Vaqif Səmədoğlu. Pis olmazdı yavaş-yavaş...

Pis olmazdı yavaş-yavaş
Əsil şöhrətə gəlmək,
Ölümlə təltif edilib
Yaddan çıxıb dincəlmək...

Dar məzarı istəmirəm,
İstəmirəm kəfəni,
İstəyirəm yazda qar tək
Günəş basdırsın məni...

Kəsilməyir, əbədidir
Bu dünyada son nəfəs.
Nəğməsi birdən kəsilmiş
Xordan qalan tənha səs...

Allah özü dua deyib
Bu gecə baxır yerə,
Məzar üstə güllər kimi
Ulduzlar axır yerə...

1996