«Çox yaşa, Hacı!»

Cəbi Bəhramov

«Mən ona baxarkən Azərbaycanlı olduğumla qürur duyuram».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına MEA Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov söylədi.

Hacı Zeynalabdin Tağıyevin açdığı ilk Kübar Qızlar Məktəbinin 110 illiyinə həsr olunmuş verilişə qatılan tarixçi-alim bu məktəbin yaranma tarixinə bir nəzər salmağı da unutmadı.

HACI GÖZÜAÇIQ ADAM OLUB

Dedi ki, əvvəllər tikinti sahəsində çalışan, həm də çox bacarıqlı olan Hacı Zeynalabdin 1870-ci illərdən neft işinə girişib: «Bu dövr Rusiya imperiyasının çox sürətli inkişaf dövrü idi. 1861-ci ildə təhkimçiliyin ləğvindən sonra sənayenin bir sıra sahələri kimi neft sənayesinin inkişafı üçün də imkanlar açılırdı. Hər yandan gəlib bu sahəyə vəsait qoyurdular. Məsələn, dünyada məşhur olan Nobel mükafatının böyük bir hissəsi Bakı neftinin hesabına idi».

NOBEL SÜLH MÜKAFATIDIR, AMMA...

Cəbi Bəhramovun fikrincə, qısqanclıqdan bunu etiraf etmək istəmirlər: «Mən bir dəfə Nobellərin Bakıdakı fəaliyyətinin 130 illiyi ilə bağlı konfransda da bunu dedim. Dedim bu mükafat Sülh mükafatıdır, qeyri-adi fəaliyyətlərə görə, insanlıq üçün böyük əhəmiyyət kəsb edən işlərə görə verilir. Amma təəssüf ki, siz bu mükafatı elə adamlara verirsiniz ki, onların əli Azərbaycan xalqının qanına batıb. Onlardan biri Qorbaçovdur».

BİLİRDİ Kİ, MİLLƏTİN GƏLƏCƏYİ ELMDƏDİR

Söhbəti təsadüfən bu məcraya gətirmədiyini vurğulayan tarixçi alimin qənaətincə, o dövrdə bu sahədə Nobellərlə üz-üzə gələn, çox hallarda da Nobellərə qalib gələn şəxs Tağıyev imiş: «Tağıyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük övladlardan biridir. O, öz dostunu da yaxşı tanıyırdı, düşmənini də. O bilirdi ki, millətinin gələcəyi elmdədir, təhsildədir. Xüsusilə qızların, qadınların təhsilinə böyük önəm verirdi. Odur ki, Azərbaycanın XX əsr tarixində, dövlətçilik tarixində müstəsna xidmətləri olan insanların təhsil almasında onun ayırdığı vəsaitlərin çox böyük rolu var».

İSTƏRDİM Kİ, BU MƏKTƏB BARƏDƏ FİLM ÇƏKİLSİN

Cəbi Bəhramov Bakıda açılmış ilk Müsəlman Kübar Qızlar Məktəbi barədə arzusunu da dilə gətirdi:

Qafqazda ilk Müsəlman Kübar Qızlar Məktəbi

«İstərdim ki, bu məktəb barədə sənədli və bədii film çəkilsin».

Tarixçi alimin fikrincə, o dövrdə İslamın, «Qurani Kərim»in prinsipləri doğru-düzgün təqdim edilmədiyindən, insanlar təhsilə bir günah kimi baxırdılar: «Hacı müdrik adam idi. Öz dostları ilə, xüsusən hədsiz hörmət etdiyi Axund Əbu Turabla məsləhətləşir. Hətta dostlarından bir neçəsinə təcavüz olunur ki, siz nə edirsiniz, qadın oxumamalıdır! Hacı dediyindən dönmür. Şəhərin tanınmış din xadimlərini evinə qonaq çağırır. Etirazla qarşılanır. Dini mərkəzlərə məktub yollayır. Cavab alır ki, «Quran»da qadının təhsil alması barədə yasaq yoxdur».

HACI MƏKTƏBƏ NƏ QƏDƏR PUL QOYUR?

«İz»in bələdçisinin dediyinə görə, Hacı bu işə 1897-ci ildən başlayır: «Daxili təzyiqlərdən başqa Rusiya imperator idarələrinin süründürməçiliyi də var idi. Odur ki, məktəbi açmaq asan məsələ deyildi. 4 il icazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə, binanın tikilişinə sərf edilir. Hacı məktəbə 183 min 533 rubl pul xərcləyir. İndiki pula çevirəndə, bu, milyonlar edir».

«İSMAİLİYYƏ»NİN DÜZ YANINDA...

Müsəlman qızlar məktəbi üçün yer «İsmailiyyə» binasının düz yanında (keçmiş Nikolayevsk, indiki İstiqlaliyyət—S.İ) alınır. Binanı məşhur memar İ.V.Qoslavskinin layihələndirdiyini deyən Cəbi müəllim indi orada Əlyazmalar İnstitutunun yerləşdiyini bildirir: «O tarixi hadisələrə baxanda, adam qürur hissi keçirir. Fikirləşirsən ki, bu adam (Hacı Zeynalabdin) millətinin gələcəyini necə düşünürmüş, necə uzaqgörən addımlar atırmış! Hadisələrin sonrakı gedişi də bunu göstərdi. 1918-ci il mart hadisələrini xatırlayın. Hacı olmasaydı, fəlakətin miqyası ölçülməz olardı...».

QIZLAR MƏKTƏBİNƏ KİMLƏR DƏSTƏK VERDİ?

Cəbi Bəhramov yalnız bu işə əngəl olanlardan deyil, dəstək olanlardan da danışdı: «Həsən bəy Zərdabi (Qəyyumlar Şurasının üzvü idi - S.İ.) və ömür yoldaşı Hənifə xanım (Hənifə xanım məktəbin rəhbərlərindən biri idi - S.İ.), Hacının ikinci həyat yoldaşı Sona xanım Tağıyeva (Sona xanım həm də Qəyyumlar Şurasının üzvü idi—S.İ.),Əlimərdan bəy Topçubaşov və başqaları. Sonralar Cümhuriyyəti quranlardan da bu siyahıda vardı».

1901-Cİ İL OKTYABRIN 7-Sİ... BUNDAN GÖZƏL AÇILIŞ OLA BİLMƏZDİ!

Hacı Zeynalabdin Tağıyev axır illərində Mərdəkandakı bağ evində.Yanında qızlarından biri və onun övladları.

Aparıcının «Xəyalən 1901-ci il oktyabrın 7-sinə qayıdaq. Səhər necə açıldı» sualının cavabında Cəbi müəllim bunları söylədi: «Çox gözəl bir səhər idi! Təntənəli açılış mərasimi oldu. «Kaspi» qəzeti həmin hadisəni təsvir edərək yazır ki, Nikolayevsk küçəsindəki gözəl imarət bayraqla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-dək dəvətlilərlə-- şəhərin əyan və əşrəfləri ilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi—«Çox yaşa, Hacı!». Bax, bundan gözəl açılış ola bilərdimi? Odur ki, ürəklə demək olar ki, Hacı cismən olmasa da, mənən həmişə bizimlədir. Həyatımızın hər bir yerində o böyük kişi var! Kaş indi—müstəqil Azərbaycanda belə insanlar olaydı!».

MƏKTƏBDƏ OXUMA ŞƏRTLƏRİ NECƏ İDİ?

Cəbi müəllimin dediyinə görə, Nizamnaməyə əsasən, qızlar elə məktəbin binasında qalırdılar. Tədris kursu isə «müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla, əl işləri və evdarlıq üzrə əlavə siniflə» rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu: «Qızlar təhsilə 7 yaşından başlamalı və 4 il oxumalı idi. Tədris rus dilində aparılırdı. Eyni zamanda Azərbaycan dili və din dərsləri keçirilirdi. Birinci il Hacı 35 kasıb şagirdi öz hesabına oxudurdu. Qafqazın bütün regionlarından gəlmiş şagirdlərin cəmi sayı isə 58 idi. Bu məqsədlə Rusiyanın digər bölgələrindən müəllimlər dəvət edilirdi».

ŞAGİRDLƏR NECƏ GEYİNİRDİLƏR?

Şagirdlərin geyim formasının o dövr üçün çox müasir sayan qonağımız-- «ağ yaxalıqlı, başlıqlı və Avropa üslubunda olan uniforma idi, rus-bolşevik işğalından sonra sovet məktəblilərinin geyimi də buradan götürülmüşdü»—deyə əlavə etdi.

--Tağıyevin Müsəlman Qızlar Məktəbində daha nələr var idi?
--Şagirdlərə hansı fənlər keçilirdi?
--Şagirdlərin gigiyenasına necə baxılırdı?
--Məktəbin bir şagirdi –Dostu Səfərova 45 il sonra--1956-cı ildə yazdığı xatirələrində oranı necə təsvir edirdi?
--Məktəbin adı tarixdə əbədiləşmiş hansı şagirdləri olub?
--Tağıyevin Müsəlman Qızlar Məktəbi olmasaydı, Azərbaycan nə itirərdi?


Bu sualların cavabını «İz»i dinləməklə eşidə bilərsiniz.