzanıb itən yollara baxa-baxa qara eynək gözləyirdi.Qara eynək yolda idi.
30 mart-3 aprel 2011