«Dedilər burdan prezident keçəcək, ev sökülməlidir»

Arxiv foto

«AXŞAM GƏLDİLƏR DEDİLƏR, YIĞIŞ, SƏHƏR EVİN SÖKÜLƏCƏK»

Bakının Akademik Həsən Əliyev küçəsindəki 127 saylı evin 38-ci mənzilinin sahibi olan Məcid Yusifov «Qaynar xətt»ə şəxsi mülkiyyətində olan evinin qanunsuz söküldüyünü deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Nərimanov rayon icra hakimiyyətinin işçiləri qəflətən onun yaşadığı evə gələrək əşyalarını yığışdırmağı tapşırıblar və deyiblər ki, sabah səhər ev söküləcək. Növbəti gün səhər Məcid Yusifovun yaşadığı evin qaşısına ağır texnika gətirilib və söküntü işlərinə başlanılıb:

- 23 ildən artıqdır ki, bu evdə yaşayırıq. Əvvəl evimin sahəsi 17 kv.m idi. 2003-cü ildə məhkəmənin qərarı ilə 41 kv.m əlavə tikintiyə icazə verilib. Evin 38 kv.m sahəsi olan zirzəmisinə görə isə mənimlə 2019-cu ilədək mənimlə müqavilə bağlanıb və buna görə pul ödəmişəm. İyulun 21-də axşam Nərimanov rayon İcra Hakimiyyətindən bir nəfər gəldi, dedi, evin səhər saat 10-da söküləcək. Əşyalarını indidən yığışdır.

- Buna qədər sizə xəbərdarlıq olunmuşdu?

- Bircə dəfə də xəbərdarlıq olunmamışdı. Bundan başqa, mənim evimin artırması qanunidir və əgər sökülürdüsə də, məhkəmə qərarı ilə sökülməli idi. Mənə dəymiş zərəri hesablamayıblar, kompensasiya ödəməyiblər. Evin artırılmış hissəsini söküblər, təkcə sahəsi17 kv.m olan 1 otağı saxlayıblar. Evin tikilməsinə, təmirinə, zirzəminin, qarajın təmirinə, bu boyda mülkün sənədləşdirilməsinə 200 min manata qədər xərc çəkmişəm. Mənim pulumu kim ödəyəcək. Bir az da danışanda, deyirlər çox danışırsan, sənə heç nə verməyəcəyik. Biz dərdimizi kimə deyək? Bir günün içində həmin evdə yaşayan oğlumun ailəsini töküblər çölə, bu ailə hara getməlidir?

«HÖKUMƏTLƏ HÖKUMƏTLİK ETMƏK FİKRİM YOXDUR, AMMA….»

- Evin artırmasını niyə söküblər? Sizə nə səbəb göstərdilər?

- İcra Hakimiyyətindən dedilər ki, prezident buralardan keçəcək, burda binaları üzləyirlər, sənin evin də sökülməlidir. Mənim hökumətlə hökumətlik etmək fikrim yoxdur, sökür, əcəb eləyir, ancaq bu o demək deyil ki, mənim mülkiyyət hüquqlarımı pozmalıdılar. Gətirsinlər dəymiş zərəri ödəsinlər. Gətirib mənə bir kağız veriblər ki, sakit ol, sənə birotaqlı ev verəcəyik. Neynirəm onların mənə verəcəkləri birotaqlı evi. O evin uzaqbaşı 30-40 min manatq qiyməti olacaq, mənə dəyən zərərsə 200 min manat civarındadır. Özüm YAP üzvüyəm, Qarabağ veteranıyam, uzun illər dövlət işində işləmişəm, dövlət belə qayğı göstərir mənə? Mənim illərlə yığdığım pulları bir gündə darmadağın etdilər. Mən təzədən o pulları necə qazanmalıyam ki, ev tikim?

İCRA HAKİMİYYƏTİ DEYİR Kİ…

Nərimanov rayon İcra hakimiyyətindən AzadlıqRadiosuna dedilər ki, Bakı şəhərinin baş planına uyğun olaraq Koroğlu rəhimov küçəsindin yenidən qurulması ilə əlaqədar akademik Həsən Əliyev küçəsi 102, 109, Koroğlu Rəhimov küçəsi 3, 13, Əbdürrəhmanov küçəsi 136 bə Fətəlixanxoyski prospekti 93 saylı yaşayış binalarının, həmçinin həmin ərazidə yerləşən qeyri yaşayış tikililərinin sökülməsi ilə əlaqədar həmin binada yaşayan sakinlərin köçürülməsi üçün Heydər Əliyev prospekti 62 və Orucəliyev küçəsi 22 və 24 saylı ünvanlarda yerləşən birmərtəbəli evlərin yerində 5 mərtəbəli yaşayış binası inşa edilməlidir. Ona görə də inşa ediləcək binada evləri köçürülən sakinlərə evlərinin müqabilində mənzillər və qeyri yaşayış sahələri üçün isə 1 mərtəbədə qeyri yaşayış sahəsi ilə təmin olunurlar. «Araz – 2011» məhdud məsuliyyətli cəmiyyəti mənzili sökülən Məcid Yusifovla da iyunun 28-də müqavilə bağlayıb. O, Orucəliyev küçəsi 22-də tikilməsi nəzərdə tutulan 5 mərtəbəli binada 1 otaqlı mənzillə təmin olunacaq.

Əvvəlcə evin artırmasını və zirzəmini boşlatdıran Nərimanov rayon İcra Hakimiyyətinin işçiləri indi Məcid Yusifovdan qarajı da boşaltmasını tələb edir. Məcid Yusifov deyir ki, qarajı 35 min manata alıb və sənədlə ona məxsusdur. Ancaq onu da əlindən alırlar. Məcid Yusifov ya əlindən alınmış mülkünün qaytarılmasını, ya da dəymiş zərərin kompensasiyasını tələb edir.