Məşhur yazıçılar nə oxuyur? Kimdən təsirlənib?

Gabriel Jose Garcia Marquez

Amerikada çap edilən "Paris Review" ədəbi jurnalının materialları əsasında.


Qariel Qarsia Markeslə müsahibədən

(Paris review, 1981)

Nobel mükafatlı Kolumbiya yazıçı Qabriel Qarsia Markesin ən sevimli kitablarından biri də dahi ingilis yazıçısı Daniel Defonun "The Journal of the Plague Year" ("Taun ilinin gündəliyi") romanıdır.

Markes deyir ki, "Yüz ilin tənhalığı"nı yazarkən orta əsrlər Avropasında baş vermiş taun epidemiyaları haqda çox oxuyub.

Belə əsərlərdən biri də Defonun 1665-ci ildə baş vermiş və London əhalisinin 20 faizini qırmış taun haqda romanı olub.

...- Sevimli romanlarınızla yanaşı bu gün nə oxuyursunuz?

- Ən ilginc şeylər. Bu yaxınlarda Məhəmməd Əlinin memuarlarını oxudum.

Məsələn, Bram Stoker-in "Dracula"sı əla kitabdır. Yəqin ki lap əvvəllər əlimə keçsəydi, onu oxumaz, vaxt itkisi sayardım. Əgər inandığım adamlar tövsiyə etməsə, hansısa kitabı oxumaram.

Mən daha roman oxumuram. Çoxlu memuarlar və sənədli əsərlər oxuyuram. Hətta həmin sənədlər saxta olsa da.

Bir də sevimli əsərlərimi yenidən oxuyuram. Bunun üstünlüyü ondadır ki, sən istədiyin səhifəni açıb ən çox xoşuna gələn hissəni təkrar oxuya bilərsən.

Mən yalnız "ədəbiyyat" oxumaq kimi müqəddəs anlayışdan imtina etmişəm.

Hər şey oxuyuram. Müasir həyatın nəbzini tutmağa çalışıram. Dünyanın dörd bir yanında çap edilən ən mühüm jurnalları hər həftə oxumağa çalışıram.


Ernest Hemingway

Məndə Teletayp maşınlarını izləmək kimi vərdiş yaranandan bəri həmişə yeni xəbərlər gözləyirəm.

Amma bir də gördün ki, dünyanın dörd bir yanında çap edilən bütün ciddi və mühüm qəzetləri oxuyub qurtarandan sonra həyat yoldaşım gəldi və mənə eşitmədiyim bir xəbər dedi. Mən soruşanda ki həmin xəbəri hardan oxuyub, deyir ki, gözəllik salonunda oxuduğu jurnaldan.

Buna görə də mən moda jurnalları, hər növ qadın dərgiləri və dedi-qodu jurnalları da oxuyuram. Onlardan çox şey öyrənirəm.

Elə şeylər ki, yalnız onları oxumaqla öyrənə bilərdim.


Ernest Heminqueylə müsahibədən

(Paris review, 1958)

- Kimi öz sələfiniz sayırsınız, kimdən daha çox şey öyrənmisiniz?

- Mark Tven, Flober, Stendal, Bax, Turgenev, Tolstoy, Dostoyevski, Çexov, Endryu Marvell, John Donne, Mopassan, Kipling-in yaxşı əsərləri, Thoreau, Captain Marryat, Şekspir, Motsart, Quevedo, Dante, Virgil, Tintoretto, Hieronymus Bosch, Brueghel, Patinir, Goya, Giotto, Cézanne, Van Qoq, Gauguin, San Juan de la Cruz, Góngora - hamısını xatırlamaq bir gün çəkər.

Həm də elə çıxar ki. mən həyat və yaradıcılığıma təsiri olmuş şəxsləri xatırlamaq əvəzinə sahib olmadığım geniş erudisiyaya iddia edirəm. Bu. köhnə axmaq sual deyil.

Bu çox yaxşı, eyni zamanda da vicdan sınağı tələb edən ciddi bir sualdır. Mən rəssamların da adını çəkdim. yaxud onların adıyla başladım, çünki yazmağı yazıçılar qədər rəssamlardan da öyrənmişəm.


Ray Bradbury

Soruşacaqsız ki, bu necə olub? Bir gün də bunu izah etməyimə gedər.

Məsələn, əgər mən düşünsəm ki, kimsə bəstəkardan və harmoniya fənnindən nə öyrənə bilər, onda sualın cavabı aydın olar.


Rey Brederi ilə müsahibədən

(Paris review, 2010)

- Elmi-fantastika janrında yazan müasirlərinizi oxuyursunuzmu?

- Mən həmişə düşünmüşəm ki, əgər sən bir janrda yazırsansa, həmin janrın yazıçılarını çox az oxumalısan.

Amma başlanğıcda kimin nə yazdığını bilmək yaxşıdır. 17 yaşım olanda mən Robert Heinlein və Arthur Clarke-ın bütün yazdıqlarını, Theodore Sturgeon və Van Vogt-un erkən dövr yaradıcılığını —ümumiyyətlə "Astounding Science Fiction" jurnalında çap edilən bütün yazarları oxuyurdum.

Amma elmi-fantastika janrında yazan yazıçılardan mənə ən çox H. G. Wells və Jül Vernin təsiri oldu.

Mən anladım ki, Vernə çox bənzəyirəm. O, mənəvi dəyərlərə tapınmış bir yazıçıdır, bəşəriyyətə yol göstərəndir.

Vern inanır ki. bəşər övladı bu qəribə dünyada qəribə bir durumdadır və biz yalnız mənəvi dəyərlərə sarıldığımız halda qələbələr qazana bilərik.

Onun qəhrəmanı Nemo - o, Melville-in qəzəbli qəhrəmanı Ahabla təzad təşkil edir - dünyanı gəzib silahları yığır və insanları sülhə kökləyir.

- Bəs sizdən yaşca kiçik yazıçıları necə, oxuyursunuzmu?

- Mən öz sahəmdəki yaşca kiçik yazıçıları oxumamağa üstünlük verirəm. Məsələn, onların da sənin kimi eyni ideya üzərində işlədiyini görüb ruhdan düşə bilərsən.

İstədiyim odur ki, sədəcə başladığım işə davam edim.


Con İrvinq ilə müsahibədən

(Paris review, 1986)

- Öz müasirlərinizi oxuyursunuzmu? Yaxşı oxucu sayıla bilərsinizmi?

- Əlbəttə öz müasirlərimi oxuyuram. Yaxud oxumağa başlayıram. Mənim sevimli yazıçılarım arasında Kurt Vonnegut da var.


Con Irvinq

O, Mark Tvendən bəri ən orijinal Amerika yazıçısı, Çarlz Dikkensdən bəri ingiliscə yazan ən humanist yazıçıdır.

Və əlbəttə ki Günter Qrass. John Cheever-in yaradıcılığını da sevirəm.

O yazdığı sahəni yaxşı bilir. Onun əsərlərində şər və ədalət daim bir-birilə savaşdadır.

Bu məqam çox xoşuma gəlir. Heyranı olduğum bütün yazarlarla dostluğuma yüksək dəyər verirəm: Joseph Heller, Gail Godwin, John Hawkes, Stanley Elkin, Peter Matthiessen, Robertson Davies . . . özü də bu, "tam" siyahı deyil.

Ümumilikdə müasirim olan yazarlara xoş münasibətim var. İmkan düşdükcə başqa yazıçılarla münasibət qurmağa, başqalarının tövsiyə etdiyi bütün kitabları oxumağa çalışıram.

(ardı var)

Hazırladı: Rövşən Qəmbərov

Həmçinin oxu
Məşhur yazıçılar harada, nə vaxt və necə yazır?