Azərbaycan Türkiyənin «Nabucco» addımları barədə

«Nabucco» xəritəsi

«Bakı Ankarada «Nabucco» layihəsinə dair imzalanmış sazişin surətini ala bilməyib və Türkiyənin bu layihəyə münasibətinə dair suallar yaranıb».

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Türkiyənin «Hürriyet Daily News» qəzetinə deyib ki, «Layihəyə dəstək sazişi»nin surətini onlara göndərməyiblər:

«Biz bunun üçün xahiş edən də deyilik, çünki bununla üç layihənin – «Nabucco», TAP (Transatlantik boru xətti) və ITGI (Türkiyə - İtaliya-Yunanıstan) layihələrinin bərabərliyi prinsipini pozmuş olarıq».

«Nabucco»ya dair saziş iyunun 8-də beş tranzit ölkə - Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə tərəfindən imzalanıb. Azərbaycan həmin mərasimdə iştirak etməyib.

E.Nəsirov xatırladıb ki, Azərbaycan və Türkiyə ikitərəfli tranzit sazişinə hələ imza atmayıblar:

«Aprel-may aylarında bu sazişin imzalanmasına çox yaxın idik. Amma müəyyən xırda və mühüm amillər bu saziş üzərində işi yekunlaşdırmağa imkan vermədi».

«Belə başa düşürük ki, bu saziş «Nabucco»nun reallaşması və inkişafını dəstəkləyir. Ancaq sizdən soruşmaq istəyirəm - «Layihəyə dəstək sazişi»nin imzalanması o deməkdirmi ki, Türkiyə Azərbaycandan qaz tranzitinə başlayır? Elədirsə, niyə ikitərəfli tranzit sazişini imzalayıb o biri iki layihəni də işə salmırıq?
Budapeştdə «Nabucco» sammiti, 27 yanvar 2009
Tranzit sazişi imzalanmayıbsa, demək, Türkiyə hələlik «Nabucco»ya sanksiya verməyib?» - deyə ARDNŞ rəsmisi sual edir.

E.Nəsirov onu da deyib ki, TAP və ITGI layihələrinin icrası Azərbaycan-Türkiyə tranzit sazişindən asılıdır.

SƏRMAYƏ PROBLEMLƏRİ

ARDNŞ rəsmisi əlavə edib ki, «Nabucco» üçün sərmayə problemləri də var:

«Azərbaycan dəfələrlə sərmayə təklifləri üçün Avropa ölkələrinə müraciət edib. Lakin indiyə kimi Avropadan bir cavab almamışıq».

«Şahdəniz-2» layihəsinə toxunan E.Nəsirov deyib ki, bu layihəyə 20-22 mlrd. dollara yaxın vəsait qoyulmalıdır:

«Şahdəniz layihəsinin kommersiya baxımından nə dərəcədə rentabelli olmasını aydınlaşdırmaq üçün Azərbaycan xaricindəki bazarlarda qazın satış və nəql qiymətini dəqiq hesablamalıyıq».

E.Nəsirov onu bildirib ki, Azərbaycan bir alıcıdan asılı olmaq istəmir:

«Rusiya bizim təbii qazı bütünlüklə almaq istəyir. Amma biz bir alıcıdan asılı olmaq istəmirik. Biz qazımızın bir çox alıcısının olmasını istəyirik. Qazımızı həm Avropa İttifaqına, həm İrana, həm də Rusiyaya satırıq».