Vaqif Səmədoğlu. Ölüm ayağında yuyulan günah kimi...

Ölüm ayağında
yuyulan günah kimi
gecikdi, yubandı təbəssümün.
Yaşım ötüb artıq.
Sahilə gələn
qayalara çırpınıb dağılan
dalğalara tay-tuş olmuşam artıq,
Dünyanın bütün yolları
məndən ötrü yoxuşdur daha.
Bilirsənmi.
ən xoş niyyət də
pisliyə dönür əvvəl-axır.
qalib gəlib
hakimiyyət olmuş inqilab kimi.
İndi nəğmə səsindən də
diksinirəm bəzən,
qapı cırıltısına bənzədirəm gecələr
anamın səsini də.
Gecikdi
yaman yubandı təbəssümün...

1983