.
(AzadlıqRadiosunun arxivindən)
Sizin brauzer HTML5-i dəstəkləmir
MÜSTƏQİLLİK BƏYANNAMƏSİNDƏN 7 GÜN ƏVVƏL
Yasamal rayon Hərbi Komisarlığının binası qarşısındayıq. N.Nərimanov küçəsindəki (vaxtilə bu küçə Sovetski adlanırdı) bu köhnə bina ətrafdakı tikililərdən fərqlənmir. Əslində milli azadlıq hərəkatı tarixində bu binanın özünəməxsus yeri var. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizənin başında duran təşkilat - Xalq cəbhəsi 1991-cı ildə bu binada qərarlaşırdı.
«QKÇP» elan olunanda SSRİ ərazisində çevrilişə qarşı ilk etirazlardan biri bu binadan səsləndi. Biz bu yazımızda 22 il əvvəl-1991-ci il avqustun 23-də elə bu iki mərtəbəli binada baş verən hadisələrdən danışacağıq...
BAKI, 1991-Cİ İL 23 AVQUSTA QƏDƏR...
AXC avqustun 23-ü saat 16-ya qərargahına bitşik meydanda mitinq elan etmişdi. Bu ərəfədə bütün SSRİ-ni lərzəyə salan hadisələr baş vermişdi. Avqustun 19-da SSRİ-nin vitse prezidenti Yanayevin rəhbərliyi altında Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradılmışdı. Bununla da həmin günlər istirahətdə olan prezident Mixail Qorbaçov hakimiyyətdən kənarlaşdırılmışdı. Ancaq DFVK-nin hakimiyyəti də cəmi bir neçə gün çəkmiş, kütləvi etirazlar nəticəsində ölkəyə nəzarət faktiki Rusiya Sovet Fedarativ Sosialist Respublikasının prezidenti Boris Yeltsinin əlinə keçmişdi.
DFVK-ya ilk dəstək də, ilk etiraz da Azərbaycandan gəldi. O vaxtlar AXC İcrayə Komitəsinin üzvü Pənah Hüseyn xatırlayır:
«O günlər Azərbaycan faktiki 2 yerə bölünmüşdü. Avqustun 19-u AXC DFVK əleyhinə bəyanat verdi. Bu həmin komitəyə bütün SSRİ-də ilkin etirazlardan idi. Azərbaycan Kommunist Partiyası da DFVK-nı müdafiə edən bəyanat vermişdi. Bu da DFVK-nı müttəfiq respublikalardan tez-tələsik dəstəkləyən yeganə bəyanat idi. Həmin bəyanat «Raboçi tribuna» qəzetində də dərc edilmişdi. O vaxt Azərbaycan Kommunist Partiyasının rəhbəri, prezident Ayaz Mütəllibov İranda səfərdə idi və bu bəyanat faktiki oradan verilmişdi».
TƏKZİB...
«Kommunist» qəzetinin 22 avqust 1991-ci il tarixli sayında Azərinform bəyanat yayaraq prezident Mütəllibovun DFVK-nı müdafiə etməsi ilə bağlı deyilənləri təkzib etmişdi. Təkzib bəyanatında deyilirdi ki, Mütəllibov heç vaxt Qorbaçovun vəzifədən kənarlaşdırılmasını təqdir etməyib.
23 AVQUST...
«Saat təqribən 10-12 arası yaxınlıqdakı İmam Hüseyn məscidindən 150-200 adam qərargaha gəlib söyüşə, təhqirə başladı. Biz onları yola saldıq. Saat 14-də AXC sədrinin otağında icraiyyə komitəsinin və «demokratk» blokun üzvü olan deputatların toplantısı vardı. Həmin vaxt məsciddən yeni bir dəstə gəlib zorla iclasın keçirildiyi otağa daxil oldu. Tələb elədilər ki, mitinq təxirə salınsın.
- Kim idi həmin dəstənin başında duran?
HACI ƏBDÜL VƏ ONUN «TÖVBƏ» CƏMİYYƏTİ
- Onlara Hacı Əbdül rəhbərlik edirdi... Nəhayət saat 16-da qərargahın qarşısında mitinq başladı. Elə mitinqin gedişində də milis və mülkü geyimli şəxslərin basqını oldu. Hündür boylu bir nəfər Nəsir Ağayevə hücum etdi. Həmin an o çıxış edirdi. Hücum edənlərin arasında dənizçi geyimli şəxslər də var idi. Bizimkilər qərargaha keçib, istədilər ki, qapını bağlı saxlasınlar. Mitinqçilərdən bəziləri hələ də çöldə idi. Pəncərədən içəri qaz atdılar, sonrası da məlumdur...
Bakı və Kəndlər Birliyinin keçmiş sədri Nəsir Ağayev:
«MİTİNQİ ARİF HACILI APARIRDI...»
- Mitinqi Arif Hacılı aparırdı ( Hazırda 2 aprel aksiyası ilə bağlı həbsdədir-BB). Əvvəlcə Pənah Hüseyn danışdı, sonra söz mənə verildi (Həmin hadisələri əks etdirən fotoşəkillərdən məlum olur ki, Nəsir Ağayevdən əvvəl mitinqdə Əbülfəz Elçibəyin də çıxışı olub- B.B). Həmin vaxtlar hakimiyyət Bakı kəndlərini demokratik prosesə qarşı qoymaq istəyirdi. Mənim çıxışım da buna qarşı idi.
Mən Bakı kəndlərinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolunu yada salmaqla hakimiyyətin parçala, did, hökumranlıq et siyasətini pisləmək istəyirdim. Bakı kəndləri rayonlara qarşı, Bakı kəndləri Qərbi azərbaycanlılara qarşı, Bakı kəndləri naxçıvanlılara qarşı qoyulurdu. 3 nəfər tribunaya yaxınlaşıb sözümü yarımçıq kəsdi. Onlardan biri mikrofonu əlimdən alıb, rezin dəyənəyi başım üzərinə qaldırdı. Bu vaxt mərhum Asya xanım və Paşa bəy bədənlərini sipər edib məni dəyənəklərdən qorudular. Bütün zərbələr də onlara dəydi. Məni «kolyaska»mla birgə (N.Ağayev yeriyə bilmir- B.B.) qərərgahın içərsinə keçirdilər...
«ELÇİBƏY SƏNDƏLƏDİSƏ DƏ, YIXILMADI»
Yenidən Nəsir Ağayev:
- Sonra qərargaha qaz buraxıldı və qapını sındırıb içəri girdilər. Qarşılarına keçəni döyürdülər. Bir milis Elçibəyin başına 2 dəfə zərbə vurdu. Elçibəy səndələdisə də yıxılmadı. Başından qan axsa da geri çevrilib, onu vuran milisə baxmadı...
Pənah Hüseyn:
- İsa Qəmbəri, mərhum Nəcəf Nəcəfovu həbs etdilər.
- Siz xəsarət almadınız?
- Mən çox ciddi xəsarət almışdım. Səhərki basqınçıların uzaqlaşdırılmasında fəallıq göstərmişdim. 60 nəfəri, o cümlədən də məni Oktyabr rayon (İndiki Yasamal rayonu - B.B ) Milis İdarəsinə apardılar. Bir saat keçmiş halım pisləşdiyindən məni Təcili Yardım xəstəxanasına göndərdilər.
Sonrakı günlərdə siyasi vəziyyət bizim xeyrimizə dəyişdi. Sonradan öyrəndik ki, hələ avqustun 22-də Daxili İşlər Naziri mərhum Məhəmməd Əsədovun yanında əməliyyat müşavirəsi olub və mitinqin dağıdılmasına orada qərar verilibmiş. Hücumun başında isə Bakı Şəhər Milis İdarəsinin rəisi Bəxtiyar Əliyev dururdu. Görünür məqsədləri bizim gözümüzü qorxutmaq və bir də bizə çatan məlumatlara görə, Əbülfəz Elçibəyi fiziki şəkildə məhv etmək idi.
««26-lar» RAYON PARTİYA KOMİTƏSİNİN BİNASINI TUTAQ VƏ HAKİMİYYƏTİ DEVRİLMİŞ ELAN EDƏK»
- Bu nə dərəcədə düşünülmüş əməliyyat idi? Bir halda ki, artıq DFVK məğlub olmuşdu.
- Düzü onlar özlərini itirmişdilər. Çünki Mütəllibovun DFVK-ni müdafiə etməsinə görə, bütün SSRİ məkanında ona qarşı kampaniya başlamışdı. Onlar mitinqin qarşısını almaqla vaxt qazanmaq istəyirdilər. Hər halda bunun onlara ziyanı oldu. Sonrakı günlərdə bəziləri bunun məsuliyyətindən qaçdılar. Avqustun 25-i yenidən mitinq keçirmək haqda qərar verdik. Hətta mən təklif etdim ki, «26-lar» rayon partiya komitəsinin binasını tutaq və hakimiyyəti devrilmiş elan edək. Elçibəy həmin günlər xəstə idi, bu təklifin əlehinə çıxdı. O öz səlahiyyətlərini İsa Qəmbərə vermişdi. Təklifim keçməsə də, «Azadlıq» meydanında mitinq keçirməyə qərar verildi...
AXC-nin YENİ, «26-lar» RAYON PARTİYA KOMİTƏSİNİN KÖHNƏ BİNASI...
- Avqustun 23-dən sonra qərargahda vəziyyət necə idi?
- Təmiz dağıtmışdılar. Avadanlığı sındırıb tökmüş, sənədləri cırmışdılar. Biz bir daha o qərargaha qayıtmadıq. Azadlıq meydanında elan edildi ki, növbəti qərargah «26-lar» rayon partiya komitəsinin binası olcaq (Bakı şəhər prokurorluğunun indiki binası - red).
QONAQLAR DA DÖYÜLÜRDÜ....
«Azadlıq» qəzetinin 1991-ci il 30 avqust sayında dərc edilən məqalələrdən biri belə adlanır: «Qonaqlar da döyülürdü». ( Həmin dönəm «Azadlıq» qəzeti həftədə 1 dəfə çıxırdı-BB)
Məqalədə qeyd edilirdi ki, avqustun 23-ü AXC qərərgahında milisin zorakı hərəkətinə məruz qalanlar arasında Moskvalı fotomüxbir Yaroslav və Almaniyanın «Tayges Saytunq» qəzetinin əməkdaşı Ştefan Şel də olub:
Həmin jurnalistlərin «Azadlıq» qəzetinə verdikləri müsahibədə oxuyuruq.
«GÖZƏL, İTALYANSAYAĞI GEYİMDƏ OLAN BİR KİŞİ...»
Yaroslav:
- Mitinqi çəkirdim. Birdən hər şey qarışdı. Onu gördüm ki, adamları döyürlər. Qərargahdan sonuncu məni çıxartdılar. Müqavimət göstərməsəm də, OMON-çular məni o ki, var döyüb, milis şöbəsinə apardılar. Şeylərimi axtarıb fotokameramı götürmək istəyirdilər. Ancaq fotokameramı hələ qərargahda almışdılar.
Ştefan Şel:
- SSRİ haqqında dissertasiya yazıram. Bir də qəzet üçün material toplamaq üçün Bakıya gəlmişdim. Milis qapını sındırıb qərargaha daxil olanda Yaroslavı axtarırdılar ki, kameranı onun əlindən alsınlar. Onu döyüb, milisə apardılar. Məni dindirənə isə hiylə işlədib dedim ki, mitinqə gecikmişəm. Milis işçiləri dedilər ki, şuluqluq salan, adamları döyən AXC üzvülərinin özləridir. Sonra da öz əməllərini milisin boynuna atırlar. Ancaq mən başqa şey görmüşdüm. Mitinq dinc şəraitdə gedən vaxt gözəl, italyansayağı geyimdə olan bir kişi mikrofonda danışan əlil şəxsə hücum etdi...
İMAM HÜSEYN MƏSCİDİ...
Bu hadisələrdə adı halanan «Tövbə» cəmiyyətinin sədri Hacı Əbdül ilə də elə İmam Hüseyn məscidində görüşürük. Hacı Əbdül o vaxtdan indiyədək həm bu İmam Hüseyn məscidinin axundu və həm də bu məsciddə yerləşən «Tövbə» cəmiyyətinin rəhbəridir:
- Həmin gün Bakı kəndlərindən ağsaqqallar gəldi ki, xalq cəbhəsi mitinq etmək istəyir, gəlin qoymayaq. Yığışdıb getdik. Bir 200-300 adam olardı. Gəldik qərargahın qarşısına, piləkənləri qalxanda çevrilib arxama baxdım. And olsun Orucluq ayına, necə var elə danışıram. Gördüm heç kim yoxdur. Biri o tində gizlənib, biri bu tində gizlənib. Onda mən səslədim, a kişi sən bura gəl, sən də gəl, gedək bir yerdə sözümüzü deyək də... Girdim içəri, iclas idi, bəy də oturmuşdu, Tamerlan Qarayev də.
Dedim ki, siz mitinq etmək istəyirsiniz, sözünüzü kimə deyəcəksiniz? Prezident burada yoxdur, gəlsin, sözünüzü deyin. Mən belə deyəndə hərəsi düşdü üstümə. Aləm qarışdı. Dedim biz 3 nəfərik, siz çox. Ya gedim mən də adam gətirim, ya da 3 nəfər seçin bizimlə danışsın. Elçibəy durub arxa otağa keçdi, Tamerlan Qarayev və Tahir Əliyev də onun ardınca. Mənimlə gedənlər elə bil başladılar hesabat verməyə. Mən əsəbləşdim ki, biz danışığa gəlmişik, siz hesabat verirsiniz. Durub qapını çırpıb, çıxdım çölə. Gördüm binanın içində mənimlə gələn uşaqlarla cəbhəçilər boğuşur. Mən yalandan dedim ki, uşaqlar dayanın, mən bəylə danışmışam mitinq olmayacaq. «Tövbə» cəmiyyətinin uşaqlarını götürüb apardım. Biz elə məscidə yenicə çatmışdıq, eşitdik ki, dava başladı...
«ONDA O PREZİDENT OLMAYIB...»
Hacı Əbdül deyir ki, Xalq cəbhəsinin qərargahına basqından prezident Ayaz Mütəllibovun xəbəri olmayıb. O bunu hakimiyyət içində Mütəllibovu devirmək istəyənlərin əməli kimi dəyərləndirir. Eks prezidentin özü ilə danışmaq cəhdimiz isə alınmadı. Ayaz Mütəllibovun həmsədr olduğu Azərbaycan Sosial Demokrat Partiyasının digər həmsədri Araz Əlizadə deyir ki, eks prezident yalnız oğlunun 40 mərasimi başa çatdıqdan sonra suallara cavab verə bilər.
Bakı və Kəndlər Birliyinin keçmiş sədri Nəsir Ağayev isə baş verənlərdən Ayaz Mütəllibovun xəbərsiz olması haqqda deyilənlərə şübhə ilə yanaşır:
- Bu, hadisə Bakının göbəyində oldu. O necə prezidentdir ki, bundan xəbəri olmasın? Onda o prezident olmayıb. Necə ola bilər? Bir prezident xalqın sərvətlərini talasın, ancaq xalqdan xəbərsiz olsun?
23 AVQUSTDAN 7 GÜN SONRA...
Avqustun 30-u AXC-nin təkidi ilə Azərbaycan parlamenti müstəqilik bəyannaməsini qəbul etdi. Oktyabrın 18-də qəbul edilən müstəqillik aktı da elə bu bəyannaməyə istinad edirdi...