Ştrasser Azərbaycana vaxt qoydu

Kristof Ştrasser

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser (Christoph Strässer) viza üçün yenidən rəsmi Bakıya müraciət edib. O, noyabrın 4-ə kimi Azərbaycana gəlmək istəyir.

Azərbaycan hakimiyyəti indiyə kimi K.Ştrasserə viza verilməməyini onun mandatı ilə izah edir. Rəsmilər bildirirlər ki, Azərbaycanda siyasi məhbuslarla bağlı meyar müəyyən olunmayıb, bu səbəbdən də K.Ştrasserin səfəri mənasız xarakter daşıyır.

VİZA ALA BİLMƏSƏM...

Bu il oktyabrın 5-də AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində qərara alınıb ki, siyasi məhbus problemi tək Azərbaycanda deyil, quruma üzv olan bütün dövlətlərdə araşdırılsın.

K.Ştrasser oktyabrın 22-də AzadlıqRadiosuna müsahibəsində bildirib ki, kompromis məqsədilə mandatının adı dəyişdiriləndən sonra o, viza üçün müraciət edib, amma hələ də rəsmi cavab almayıb:

«Mən bilmirəm bu nə qədər doğrudur, amma biz eşitmişik ki, noyabrın 16-da Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Parisdə Komitənin iclasında mandatın adının dəyişdirilməsinin başqa ölkələrə də aid olub-olmayacağını aydınlaşdıracaqlar. Ola bilsin ki, onlar mənim mandatımın digər ölkələr üçün də açıq olmasını istəyirlər. Ancaq mənim niyyətim noyabrın 4-də Azərbaycana səfər etməkdir. Viza ala bilməsəm, noyabrın 16-da Parisdə məsələyə dair dinləmə keçirəcəyəm. Ola bilsin ki, Azərbaycana faktaraşdırıcı missiya baş tutmadan hesabat hazırlansın».

ELMAN ABDULLAYEV: «HEÇ AVROPA ŞURASINDA DA SİYASİ MƏHBUS ANLAYIŞI YOXDUR»

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev AzadlıqRadiosuna bildirib ki, onların K.Ştrasserə bir Almaniya vətəndaşı kimi viza vermək problemləri yoxdur: «Amma siyasi məhbus mandatı altında gəlməyini düzgün saymırıq. Heç Avropa Şurasında da siyasi məhbus anlayışı yoxdur. Bu mənada Azərbaycana qarşı ədalətsiz mövqe tutulur».

«Mandatın adı dəyişdirilibsə, necə, viza imtinası yenə qüvvəsində qalır?» sualının cavabında Elman Abdullayev deyib ki, adın dəyişməsi niyyəti dəyişmir: «Təkrar edirəm, Avropa Şurasında siyasi məhbus anlayışı ilə bağlı hər hansı hüquqi baza yoxdursa, onda bizim ölkəyə niyə bu məsələylə bağlı məruzəçi göndərilməlidir? Bir də niyə məhz Azərbaycan? Başqa ölkələrdə, məsələn, Ermənistanda 2008-ci ilin qanlı mart hadisələrinə niyə diqqət yetirilmir?».