Aktyorla 5 dəqiqəlik fasilədə 6 dəqiqə söhbət

Rejissor Azər Paşa Nemətov, Fuad Poladov və Məsmə Aslanqızı məşq zamanı

- Niyə belə qəmlisiz?

- Görəsən elə bir gün olacaq ki, köləlik deyilən şey Yer kürəsindən silinəcək?

- Nə danışırsınız? Biz deyəsən, onu çoxdan silmişik...

- Mən xarakter köləliyini deyirəm...

Akademik Milli Dram Teatrının səhnəsində məşqdir. Fuad Poladovla Məsmə Aslanqızıdır səhnədə. İlyas Əfəndiyevin “Boy çiçəyi” pyesini məşq edirlər. Bu əsər “Sən həmişə mənimləsən” adı ilə ötən əsrin 60-cı illərində teatrda dəfələrlə oynanıb. Atasını müharibədə itirmiş, 19 yaşlı Nargilə yaşı 50-ni haqlamış zavod direktoru Həsənzadəyə vurulub.

Bu, Fuad Poladovla rejissor Azər Paşa Nemətovun birinci əməkdaşlığı deyil. “Hamlet”, “Afinalı Timon”, indi də “Boy çiçəyi”...

Məşqlər arasındakı 5 dəqiqəlik fasilədə Fuad Poladova yaxınlaşıram. Beləcə, ayaqüstü – iki daşın arasında bir söhbətimiz alınır.

FUAD POLADOVUN HƏSƏNZADƏSİ

- “Hamlet”, “Afinalı Timon” və birdən birə Həsənzadə obrazı. Bu obrazla nə demək istəyirsiz?

- Həsənzadə tipli adamlar bu gün yox dərəcəsinə gəlib. Bu obrazla mən şəxsən bir aktyor kimi onu demək istəyirəm ki, belə insanlara (Nargiləni nəzərdə tutur – Ş.B.) köməyi olanlar var.

Teatrda məşq zamanı

- Yəni atalıq edir...

- Yox, təkcə atalıq deyil ki. Yaxşılıq, diqqət ayırmaq kiməsə. Bir ayılıb ətrafa baxmaq. Bir qapı qonşundan, həyətində yaşayandan xəbərin olmaq. Belələrinə böyük ehtiyac var. Mən də məhz bunu çatdırmaq istərdim.

- Bizim nəsil Əli Zeynalov Həsənzadəni oynayanda görməyib. Amma Rasim Balayevin ifasında baxmışıq. O Nargiləyə neytrallığını qorumağa çalışır. Amma sizin oyununuzda Nargiləyə etinasız olmadığınız çox qabarıq görünür.

- Onda o əsər olmaz ki. Onda bu olar adi bir şey, sxematik bir şey. Yəni gəldi qızı xilas etdi... Əgər bu özü o şeylərdən keçməsə... Bəs onda müəllif onu niyə belə tək verib, yalqız verib? Məhz axtardığı adam bəlkə də budur. Sadəcə, insanlığı, böyüklüyü icazə vermir başqa şeylər etməyə. Qız onun ürəyinə şübhəsiz yatır, şübhəsiz yatır (bunu az qala pıçıltı ilə, etiraf edirmiş kimi deyir – Ş.B.). Onsuz bu əsər heç bir şey olar.

- Bəlkə cəmiyyətin qınağından qorxur?

- Yox. Sadəcə ayıq adamdır. Başa düşür ki, bu qızın xoşbəxt olmağa, hər cür xoşbəxtliyə ixtiyarı var. Ayıq adam olduğu üçün başa düşür ki, yaş fərqi istər-istəməz sözünü deyəcək. Qız həddindən artıq cavandır, ola bilsin bu, onun həyatında hansısa məqamdır. Hansısa uçuşdur. Həsənzadə müdrik olduğu üçün irəlini görür.

“O QƏDƏR ATMIŞAM ELƏ ADDIMLAR”

- O, Həsənzadənin həyatında boy çiçəyi kimi qalacaq?

- Mənə elə gəlir, hə. Məhz ona görə gedir Həsənzadə...

- Sizin də həyatınızda boyçiçəyi kim xatirələr qalır?

- Hökmən, hökmən. Onlar qalmasa, yaşamaq olmaz ki. Yaşamağın mənası yoxdur.

Fuad Poladov aktyor həmkarlarıyla birlikdə

- Həyatda Nargilə kimi biri qarşınıza çıxsaydı, Siz belə cəsarətli addım atardız?

- O qədər atmışam ki, elə addımlar (gülür)...

“ÜRƏYİMCƏ OLMAYAN ROLU...”

- Fuad müəllim, daha hansı rollar üzərində işləyirsiz?

- Bu dəqiqə ancaq budur. Bir də Teatr Xadimləri İttifaqında iki tamaşamız gedir: “Kaktus gülü” və “Növbəti”. Rus Dramasında da bir-iki tamaşa var.

- Filmlər yoxdur?

- Birini bu yaxında qurtardıq. Aqil Abbasın ssenarisi əsasında “Dolu” filmi çəkilirdi. Yaxınlarda da biri olacaq.

- Bu rollar nə qədər ürəyinizcədir?

- Ürəyimcə olmayan rolu oynamıram. Əgər o rolla bir söz deyə bilmirəmsə, imtina edirəm.

- 63 yaşda ürəyinizdə hansı rolu oynamaq arzusu qalıb?

- Mən əvvəldən danışmağı sevmirəm. Allahdan asılıdır. Ömür vəfa edərsə, rollar oynayarıq.

- Amma formadasız maşallah...

- Formada adamı iş, yaradıcılıq saxlayır. İş olmayanda insan artıq başqa şeylər haqda fikirləşməyə başlayır. O da ziyanlı şeylərdir...

Fuad Poladov

“MƏN YERİ GƏLƏNDƏ SİYASİ PROSESLƏR HAQDA ÖZ FİKRİMİ DƏ DEYİRƏM”

- Fuad müəllim, siyasi proseslərlə maraqlanırsızmı?

- Həmişə. Vətəndaşıq. Maraqlanmalıyıq. Bu gün də maraqlanırıq. Mən yeri gələndə öz fikrimi də deyirəm.

- Bu yaxınlarda bir qrup ziyalı prezidentə müraciət etmək istəyir ki, həbsdəki siyasi məhbuslar azad olunsun. Bir ziyalı kimi sizə də müraciət etsələr imza atarsız həmin müraciətə?

- Mən oxuyaram əvvəla həmin müraciəti. Sonra lazım bilərəmsə, imza ataram, əlbəttə.

- Bəxtiyar Hacıyev adlı gənc haqda nəsə eşitmisiz?

- O gəncəli oğlan haqqında? Bəli, eşitmişəm.

- Onun azadlığa buraxılması haqqında...

- Bu artıq oldu müsahibə... Bu, oturub, düşünülüb danışılmalı mövzudur. Yaradıcılıq söhbətlərini ayaqüstü bəlkə də etmək olar. Amma siyasi söhbəti yox. Bir gün oturub sizinlə həm siyasətdən, həm yaradıcılıqdan geniş danışarıq.