Vaqif Səmədoğlu. Bax bu kitabı da oxuyub...

Bax

bu kitabı da oxuyub

qurtaracağıq.

Biləcəyik

başkəsənin kim olduğunu...

Sonra başımızı

bir yastığa qoyub

yuxuya gedəcəyik.

Ömür sürəcəyik beləcə...

Evimiz bir,

başımız bir yastıqda.

Bir-birimizə yaxın,

bir-birimizdən xəbərsiz...

1968