Vaqif Səmədoğlu. Uşaqkən ölənlərin...

Uşaqkən ölənlərin

fotosuna yapışan

qara retuşlu təbəssüm tək

gördüklərim solur,

yox olur.

Gözlərim sanki

bütün köçəri ocaqlarının

tüstüsüylə dolur...

Büdrədir məni

insan yolunun səkisizliyi,

insan ömrünün bəlkəsizliyi.

Titrədir məni

gündüzlərin seyrək yuxusu,

gecələrin aptek qoxusu...

1965