Ayaz Mütəllibov Heydər Əliyev haqqında

Ayaz Mütəllibov (ortada) oölunun yas mərasimində.

“Mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub”.

Bu sözləri APA informasiya agentliyinə açıqlamasında keçmiş prezident Ayaz Mütəllibov deyib.

O, qeyd edib ki, oğlu Azadın vəfatı ilə əlaqədar Bakıya döndükdən sonra prezident Heydər Əliyevin və həyat yoldaşı Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib: “Oğlum Azadın vəfatı ilə ailəmizdə baş vermiş faciə ilə əlaqədar Bakıya döndükdən sonra təbii ki, mən, ümummilli lider Heydər Əliyevin və onun xanımı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etməyə bilməzdim.

Onun mücəssəməsi qarşısında durduqda bir an ərzində, Heydər Əliyev rəhbərliyi altında istehsalat birliyinin baş direktoru vəzifəsindən, nazir, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSRİ Ali Sovetinin deputatınadək keçdiyim yol gözümün qarşısında canlandı.

Bütün vəzifələrdə ulu öndərin mənə göstərdiyi etimadı doğrultmaq üçün bütün gücüm və savadımla çalışırdım. Çünki Heydər Əliyev bütün Sovet İttifaqında durğunluq illəri olmasına baxmayaraq, Azərbaycanı inkişaf etdirir və ölkənin xoşbəxt gələcəyini görürdü. Elə buna görədir ki, Azərbaycan müstəqil olduqdan sonra böyük iqtisadi çətinliklər çəkmədi.

Azərbaycanın bu gününü görərkən isə hər bir kəs dərk edir ki, ümummilli liderin işi etibarlı əllərdədir və Azərbaycan inkişaf edir, irəliləyir”.

Ayaz Mütəllibov 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edib. Ölkənin ilk prezidenti olub. 1992-ci ildən Moskvada mühacirət həyatı yaşayırdı. 1993-95-ci illərdə Ayaz Mütəllibov barəsində cinayət işi açılıb və barəsində axtarış elan edilib. Avqustun 8-də oğlunun vəfatı ilə ilə əlaqədar Bakıya qayıdıb. Rəsmilər Prezident İlham Əliyevin ona oğlunun dəfnində iştirak etmək üçün şərait yaratdığını, həbsi haqqında qərarın icrasının təxirə salındığını bildirirlər.


Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev bildirir ki, Ayaz Mütəllibov Azərbaycan Respublikasının ərazisinə qayıdış şəhadətnaməsi ilə dönüb. Bu isə o deməkdir ki, indi Azərbaycan hüquq-mühafizə orqanları onu şəxsiyyət vəsiqəsi ilə təmin edəcək:

- Çünki o, qayıdış şəhadətnaməsi ilə təzədən Moskvaya gedə bilməz, qayıdış şəhadətnaməsi bir dəfə istifadə etmək üçündür. Ayaz Mütəllibov yenidən Rusiyaya getmək istərsə, mütləq Azərbaycanın şəxsiyyət vəsiqəsini alacaq, sonra Azərbaycan Respublikası vətəndaşının pasportunu alacaq. Azərbaycan hökuməti ona problemlər yaratmaq istəsə, onun buranı tərk etmək imkanları məhduddur, ümumiyyətlə, yoxdur.

Başqa bir problem ondadır ki, barəsində axtarış elan edilmiş şəxslərə nə şəxsiyyət vəsiqəsi, nə də pasport verilmir. Belə olan halda, Ayaz Mütəllibov Azərbaycanda girov kimi yaşamaqda davam edəcək”.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib ki, Ayaz Mütəllibovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb.

Əlövsət Əliyev: “Həbsdə olan şəxslərin yaxınları vəfat etdikdə, onlara icazə verilir ki, o mərasimdə iştirak etsinlər. Amma axtarışda olan şəxslər üçün bu qanunun tətbiq olunması ilk dəfədir”.