Yaşlı yazıçıların əsərləri gənclərdən az satılır

- Heç bir ölkədə kitab müstəqil biznes sahəsi olaraq özünü doğrultmur. Bütün ölkələrdə kitab dotasiya ilə işləyir.

Ancaq müxtəlif fondların, layihələrin köməyi ilə kitab uğurlu biznes sahəsinə çevrilə bilir.

Təbii ki, yazıçı qonararını alıb kənara çəkilə bilir, yazıçı üçün bu, bir gəlirdir. Müəllif hüquqlarını satan firmalar üçün də bu, biznesdir, amma birbaşa istehsal edən təşkilatlar yüksək gəlir götürə bilmirlər.

Hətta Almaniya kimi böyük kitab sənayesinə malik olan bir ölkədə də kitab 10% dotasiya ilə işləyir. Bir sözlə, kitaba dəstək lazımdır…

Bunu “Paritet” qəzetinə müsahiəsində “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir.

- Bizim layihələrə gəldikdə isə bütün işə müqayisəli formada yanaşanda həmin işin uğurlu, yaxud uğursuz olduğunu deyə bilərik.

Son illərdə ən uğurlu layihələrdən biri məhz elə “Ən yeni ədəbiyyat” seriyası və ümumiyyətlə ,bizim başladığımız layihələrdir.

- Niyə “Ən yeni ədəbiyyat” seriyasını başlamaq qərarına gəldiniz?


"Hər bir adamın siqaretə olduğu tələbat qədər kitaba tələbatı olmalıdır. Amma gərək kitab da siqaret qiymətində olsun".
- Bu seriyaya qədər ölkədə müxtəlif səpkili kitablar buraxılmışdı.

Amma bir çiçəklə bahar olmayan kimi bir kitabla da bədii ədəbiyyat bazarında dirçəliş etmək olmaz.

Ona görə də mütləq layihə yaratmaq və onun içərisində yarış mexanizmi düşünmək lazım idi ki, ümumi bazara təsir etsin və onu dirçəltsin. Beləcə, “Ən yeni ədəbiyyat” seriyası yarandı.

- Belə başa düşdüm ki, artıq sizdə bu kitabların satılmasına əminlik var idi.

- Şübhəsiz. Biz çox yaxşı reklam kampaniyası qurduq. Hər kitabla bağlı tanıtma kartları, böyük plakatlar hazırladıq, yəni bütün təbliğat üsulundan istifadə etdik. Bilirsiniz, söhbət yalnız gəlir götürməkdən getmir.

Ədəbiyyatı populyarlaşdırmaq -məqsəd bu idi.

Bir il ərzində min kitabı satmaq - hətta biz buna da yaxşı hal kimi baxırıq - gəlirlə işləmək demək deyil. İki-üç min kitab satanda, bəli, artıq hansısa gəlirdən danışmaq olar.

- Azərbaycan reallığında ədəbiyyata xidmət edən nəşriyyat ziyana gedirmi?

- Bundan sonra bizim nəşriyyat bədii ədəbiyyat nəşr etməklə heç vaxt ziyana getməyəcək.

Ona görə ki, bizim bazarda 200 -ə qədər bədii ədəbiyyat nəşrimiz var. Bura həm yerli, həm də xarici müəlliflərin kitabları daxildir.

Deməli, hər kitabdan ay ərzində 20,40,50 ədəd satılırsa, bu bizim ümumi xərclərimizi ödəyir, ona görə nəşriyyatın batmaq, yaxud da ziyana getmək təhlükəsi artıq yoxdur. Yəni biz o mərhələni artıq adladıq.

Düzdür, çox çətinliklə, çox ehtiyatla, amma adladıq.

- Bunu kitab bazarı üçün irəliləyiş hesab etmək olar?

- Əlbəttə. Təsəvvür edin ki, bir il əvvəl ilk onluğa düşən kitabların siyahısını müəyyən edəndə ən çox satılan kitablar 30-40 ədəd idi. Amma indi bizim ən çox satılan kitablarımız 150- yə qədər qalxır.

Amma çox təəssüf edirəm ki, yerli müəlliflərin kitabları bu siyahıya düşmür.

Ara -sıra siyahıda Çingiz Abdullayev, Pərviz, Qaraqanın adını görə bilərsiniz.

- Azərbaycan ədəbiyyatına həsr olunan neçə seriyanız var?


"Ən yeni ədəbiyyat" seriyasından kitablar

- Onunla bağlı üç layihəmiz var. “Birinci kitab” layihəsi ilk yazmağa başlayan yazarlar üçündür.

Bu, nəşriyyat hesabınadadır. Nəşriyyat müəllifdən pul götürmür, əksinə müəllifə 10 ədəd pulsuz kitab verir.

İkinci layihəmiz “Ən yeni ədəbiyyat” seriyasıdır ki, min tirajla kitabları buraxırıq və 10 ədədini müəllifə veririk, qalanı isə bizə qalır. Üçüncü layihəmiz isə daha yaşlı nəslin əsərlərini cəmləşdirən “Azərbaycan nəsri” seriyamızdır.

Bu layihədə Sabir Rüstəmxanlı, Kamal Abdulla, Seyran Səxavət və Aqil Abbasın kitabları nəşr olunub, ardı da gəlir. Amma etiraf edirəm ki, bu seriyadakı kitablar nisbətən zəif satılır.

- Sözügedən seriyanın zəif satışını nə ilə əlaqələndirirsiniz? Bilmək istərdim, siz onlara müraciət edirsiniz, yoxsa onlar sizə?

- Bu, yaradıcı prosesdir və hər iki hal olur. Həmin müəlliflər o kitabların təqdimatına, nəşriyyatın təşkil etdiyi tədbirlərə mütləq qatılmalıdırlar.

Bu mənada onlarla işləmək çətindir, çünki onların vaxtları azdır. Amma hesab edirəm ki, onların nəsri Azərbaycan ədəbiyyatı üçün vacib mərhələdir.

Azərbaycan dilinin sərhədləri baxımından, tərbiyəvilik nöqteyi- nəzərindən orta məktəb şagirdləri, yeniyetmələr üçün vacib kitablardır.

Hazırda İsmayıl Şıxlının sovet dövründə belə nəşr olunmayan son yazdığı “Ölən dünyam” kitabı çapa hazırlanır. Fərman Kərimzadənin ailə üzvləri bizə onun kitablarını təqdim ediblər və yaxın vaxtlarda nəşrə başlayacağıq.

Bundan başqa Əkrəm Əylislinin tərcümələrini hazırlayırıq. 60-70 hətta 80-ci illərin yazıçılarının həm o dövr, həm də müasir dövr üçün parlaq olan əsərləri var. Məncə, zəif əsər yoxdur, zəif market, zəif bazar var.

Çünki yazmaq çox çətin və əzablı işdir. Əgər kimsə nəyisə yazırsa eyni zamanda onun üzərində yaxşı redaktor işi görülürsə, onun gərək yaxşı bazarı da olsun.

- Bəs, “Ən yeni ədəbiyyat” seriyası üzrə buraxdığınız kitabları necə qiymətləndirirsiniz?

- Bu, bir eksperiment ədəbiyyatıdır. Əslində burdakı bir neçə yazıçını çıxmaq şərtilə digər yazarlar elə eksperiment ədəbiyyatın nümayəndələridir.

Aqşin Yenisey, Sevinc Pərvanəyə daha çox ənənədənkənar ədəbiyyatın nümayəndələri kimi baxıram.

Həmin seriyada İlqar Fəhminin də əsərləri var, çox qiymətli yazardır. Hazırda onun “Aktrisa” əsərini çapa hazırlayırıq. Pərvizin əsəri isə ənənə ilə eksperimentin ortasında yaranmış əsərdir.

- Həmin seriyadan çap etdiyiniz kitablara görə sizi qınayan olubmu?

- Sevinc Pərvanənin “Şəhər” , Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” və Şərif Ağayarın yeni kitabı ilə bağlı bəzi fikirlər söylənilib.

- Sizcə, yazan tərəf haqlıdır, yoxsa oxuyan?

- Əslində nə qədər ədəbiyyata yasaq qoysaq, sərhədlərini daraltsaq, sərhəddənkənar yerlər bir o qədər maraqlı olacaq.



Məncə, ədəbiyyatın sərhədlərini daraltmaq olmaz. Sadəcə kim yazdığında nə dərəcədə səmimidir- bax, bu əsas məsələdir.

- Çap eləməkdən imtina etdiyiniz əsər olub?

-Əsərdə hansısa yer məni qane etməyəndə müəllifə demişəm ki, bunu dəyişmək lazımdır.

Deməkdən də çəkinmirəm. İnsan səmimi olduğu şeyləri yazar. Əgər bir yazıçı məni inandıra bilmirsə, deməli, oxucunu da inandıra bilməyəcək.

Şərif Ağayarın “Harami” kitabını bu layihədə çıxan ən uğurlu kitablardan biri hesab edirəm.

Çünki insan psixologiyasını , insan çıxılmazlığını yaxşı aça bilir. Bilirsiniz, məncə, ədəbiyyat ilk növbədə nəyisə inkar etməkdən, ironiyadan başlayır.

Şərifdə də bu var. Müharibə insanın içərisində var. “Harami”nin qəhrəmanı sərhəddə yaşayır, amma onun müharibə etdiyi adamlar ermənilər yox, bizim öz adamlarımızdır.

O, yaşamaq uğrunda mübarizə aparır sərhəddə.

- Oxucuları qarşıda nə kimi yeniliklər gözləyir?

-”Birinci kitab” seriyasında cənublu şair Ülkər Ucqarın maraqlı şeirlərindən ibarət “Balıqçı əllərində doğru”, sonra Qismətin şerlər kitabı çıxacaq.

“Əli və Nino” ilə birgə hazırladığımız “Klassiklər” seriyası üzrə ingilis yazıçı Şarlotte Bronte və Emilye Brontenin kitabları, fransız yazıçısı Saqanın “Salam, kədər”, alman yazıçısı Erix Remarkın “Üç yoldaş” əsərləri çapa hazırlanır.

Klassiklər seriyasında indiyə qədər Azərbaycan dilinə tərcümə olunmayan Dostayevskinin iki kitabını: “Qumarbaz” və “Yeniyetmə”ni buraxmışıq.

Daha sonra Nazim Hikmətlə bağlı onun sonuncu xanımı Vera Tulyakovanın kitabının nəşri haqqında düşünürəm.

Əslində maraqlı müəlliflər və əsərlər çoxdur, gərək Azərbaycan dilinə tərcümə olunsun.

Əvvəl rus dilində bilənlər çox idi, indi isə azalır, əksinə azərbaycandillilər artır və gərək onları bu ədəbiyyatla təmin edək. Ən böyük layihələrimizdən birini də Çingiz Abdullayevlə gerçəkləşdirəcəyik.

Onun bütün əsərlərinin Azərbaycan dilinə çevrilməsi üzərində iş gedir.

- Tərcümələri birbaşa orijinaldan tərcümə edirsiniz, yoxsa rus dilindən tərcüməyə üstünlük verirsiniz?

- Fransızcadan birbaşa tərcümə olunan üç əsər, alman dilindən isə iki əsərimiz var. Amma bizim üçün əsas odur ki, Azərbaycan dilində oxunaqlı kitab olsun.

- Seriyalar üzrə nəşr olunan kitabları orta və ali məktəblərin kitabxanalarında görmək olarmı?

- Məncə, oxumaq məcburidir. Gərək uşağı kitab oxumağa məcbur edəsən, əks halda oxumayacaq.

Sonradan onda vərdiş yaranır və o özü- özünü məcbur etməyə başlayır. Artıq müəyyən yaşdan sonra oxumaqdan ləzzət alır- kitab sənə bir qardaş, yoldaş olur.

O mənada orta və ali məktəblərə kitab vermək olar, amma bunu o universitetlər düşünməlidir. Mən onlara məcburi kitab satmaq gücündə deyiləm.

Mənim gücüm ona çatır ki, nəşr etdiyimiz kitablar barəsində geniş məlumat yayım.

Mən hər gün işdən sonra kitab mağazalarına gedirəm, oxuculara kitab təqdim edirəm.

Hələ indiyə qədər elə olmayıb ki, hansısa kitab barəsində alıcıyla söhbət edəndən sonra onu almasın.

Eyni zamanda o ünsiyyət mənə növbəti kitab üçün bir impuls verir.

Bazarla daima əlaqədə olduğumuz üçün tərcümə etdiyimiz kitabların sayı və çeşidi artır.

- Uşaq ədəbiyyatı ilə bağlı “Əli və Nino” ilə birgə layihə həyata keçirirdiniz. Layihə nə yerdədir?

- ”Əli və Nino” ilə üç layihəmiz var. Birincisi, 3-4 yaşlı uşaqlar üçün əlifba, rəngli kitablardır, ikincisi “Dünya uşaq ədəbiyyatı” layihəsidir.

Həmin layihədə həm sovet dövründə tərcümə olunmuş, həm də indi tərcümə olunan kitabları çap edirik. Artıq 6-7 kitabı bu seriya üzrə buraxmışıq.

Bura Heminquey, Cek London və Orxan Pamukun uşaq kitabı aiddir.

- Bizim uşaq yazıçılarına necə, müraciət etmisinizmi?

- Onunla bağlı bizim bir layihəmiz var. Hələ ki layihənin tam konturları hazır olmadığına görə dəqiq məlumat verə bilməyəcəm.

-”Qanun” nəşriyyatı fəaliyyətə başlayanda hüquqa aid kitablar buraxırdı. Amma sonra bədii janra üstünlük verdi.

- Bizim ilk kitabımız xarici ölkələrin konstitusiyaları olub. 1996-98-ci ildən bədii ədəbiyyatın da nəşrinə başladıq.

Biz əvvəldən də sifariş əsasında formalaşmış nəşriyyat deyildik. Bəlkə də yeganə nəşriyyatıq ki, yaxşı yayım şəbəkəmiz, yaxşı nəşriyyat kollektivimiz var.

-Dərslik kitablarının hazırlanması üçün Təhsil Nazirliyinin elan etdiyi tenderdə “Qanun” nəşriyyatı iştirak edirmi?

- Bizim elə bir iddiamız yoxdur. Açığı, mən o mexanizmi yaxşı bilmirəm. Biz dinamik və daim inkişafda olan nəşriyyatın işini aparmaq istəyirik.

Sifarişləri özümüz müəyyən edirik, öz bazarımızı addım- addım genişləndiririk.

Mən başa düşürəm, dərsliklərin nəşrində böyük pullardan söhbət gedir. Hətta bir kitabın qalib gəlməsi, o nəşriyyatın 3-4 illik gəliri deməkdir.

Amma bu nəşriyyat işi deyil. Yeni kitab tapmaq, onu tərcümə etdirmək sonra nəşr, yaymaq və ən nəhayətdə də oxucu fikrini bilmək- məni maraqlandıran budur.

Oxunaqlı kitabları dilimizə tərcümə etməklə oxucuların sayını artırmaq istəyirəm.

Bütün mübarizəm budur. Hər bir adamın siqaretə olduğu tələbat qədər kitaba tələbatı olmalıdır. Amma gərək kitab da siqaret qiymətində olsun.

Nərmin MURADOVA