İsmayıl Ömərov: «Nağılvari müsabiqə keçirmək istəyirik»

İsmayıl Ömərov

Azərbaycan «Eurovision-2012»yə hazırlaşır.

Bu bəlli olandan xeyli suallar ortaya çıxıb: mahnı müsabiqəsi harada olacaq, nə qədər xərclənəcək?

Bu suallara cavab almaq üçün Təşkilat Komitəsinin üzvü, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla əlaqə saxladıq.

«YENİ, DAHA ƏZƏMƏTLİ, DAHA GÖZƏL ZALIN TİKİNTİSİ TƏBİİDİR»

- İsmayıl müəllim, «Eurovision-2012» harada keçiriləcək? Artıq bununla bağlı qəti qərar varmı?

- Yox, hələ qəti qərar yoxdur. Amma «Eurovision-2012»ni keçirmək üçün bu gün də Bakının yüksək səviyyədə şəraiti var. Ona görə, düşünmürəm ki, bu, böyük müzakirə mövzusu olmalıdır. İmkanlarımız var. Sadəcə, biz Avropa Yayımlar Birliyi ilə bütün məsələləri məsləhətləşmədən onun harada, necə keçirilməsi ilə bağlı fikir söyləyə bilmərik. Biz hələ ilkin mərhələdəyik. Avqustun 1-dək müqavilə üzərində iş gedəcək. O müqavilədə tərəflərin hüquq və vəzifələri, görəcəyi işlər tam aydınlığı ilə əksini tapacaq. Yəni, bilinəcək ki, hansı ayda, hansı mərhələdə kim hansı işi görəcək. Bundan sonra demək olar ki, müsabiqə harada keçiriləcək, yer necə olacaq.

- Müsabiqə üçün Bayraq Meydanının yaxınlığında yeni bina tikilə bilərmi? Artıq sakinlərin ordan köçürülməsi haqda məlumatlar var.

- «Eurovision»un qaydalarında elə müddəa yoxdur ki, zal 5 minlik ya da 50 minlik olsun. Biz 2008-ci ildə Tbilisi prospektindəki Heydər Əliyev adına Konsert Zalında seçim turu keçirdik. Orda 8 minə qədər tamaşaçı yerləşdirmək olar, lazım olsa, əlavə min nəfər də yerləşdirmək olar. Yəni, bizim indi yetərincə yerimiz var. Amma yeni, daha əzəmətli, daha gözəl, daha böyük auditoriyaya hesablanmış zalın tikintisi təbiidir. Biz əlbəttə, çox fərqli müsabiqə keçirmək istəyirik. Füsunkarlığı, əzəməti ilə seçilən nağılvari müsabiqə. Bunun üçün yeni yer də inşa oluna bilər.
«Bakı qonaqları yerləşdirməyə qadirdir»
Amma bütün bunları indidən desəm, fərziyyə kimi səslənəcək. Bir ay sonra daha konkret danışa bilərik.

«VİZA REJİMİ SADƏLƏŞƏCƏK»

- Azərbaycan bu müsabiqədə birincilik qazanan kimi dərhal suallar səsləndi: Azərbaycan ev sahibliyi etməyə hazırdırmı? Yetərincə mehmanxana varmı, turistlərə təminat veriləcəkmi?

- Belə fikirlərin əsası yoxdur. Otellərimiz də, motellərimiz də çatacaq. Şəhər kənarında böyük, müasir tələblərə cavab verən pansionatlarımız var. Bizdə hələ indiyədək belə möhtəşəm tədbir olmayıb. Fərdi evlərdə də qonaqlar qarşılana bilər. Bu, dünyada qəbul olunmuş normadır. Bakı qonaqları yerləşdirməyə qadirdir.

- Siz Avropa Yayımlar Birliyində olarkən viza məsələsi də müzakirə edilib. Viza qaydaları müvəqqəti olaraq yumşaldıla bilərmi?

- Əlbəttə yumşaldıla bilər. Bütün bu məsələlər cənab prezidentin yanında müzakirə olunub. Viza rejimi sadələşəcək. Turistlərin gəlməsinə əngəl olmayacaq. Viza məsələsində turistlər heç bir qayğı, problemlə üzləşməyəcəklər.

«BU, DÖVLƏT TƏMİNATIDIR»

- Avropa Yayımlar Birliyi həm də turistlərin təhlükəsizliyinə zəmanət istəyib. Bu arada Bakıda iki əcnəbi – jurnalist və hüquq müdafiəçisi döyüldü. Bir çoxlarına görə, müsabiqə ərəfəsində belə hadisə ölkənin imicinə xələl gətirə bilər.

Moskvada milis «Eurovision» müsabiqəsinin keşiyində, 12 may 2009
- Hələlik bir il var. Mahnı müsabiqəsi yaxınlaşdıqca bütün məsələlərdə köklü irəliləyişlər olacaq: həm təhlükəsizlik, həm viza məsələlərində, həm turistlərin yerləşdirilməsində ciddi addımlar atılacaq. Bilmədiyim fərdi məsələyə şərh vermək istəməzdim. Amma bütün turistlərin, jurnalistlərin, yazarların təhlükəsizliyinə təminat verilir. Bu, dövlət təminatıdır. Burda mübahisə, şübhə ola bilməz.

«BU İNAMDAN SUİ-İSTİFADƏ ETMƏYƏCƏYİK»

- Siz dediyiniz kimi, nağılvari şou keçirmək üçün mütəxəssislər Avropadanmı dəvət olunacaq?

- Əlbəttə. Açığı deyim. Bizdə möhtəşəm şoular keçirməyə hazır, böyük təcrübəsi olan yaradıcı heyətlər azdır. Mən televiziya sahəsini deyirəm. Həmin şouda ən az 25 kamera işləyir. Dünyada həmin kameranı anındaca idarə edən, qüsursuz rejissor-operator heyəti çox az heyət var. Biz onları dəvət edəcəyik. Bir də, bu tək bizim istəyimizlə bağlı deyil. «Eurovision» AYB-nin brendi, əqli mülkiyyətidir. Onun şöhrətinin azalmaması, keyfiyyətinin aşağı düşməməsi üçün qurum ev sahibindən çox narahat olur. Öz təklifini, köməyini təklif edir. Biz də bundan yararlanacağıq.

- Yəni deyirsiz ki, AYB müsabiqənin burda keçirilməsindən peşman olmayacaq?

- Məncə, həmkarlarımız Azərbaycandakı şoudan məmnun qalacaqlar. Onlar bizə çox inanır. Biz də bu inamdan sui-istifadə etməyəcəyik. Bu teleşoudur. Təkcə binanın əzəməti, turistlərin sayı ilə iş bitmir. Televiziya şousunun ssenarisi gözəl olmalıdır. Biz hər şeydən əvvəl ssenari üzərində çox ciddi işləyəcəyik.

- Azərbaycan bu müsabiqəyə nə qədər vəsait xərcləyəcək?

- Bir neçə ay sonra deyərik xərcimiz nədir.