Ermənistanda tələbələrin iş problemi

Arxiv foto

Ermənistanda tələbələrin çoxu universiteti bitirib, diplomlu mütəxəssislər olana, iş tapana kimi yay aylarında diplom tələb olunmayan və tamamilə fərqli ixtisaslar üzrə iş tapırlar. Xidmət sahəsində hər zaman gənclərə, işə tez uyğunlaşan, xarici dillər bilən kadrlara ehtiyac var. Yeganə problem odur ki, kimisə 3 ay müddətinə işə götürmək çox zaman sahibkarların ürəyincə olmur. Bu barədə Qayane danışır:

«Ümumiyyətlə tələbə üçün iş tapmaq bir qədər çətin məsələdir, çünki sahibkarlar daimi işçi axtarırlar. Təcrübəsiz adamı 3 aylıq işə almağa maraqlı deyillər. Məndə elə alındı ki, bir neçə yerə ərizə verəndən sonra onların birindən iş təklifi oldu. İstənilən tələbə işləmək və pul qazanmaq istəyir».

Lusine isə ilk əmək haqqını ofisiant işləyərkən aldığını deyir:

«İlk işim ofisiantlıq olub. Bu işi tapmaq çətin deyil, sadəcə mən ödənişsiz təhsil üçün də mübarizə aparırdım. Bu il çox çətin keçdi, çünki gündüzlər bütün günü işləyir, gecələr isə imtahanlara hazırlaşırdım. Çox çətin olsa da, mən başımı uca tutub gəzirdim və yaxşı tələbə olmağımla, işləyib, valideynlərimə arxalanmadan öz təhsil haqqımı ödəyə bildiyim üçün fəxr edirdim».

GƏNCLƏRƏ TƏLƏB BÖYÜKDÜR

Yerevanın mərkəzindəki kafelərdən birinin müdiri Ayk Manukyan deyir ki, yay vaxtı fəallaşan kafe biznesinə xoş və tərbiyəli gənclərə tələb böyükdür. Onlar bir neçə aylıq işə məhz gəncləri götürür. Onun sözlərinə görə, Yerevan kafelərində gələcək mühəndislərə, proqramçı və tərcüməçilərə tez-tez rast gəlmək olar:

Ermənistan. Tələbələr
«Tələbələr bizə 3 aylıq iş üçün müraciət edirlər, biz də məmnuniyyətlə onları qəbul edirik. Çünki kafe böyükdür, təxminən 30-35 ofisiant xidmət göstərir, işçiyə hər zaman ehtiyac var. Tələbələrin dərslərə getdiyini nəzərə alaraq onlarla avqustun sonunacan müqavilə bağlayırıq. Bir neçə məqamı nəzərə alırıq: müştərilərlə ünsiyyət, xarici dilləri bilmə bacarığı. Bizim üçün bunlar ancaq müsbətdir. Qız-oğlan fərq etməz. Düzdür, bizə qızlarla müqayisədə daha çox oğlanlar müraciət edirlər. Bu cür narahat iş daha çox oğlanlara uyğun işdir».

«Dövlət məşğulluq xidməti» agentliyinin əməkdaşı Anait Parsadanyan deyir ki, bu il onların yardımı ilə 5641 nəfər işə düzəlib. İşə düzəltmə də mövsümidir. Yay gələn kimi xidmət sahəsində boş iş yerlərinin və iş axtaranların sayı artır:

«Hazırda xidmət sahəsində ekspeditor, ofisiant, satıcı vəzifələrinə boş yerlər var».

«ALİ TƏHSİLLİLƏR İŞSİZLƏRİN ARASINDA 15 FAİZ TƏŞKİL EDİR»

Statistikaya görə, işə düzəltmə agentliklərinə müraciət edənlərin əksəriyyəti orta təhsillilər və sənətkarlardır. Ali təhsillilər isə bunun cəmi 1/6 hissəsini təşkil edir. Səbəb isə odur ki, ali təhsillilər əsasən işlə təmin olunublar:

«Ali təhsillilər işsizlərin arasında 15 faiz təşkil edir. İşsizlərin 22 faizi orta təhsilli, 7 faizi isə sənətkarlardır».

Öz ixtisası üzrə iş tapa bilənlər əmək haqqından əlavə, həmin sahə üzrə təcrübə də qazanır. Bu baxımdan daha çox turizm sahəsinin mütəxəssislərinin bəxti gətirib, turizm mövsümü girən kimi agentliyə, turizm şirkətlərinə işə düzəlirlər:

«Oteldə inzibatçı işlədiyim zaman turistlər yaxınlaşır və hər hansı turizm şirkətinin əlaqə telefonlarını istəyir, bələdçi axtardıqlarını deyirdilər. Belə olan halda daha münasib qiymətə onlara bələdçilik xidmətimi təklif edirdim. Onları maraqlı, görməli yerlərə aparırdım, Qarni, Qexard, və başqa yerlər... Bu yolla təhsil haqqımı toplaya bilirdim».

Xidmət sahəsində çalışan tələbələr ay ərzində 150-300 dollar əmək haqqı alırlar. Məhz bu qədər pulu gələcəyin tanınmış memarları, rəssam, o cümlədən siyasətçiləri ofisiant işləyərək qazanır.