Əli Kərim. Bakı küləyi

Demirəm hər zaman gəz bu diyarı.
Sındır budaqları, əy budaqları.

Bəzən də sakit əs, su kimi durul,
Gəlib dalğa-dalğa tökül qoynuma.
Gah da mənə çatıb havada burul.
Burula-burula dolan boynuma.

Amma ürəyimdə bir sözüm də var,
Sən ey soyuq xəzri, isti giləvar!
Gəlsə yuxu kimi bu həyat sənə
Min bir mübarizə xatırlat mənə.

O güclü dalğalar. o gur dalğalar
Qəfil yerimdən də qoparsın məni.
Gurlasın o ki var, coşsun o ki var,
Yüyürdə-yüyürdə aparsın məni.

Gurla var gücünlə, gurla, ey külək,
Saçımı da dağıt, sinəmdən də bas!
Mən də cavab verdim, mənə qulaq as:
Gəl bir də toqquşub döş-döşə gələk!

Görsən tyfansızam, görsən rahatam,
Qoyma xumarlanıb evdə də yatam.
Ey Bakı küləyi, səhərə kimi
Sındır pəncərəmi, döy pəncərəmi!..

1954