Ağstafa təzadları: İşsizlər və iş elanları...

Siyahıda ən aşağı maaş minimum əməkhaqqı səviyyəsindədir - 85 manat

Ağstafa rayonunun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə Məşğulluq Mərkəzinin iş elanlarına tez-tez rast gəlmək olur. Bazarın, parkın qarşısına yapışdırılan bu elanlarda çoban, əkinçi, gözətçi, xadimə, aşpaz, ofisiant, əczaçı, dərzi vəzifələri təklif edilir. Üstəlik, təklif edilən işlərin arasında saz müəllimi, konsertmeyster də var. Başqa müəllim ixtisasları da öz növbəsində. Siyahıda ən aşağı maaş minimum əməkhaqqı səviyyəsindədir - 85 manat. Ən yüksək maaş - 800 manat isə alman dili mütəxəssisinə verilir.

Ancaq bizim kimi nabələdlərdən savayı bu elanlara bir elə də fikir verən yox idi. Hər halda Ağstafada olduğumuz müddətdə çayxanalarda işsiz-gücsüz domino, şahmat oynayan və mərc oyunlarına əmsal yazdıranların elanların qarşısından sükutla keçmələri diqqətimizdən yayınmadı. Üstəlik, bazarda insanların da əsas şikayəti işsizlikdir:

«ƏLLƏRİ BOŞ, ÜZLƏRİ QARA...»

- Bazar olsun, necə gedir işlər?

- Bir kəndə gələsiniz, yerimi deyəm görəsiniz. Hər şey əkmişəm. Bibər, pomidor, xiyar, kartof, qarpız, yemiş. Çoxlu nəvələrim var, o nəvələrin dərdindən məcburam əkəm. Ancaq zəhmətimizə dəymir. Sata bilmirik. Bizim rayonda iş qıtdır, cavan oğlanlar hamısı gecə-gündüzü çöllərdə, qazancları yoxdur. Əlləri boş, üzləri qaradır ailələrinin yanında.

- Bəs bu qədər iş yerlərinin yaradıldığını deyirlər...

– İş yerləri yoxdur, camaat bazarın ümidinə qalıb. Kəndlərdə iş yerləri açılmalıdır ki, camaat heç olmasa dolana bilsin.

Bazarda buğda, arpa alveri ilə məşğul olan Ələsgər dayı da güzəranın ağırlığından şikayətçidir. Deməsinə görə, rayonun ali təhsilli işsizlərindən biridir.

ALİ TƏHSİLLİ TAXIL ALVERÇİSİ

- Neçəyə satırsınız taxılı?

Ağstafa bazarı
- Bir kilosu 35 qəpiyədir. Ancaq çox çətin alırlar. Yəqin camaatın imkanı yoxdur ona görə.

- İş-güc necədir?

- İş-gücmü var, mən ali təhsilli adamam, taxıl alveri edirəm.

- Bəs deyirlər ki, rayonlarda xeyli yeni iş yerləri yaradılır. Elə bazarın girişində də iş elanı vurulub.

- Paltarınızı dəyişin, o elanla gedin görün sizi işə götürürlərmi? İşmi var götürələr? Elandır da vurublar.

Satıcılardan müsahibə aldığımız müddətdə bizi gözdən qoymayan bazar nümayəndələri də nədənsə narahat görünürdü. Tez-tez kiməsə telefonla hər addımımız barədə xəbər verirdilər...

«AĞSTAFA ÜÇÜN YAXŞIDIR»

«Regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı» Dövlət Proqramı çərçivəsində Ağstafada son iki ildə 989 iş yeri açıldığı bildirilir. Bu ilin ilk 6 ayı ərzində isə 302 iş yeri yaradılıb ki, bunların 85 faizi daimi, 15 faizi müvəqqətidir.

Ağstafa rayon İcra Hakimiyyətinin sosial iqtisadi məsələlər şöbəsindən Aydın Hacıyevin deyir ki, bu il açılan iş yerləri özəl sektoru, ticarət, satış, istehsalat sahələrini əhatə edir. Rayon rəsmisi işsizlərin sayını açıqlamasa da, yeni yaradılan iş yerlərinin sayının «Ağstafa üçün yaxşı olduğunu» deyir.

Üstəlik, son illər Ağstafada dövlət proqramı çərçivəsində bir neçə müəssisə açılıb. Ancaq bunlardan bəzisi müəyyən problemlərlə üzləşdiyindən fəaliyyətini məhdudlaşdırıb, işini planlaşdırdığı kimi qura bilməyib . Məsələn, neçə illərdir Ağstafa rayonunun Poylu qəsəbəsində Yem və Alkoqol İstehsalı Zavodu tikilsə də, bu müəssisə işə düşmür. Yaxın vaxtlarda da müəssisənin nəzərdə tutulduğu kimi işə düşəcəyini gözləmək sadəlövhlük olardı:

Ağstafada işləməyən zavod
Ağstafa rayon icra hakimiyyətindən Aydın Hacıyev:

«Onun tamamlanması üçün bir az kreditə ehtiyacı var. O da hələ əmələ gəlmir, ona görə də uzanır. Ona görə qabaqcadan heç nə demək mümkün deyil».

1200 NƏFƏRLİK ZAVODUN 7-8 İŞÇİSİ

Qəsəbə sakinlərindən Abdulvahid Əfəndiyev isə deyir ki, 1200 nəfər üçün nəzərdə tutulan zavodda hələlik 7-8 nəfər çalışır. Hərçənd, işçilərin sayını müəssisə rəhbərliyi ilə dəqiqləşdirmək cəhdimiz alınmadı.

Abdulvahid Əfəndiyev:

«Artezian qazıldı. Artezianın suyu guya dəyərli olduğu üçün İlham Əliyevlə Mehriban xanım ikisi də o sudan içdilər, bəyəndilər. Neçə ildir təmir gedir, indi ancaq su buraxırlar. Spirtdən, yemdən söhbət getmir. İşsizliyi aradan qaldırmaq üçün gərək zavod fəaliyyət göstərə ki, kəndin qadını, kişisi işləsin. Orda daimi işləyən yoxdur. Gəlir 7-8 nəfər, işləyir gedir...».

SAXTA SƏNƏDLƏR?

Ağstafada Səməd Vurğun Parkında rastlaşdığımız AXCP-nin yerli şöbəsinin sədri Maarif Salahov də hesab edir ki, iş yerlərinin sayı həddindən artıq şişirdilib:

«Sovet hökumətinin qalıqlarıdır. Saxta sənədlə işləyiblər, yenə də saxta sənədlə işləyirlər. Yalançı statistika vermək qanlarına işləyib. Bax, budur, parkda işsizlik. Hamı domino, nərd oynayır. «Topaz»ı da yaradıblar, bir qismi də qumara keçib...».

Ağstafa rayon Məşğulluq İdarəsindən isə dedilər ki, hazırda rayonda 135 iş yeri təklif olunur. 16 yaşından 63 yaşına qədər müraciət edənlər olur. Vakant yerlərin siyahısı da hər ay yenilənir.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ

Şəmkir: Arxeoloji qazıntılarda hansı qədim tapıntılar aşkarlandı ?

Naxçıvan: Muxtar respublikada futbol niyə yoxdur?