Kürün bir kilometliyində su dərdi çəkən Neftçala

Azerbaijan. Neftchala. Water and Canal problem

Kür çayının bir kilometrliyində yaşayasan, amma suyu pulla alasan? Neftçala şəhərinin sakinləri bu sualı hələ də çözə bilməyiblər. Şəhərin mərkəzi yaşıllıqlarla dolu olsa da, nisbətən kənarda əhalinin məhsulu quruyur, torpağı cadar-cadar olur.

Neftçala sakini Gülmirzə Əliyevlə elə mərkəzdəki dükanın qarşısında tanış olduq. O, bizə şəhəri göstərir və özünün dediyi kimi aktual problemlərindən danışır. Deyir ki, bu şəhərdə suyun daimi gəldiyi yalnız bir yer var: «Heydər parkına hökmən su gəlməlidir. Özləri deyir ki, ora su gəlməsə, bizim atamızı ağaca dırmaşdırarlar. Rayonun heç bir yerinə su gəlməsə də, ora gəlməlidir».

HEYVA AĞACI DA QURUYUB

Susuzluqdan can verən əkinlərini görmək üçün Gülmirzə dayıgilin həyətinə baş çəkdik: «Heyva ağacı elə bir ağacdır ki, susuzluqdan nadir halda yanır, bizim həyətdə heyva da quruyub».
Neüftçalada üstü açıq kanalizasiya xətti

Neftçala sakinlərindən hal-əhval tutub öyrəndik ki, elə ailə var ayda suya 20 manatdan çox pul verir. Bir maşın su yeddi manatdır:

- Su xətti çox aralıdadır. Suyumuz yoxdu, pulla gətizdiririk.

- Hazırda bir kilometrlikdən axır Kür, amma biz su sarıdan korluq çəkirik. Həyətdə əkdiyimiz ağaclar da əmələ gəlmir, yanır.

-Su maşınını görürsən? Bax, getdi. Su maşını əl çəkmir burdan. Həyətdə pomidor, xiyar hamısı yanıb.

ÇİRKAB SUYUN İÇİNDƏ

Neftçalanın bir hissəsində insanlar susuzluqla, digər hissədə isə sudan necə qurtulmaqla mübarizə aparırlar. İkincilərin dad etdiyi şəhərin çirkli sularıdır.

Neftçala sakinləri
50-ci illərdən qalma kanalizasiya sistemini dəyişmək üçün icra hakimiyyəti qazıntı işlərinə başlayıb. Amma sakinlər buna etiraz edir. Deyirlər ki, bu işlərə başlar-başlamaz kanalizasiyaları daşır:

- Hamısı kanalizasiya suyudur, xəstəlikdir, qurd-quş. Belə murdarçılıq olmaz, yerin yiyəsi yoxdur. 10-15 gün olar qazıblar, elə də qalıb.

- Sən buranı çək, camaatı insan saymırlar. Bizə Neftçalanın pulun yemək lazım deyil. Aparsın yesin, halal xoşu olsun. Ancaq bu kanala dəyməyəydi gərək. Katib gətirib bura iki yarımlıq «turba» atdı ki, kanalizasiya çəkdirəcəm. Özü də getdi gizləndi, indi də deyir ki, gedin cəhənnəm olun!

«QLOBAL İŞLƏR GÖRÜLÜR»

Söhbətin qızğın vaxtında bizə rəsmi geyimdə bir neçə adam yaxınlaşır. Məlum olur ki, şəhər icra hakimiyyətinin nümayəndələridir. Onların gəlməyi camaatı lap özündən çıxarır:
Neftçala şəhər inzibati ərazi nümayəndəsi Nizami Manafov

Sakin – Bu bir ayda belə oldu.
İcra nümayəndəsi (İN) – görülən işə niyə kölgə salırsız ?
Sakin – Vallah, o yaxşı idi.
İN – İndi iş gedir də.
S – Hanı iş gedir? Harda görülüb, yarımçıq qalıb.
S – Sən əgər mənim problemimi həll edə bilmirsənsə, bura niyə gəlmisən?
İN- indi sən məsələ həll etməyə gəlmisən bura?
S – Yox, dərdimi çəkdirməyə, sözümü deməyə gəlmişəm !

Sonra icra nümayəndəsi üzünü bizə tutur:

- Çirkab sular açıq kanalizasiya sistemi ilə axıdılırdı. Bunu axıra qədər gedin, görün nə qlobal işlər görülüb.

GƏLƏN YANVARACAN DA DÖZMƏLİ?

Kanalizasiyalar üçün yerə uzadılmış borulara nəzər salaq. Paslı, çürük, bol deşikli.

«Təmir üçün bu borulardan istifadə olunacaqmı?» sualına Neftçala şəhər inzibati ərazi nümayəndəsi Nizami Manafov belə cavab verir:

- Dedik ki, heç olmasa müvəqqəti istifadə edək də, vəziyyətdən çıxaq. Sağ olsunlar, bizim səsimizi eşitdilər, polietilen «turba» verdilər.
Kanalzasiya xəttləri

-Nə vaxt gələcək o borular?

- Bu gün axşama gəlməlidir.

İcra nümayəndələri Neftçala sakinlərinin hər il apreldən payıza kimi çəkən susuzluq probleminin 2012-ci ilin yanvarına kimi həll ediləcəyini deyir. Neftçala şəhər inzibati ərazi nümayəndəsi Nizami Manafov bildirir ki, bunun üçün su tutumu 12 min kubmetr olan anbar təmizlənir və o, təmizlənəndən sonra su ehtiyatı təmin olunacaq və yeni xətlər çəkiləcək.