WikiLeaks saytı Azərbaycanla əlaqədar yeni sənədlər yayıb. Sənədlər bu dəfə daha çox 2006-cı ildəki Amerika məxfi diplomatik teleqramlarından ibarətdir.
Açıqlanan teleqramlar ABŞ-ın Azərbaycandakı o zamankı səfiri Reno Harnish və diplomatik missiyanın müşavirləri tərəfindən Vaşinqtona göndərilib. Sənədlərin çoxu “MƏXFİ” qriflidir, digərlərinin isə sadəcə ictimaiyyətə açıq olmaması qeyd olunur.
YENİ NAZİRLƏR
Reno Harnish prezident İlham Əliyevin 2006-cı ildə nazirlər siyahısında etdiyi dəyişikliklərdən yazıb. Söhbət Mədəniyyət naziri Polad Bülbüloğlunu hökumətdən uzaqlaşdıraraq Rusiyaya səfir göndərməsi, onun əvəzinə prezidentin ailəsinə yaxın olan Əbülfəz Qarayevi təyin edilməsindən gedir:
“Şayiələrə görə Gənclər və Idman naziri vəzifəsinə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlunun təyin olunacağı gözlənilir. Polad Bülbüloğlu tanınmış müğənni və bəstəkardır, prezident Əliyevə yaxındır və ölkənin birinci xanımının YUNESKO-nun xoşməramlı səfiri seçilməsində rol oynayıb.
İngilis dilində yaxşı danışan Əbülfəs Qarayevin isə ABŞ səfirliyi ilə sıx əlaqələri var. O da sənətkar ailəsindəndir və Bakıdakı mədəniyyət tədbirlərində tez-tez görünür. Qarayevin çatışmayan cəhəti odur ki, onun keçmiş mədəniyyət nazirindən fərqli olaraq Azərbaycanın mədəniyyət elitasının problemləri ilə yaxından tanışlığı yoxdur.
Lakin Qarayevin mədəniyyətə o qədər də bələd olmaması əhəmiyyətli deyil: o, prezidentə çox yaxındır, bu yaxınlığın kökləri İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri olduğu vaxtlardan başlayır.
Biz onu da eşitmişik ki, Mədəniyyət və Turizm naziri təyin olunması Qarayevi təəccübləndirib, çünki o daha gəlirli post olan Bakı meri vəzifəsinə təyin olunmağa ümid edirdi. Bununla belə, Qarayevin yeni postu onun əvvəlki vəzifəsi ilə nisbətdə ictimai baxımdan daha nəzərəçarpandır”.
“YERAZ” KLANININ TƏMSİLÇİLƏRİ
Nazirlərlə bağlı açıqlanan digər teleqramda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin vəzifədən azad olunması və onun Füzuli Ələkbərovla əvəzlənməsi haqda yazılıb. B
undan başqa, teleqramda prezidentin mebel biznesi ilə məşğul olan Azad Rəhimovu da nazir postuna gətirməsi - onu Gənclər və Idman naziri vəzifəsinə təyin etməsi də yer alır.
Sənəddə göstərilir ki, F.Ələkbərov “İmprotex” şirkətlər qrupunun sahibidir: “Nağıyevin işdən azad edilməsi təəccüblü deyil. O, hələ keçmiş Səhiyyə naziri Əli İnsanovun həbsindən sonra işdən çıxarılmağa namizəd idi. Əli Nağıyev və Əli İnsanov hakimiyyətdəki Qərbi azərbaycanlılar, və ya ”YerAz”lar kimi tanınan klanın ən güclü təmsilçiləri sayılırdı.
Onlar həmçinin keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gətirilməsini təşkil edən “91-lər” qrupunun üzvləri olub. Nağıyev başçılıq etdiyi nazirlikdəki böyük korrupsiyanın da başında dayanırdı.
Yeni əmək və sosial müdafiə naziri isə indiki Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə yaxındır. Ələkbərovun hökumətdə əvvəl iş təcrübəsi olmayıb.
Yeni Gənclər və Idman naziri Azad Rəhimov da biznesmen və siyasi baxımdan təzədir. O, Avropadan bahalı mebel və məişət avadanlıqları idxal edən “İtalDesign” şirkətinin sahibidir. Həmçinin prezidentlə sıx əlaqələri var, bəzi məlumatlara görə, A.Rəhimov birinci ledi ilə orta məktəbdə bir yerdə oxuyub”.
VALEH ƏLƏSGƏROV PƏNAH HÜSEYN BARƏDƏ
Reno Harnish digər məktubunda ARDNŞ-in keçmiş vitse-prezidenti Valeh Ələsgərov haqda yazır. Səfir yazır ki, o, müstəqil deputat kimi siyasi mənsubiyyətindən asılı olmayaraq parlamentdəki müxtəlif deputatlarla işləyə bilər. V.Ələsgərov Harnishlə görüşündə qeyd edibmiş ki, parlamentin enerji məsələləri komitəsinin sədri təyin edilərsə, bu komitənin tərkibində keçmiş baş nazir Pənah Hüseynin da olmasını istərdi.
Harnish Müsavat Partiyasından 2006-cı ildə parlamentdə təmsil olunan deputat, ABŞ-ın Fulbright proqramının məzunu olan Nəsib Nəsiblinin seçki dairəsində insanların ağır güzəranı barədə də yazır. Səfir bu ərazidə kasıblığın baş alıb getdiyini, insanların çoxunun gündə cəmi 2 dollarlıq qazancın ümidinə qaldğını göstərir.
2006-cı ilin aprelində göndərilmiş digər teleqram Harnişin AXCP sədri Əli Kərimli ilə görüşünə aiddir. Görüşdə Azərbaycanda insan haqları və demokratiya məsələləri, parlament seçkilərindən sonra yaranmış vəziyyət barədə danışılıb. ABŞ səfiri deyib ki, onun ölkəsi Azərbaycanda insan haqları və demokratiyaya dəstəyini davam etdirəcək. Ə.Kərimli isə ABŞ səfirinin Bakıdakı fəaliyyəti ərzində bu istiqamətdə ciddi nəticəyə nail ola bilməməsindən təəssüfləndiyini deyib.
BƏNƏNİYAR HADİSƏLƏRİ, İQTİSADİ MƏSƏLƏLƏR
WikiLeaksin açıqladığı sənədlərdən biri 2010-cu ildə göndərilən teleqramdır və Bənənyar hadisələri, hüquq müdafiəçilərinin Naxçıvanda üzləşdikləri çətinliklərdən bəhs edir.
Teleqramlardan bir başqası Azərbaycanda qadınların hüquqlarını qorunması və ictimai-siyasi həyatda qadınların fəallığı məsələsinə ABŞ hökumətinin diqqət ayırmasıyla bağlıdır.
Yeni sənədlərdə Azərbaycanda iqtisadi durumla bağlı qeydlər də öz əksini tapıb:
“Azərbaycanın enerji sektoru iqtisadiyyatında önəmli yer tutmaqda davam edir. Bakı-Tbilisi-Ceyhan kəməri ilə günə 1 milyon barel neft ixrac edilir və təbii qaz istehsalı gücləndirilir. Neft Fondunun 13 milyardlıq vəsaiti ilə birlikdə burda valyuta ehtiyatları 20 milyarda çatıb. 2009-cu ildə - dünyada maliyyə böhranı ilində - inflyasiya həddi 9 faizdən 2 faizə enib.
AZƏRBAYCANIN ÜTT DANIŞIQLARI
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı bir məqam da məxfi sənədlərdə yer alır. 2009-cu ilin noyabrın 29-da Xarici Işlər nazirinin müavini Mahmud Məmmədquliyevin ABŞ-da yerli rəsmilərlə birgə keçirilən tədbirdəki çıxışı haqda Wikileaks bunları yayıb:
“Danışıqları aparan Azərbaycan Xarici Işlər nazirinin müavini çıxışının 30 dəqiqəsini Azərbaycan hökumətinin inkişaf etməkdə olan ölkə və onun bazara çıxışı ilə bağlı mövqeyini ifadə etməklə keçirdi və sözünü kəsməyə heç kəsə imkan vermədi”.
ABŞ-ın ticarət rəsmisinin məktubunu alan Məmmədquliyev deyib ki, “biz danışıqları davam etdirəcəyik və çalışacağıq ki, ABŞ rəsmilərinə öz arqumentlərimizi təqdim edək və onları inandıraq”.
Amerikalı nümayəndə Məmmədquliyevdən soruşub ki, Azərbaycan hökumətinin dönə-dönə eyni arqumentlərə “inandırmaqdansa”, öz mövqeyində bəzi güzəştlərə getməsi mümkündürmü?
Məmmədəliyev inadkar idi, amma ancaq Azərbaycanın ÜTT-yə üzv olmasında da israr edirdi. “Biz fikrimizdə ciddiyik. Ciddi olmasaydıq, bu üzvlüklə bağlı müraciət ərizəmizi geri götürərdik. Məncə, ABŞ ticarət rəsmiləri dərhal Amerikanın tələblərinə əməl edən ölkələrlə çox işləyib. Amma biz bunun üzərində daha ciddi cəhdlər etmək istəyirik ki, bunu da zaman tələb edir”.
SEÇKİ, QEYRİ-AZAD MƏHKƏMƏLƏR
2009-cu ildə Azərbaycanda keçirilən bələdiyyə seçkisi də ABŞ səfirliyinin təhlilindən keçib. Belə ki, seçkinin “həmişəki kimi keçirildiyi” qeyd olunub və qanun pozuntularından söz açılıb.
Sənədlərdə insan alveri və əməkçi miqrantlar haqda məsələyə də toxunulub. “Serbaz” şirkətinin serbiyalı və bosniyalı fəhlələrin Bakıda qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi də ayrıca təhlil edilərək Vaşinqtona göndərilib.
Səfir Ann Derse Milli Məclisin “KİV haqqında” qanuna 2009-cu ildə etdiyi dəyişikliklərdən də yazıb. O bildirib ki, bu dəyişiklik media mühitini nəzarətə yönəlib. Səfir həmçinin Azərbaycan məhkəmələrini “qeyri-azad” adlandırıb.
"Wikileaks" keçən ilin əvvəlindən ABŞ-ın dünyanın müxtəlif ölkələrindəki səfirlərinin Vaşinqtona göndərdikləri teleqramlar olduğunu iddia etdiyi sənədləri yayır. Bu sənədlərdə səfirlərin işlədikləri ölkələrin rəhbərləri, o cümlədən Azərbaycan rəsmiləri haqqında tənqidi qeydləri də əksini tapır. Onların yayılması beynəlxalq qalmaqala səbəb olub. ABŞ belə sənədlərin yayılmasını qanunsuz adlandıraraq buna görə müttəfiqlərindən üzr istəyib.