Eyvaz Zeynalov "Gurultu" (Hekayə)

Elmanın atası erkən rəhmətə getmiş, kiçik bacısı ilə anasının ümidinə qalmışdı.

Anası onların oxuduğu məktəbdə süpürgəçiydi. (Xadimə də deyirdilər, guya belə mədəni idi.)

Bərkə düşəndə, yəni bir balaca əyişəndə sinif yoldaşlarının başlarına qaxdıqları, lağa qoyduqları bu süpürgəçiliyə görə onlar məktəb illərində maddi sıxıntıdan daha artıq mənəvi sıxıntı çəkmişdilər.

İllah da Elman. Bacısı bir utanıb-sıxılardısa (tək anasına görə), o, iki, ikiqat utanıb-sıxılardı; həm anasına, həm də hər gün dərs qurtarandan sonra sinif otaqlarının təmizlənməsində, yuyulub yığışdırılmasında ona kömək edən bacısına görə!

Hər iki sıxıntıdan yaxa qurtarmağın ən asan yolunu tez-tez dərslərdən qaçmaqda görərdi. Amma hara getsə, nə qədər hərlənib-fırlansa yenə evlərinin yaxınlığındakı bazarda bənd alardı.

Demək olar ki, yeniyetməliyinin çox hissəsi həmin bu bazarda keçmiş və elə orada da gəncliyinə qədəm qoymuşdu.

Əvvəllər bazardakı çayxanada su daşıyar, samovar qaynadar, stəkan-nəlbəki yaxalayar, çay paylayardı müştərilərə. Çayxananın sahibi diribaşlığına, işgüzarlığına, fərasətinə, nəyə, hansı işə buyursa, yarıtdığına görə onun xətrini çox istəyərdi. Haqqını artıqlamasıynan ödəyərdi.

Orta məktəbi ölüm-zülüm, birtəhər qurtardı. Attestatını süpürgəçiliyinə görə utanıb-sıxıldığı anasının xahiş-minnətiynən aldı. Ordu sıralarına yollandı. Elə ordakı xidmətini də ölüm-zülüm birtəhər yola verdi. Əsgərlikdən qayıdandan sonra baxıb gördü ki, bazardakı tanış-tunuşları, tay-tuşları artıq daha böyük, daha ciddi işlərlə məşğuldular.

O da daha böyük, daha ciddi işlərə girişmək həvəsinə düşdü. Çayxananı bəyənmədi. Təzədən orada işləməyi özünə nə yaraşdırdı, nə də sığışdırdı. Kim nə dedi, nə demədisə, nə fikirləşdi, nə fikirləşmədisə birdən-birə soraqlaşıb elə həmin bazarda gözəgəlim, “xadavoy” bir yerdə balaca bir dükan kirayələdi. Onu yavaş-yavaş, bala-bala ordan-burdan, ondan-bundan nisyə götürdüyü növbənöv siqaret, saqqız-maqqız, bakuş-makuş, cürbəcür bəzəkli şamlar, uşaq oyuncaqları, dəftər-qələm, hətta ilin fəsillərinə uyğun qarpız-yemiş, mer-meyvə, göy-göyərti ilə doldurdu.

Beləcə xırım-xırda alverə başladı. Qurşandı da demək mümkündü. Bir müddət heç pis də qazanmadı. Qazandığının qədrini bildi. Qəpiyi qəpiyin üstünə qoyub əlinə babat maya saldı. Mayasıynan bərabər canında o vaxta qədər görünməmiş bir evcanlılıq da baş qaldırdı. Özünün, bacısının, anasının əyin-başını təzələdi, gündəlik evə görüm-baxım elədi. İki-üç gündən bir artıq institutda oxuyan bacısının cibinə xırda-para xərclik qoydu. Bundan başqa, bir qədər də artırandan sonra ev-eşiyi dolandırmağa gücü çatdığını görüb çoxdankı, ilk arzularından birini də həyata keçirdi, yəni anasını işdən çıxartdı, arvadın canını bir zaman bacı-qardaş utanıb-sıxıldıqları süpürgəçilikdən qurtardı.

İndi anası ilə bacısının bir arzusu və bir qayğısı vardı. Gecə-gündüz qulağını doldururdular ki, qız tapmaq, evlənmək lazımdı, vaxtını keçirməsin. Qonşu-qonumda, qohum-əqrəbada tanıdıqları, təzə görüb xoşladıqları (elə bil gözləri birdən açılmışdı) gözəgəlim, yaraşıqlı, qəşəng qızları göstərir, evlənməyə, ailə qurmağa həvəsləndirir, tələsdirirdilər. Gözaltıladıqları, təriflədikləri bir-bir nişanlandıqca, ərə getdikcə elə yana-yana təəssüflənirdilər ki, guya dünya quruyacaq, qız qəhətə çəkiləcəkdi, daha heç kimi tapmayacaqdılar. Elman gülərək onları sakitləşdirir, inciməsinlər deyə arabir hər ehtimala qarşı söz verir, könüllərini alır, amma evlənməyə tələsmirdi. Biznesini inkişaf elətdirirdi.
Arada anasının, bacısının sözünə qulaq asıb evlənmək, qız almaq əvəzinə pulunu ödəyib bazarda kirayələdiyi balaca dükanı aldı. Yenə tay-tuşlarına baxıb kreditlə işlənmiş bir xarici maşın götürdü.

Qısa bir zamanda əldə etdiyi uğurları özünə, öz bacarığına, fərasətinə inamını xeyli artırdı. Ruhlanaraq adlı-sanlı böyük bir biznesmen olmağı qarşısına məqsəd qoydu. Çox da orta məktəbdə yaxşı oxumamış, ali təhsil almamışdı. Bunun heç o qədər marağında da deyildi. Hardasa, haçansa, kimdənsə eşitmişdi ki, dünyanın ən böyük, ən varlı biznesmenlərinin çoxu bazar uşaqları, bazar adamları arasından çıxıb. Belə götürəndə o da bazar uşağı, bazar adamıydı. Deməli, tanınmış, böyük bir biznesmen olmağa elə bəri başdan şanslıydı. Hələlik heç olmasa öz qəsəbələrində, öz rayonlarında...

Çox ehtimal ki, təsadüfi bir tanışlıq baş verməsəydi, Elman bu gedişatla, doğrudan da, böyük, tanınmış, həm də təkcə bir qəsəbə, bir rayon üzrə deyil, ölkə, hətta bəlkə bütün dünya üzrə tanınmış ən görkəmli biznesmenlərdən, milyonçulardan biri olacaqdı...

***

Bəli, günlərin bir günü o, təsadüfən təzə fəaliyyətə başlamış iqtidaryönlü bir partiya rəhbəri ilə tanış oldu. Bəri başdan deyim ki, Elman savadsız olsa da təbiətən, elə başdan-binadan iddialı adamdı. Təbii, əlinə pul gəldikcə iddiası ilə bərabər lovğalığı, özündənmüştəbehliyi də durmadan artmaqdaydı. Ağzını açdımı yekə-yekə danışmağı, elədiklərinin üstünə beşini də qoyub yalandan şar kimi şişirtməyi, hapa-gopa basmağı xoşlayır, həm də yaxşı bacarırdı. Qulaq asanlar heyran qalır, belə bir ümidverici, bacarıqlı, imkanlı cavanla tanışlıqlarını özləri üçün şərəf sayırdılar.

İqtidaryönlü partiya rəhbəriynən tanışlıq elə təxminən belə bir atmosferdə keçdi. Qoy bunu da deyim ki, elə bu adam, yəni partiya rəhbəri də yekə-yekə danışmaqda, özünü öyməkdə, dartmaqda heç Elmandan geri qalan deyildi. Bir hapa-gopa basırdı ki, gəl görəsən. Guya partiyası tez bir zamanda ölkədə ən qabaqcıl, ən qüdrətli partiyalardan birinə çevriləcəkdi. Milli məclisə növbəti seçkilərdə lap azından beş-altı yer götürəcəkdilər. Həm də, deməyəsən, onların fəaliyyətini lap yuxarılarda, hakimiyyətin həm alt, həm də üst qatlarında, mərtəbələrində də bəyənir, dəstəkləyirdilər...

Düz sözdü ki, su axar, çuxuru tapar. Partiya rəhbərindən geri qalmamağa çalışan Elman da biznesinin gündən-günə çiçəkləndiyindən söhbət açdı. Guya neçə yerdə obyekti, villası, maşını, dəm-dəsgahı vardı...

İlk tanışlıqdan bu adamın Elmandan, Elmanın da bu adamdan xoşu gəldi, bir-birini bəyəndilər. Bir-birindən bərk yapışmaq, öz məqsədləri üçün istifadə etmək, yararlanmaq fikrinə düşdülər. Partiya rəhbəri düz-əməlli tanımaya-tanımaya Elmanı tərifləyib göylərə qaldırdı. Guya belə bir bacarıqlı, fərasətli, işgüzar cavanın, şair demiş, yeri-yurdu səhv düşmüşdü. Bazarda, piştaxta arxasında paslanmağı, çürüməyi insafdan deyildi, günahdı. Söz verdi ki, tezliklə, əlbəttə, özü istəsə, onu bu bazar çamurundan, bataqlığından dartıb birdəfəlik çıxardacaq. Dedi, əlbəttə, bunu da dedi ki, onun yeri bazar yox, böyük, işıqlı, qəşəng katibəli-filanlı kabinetlər, nəhəng salonlardı.

Partiya rəhbərindən eşitdikləri canına sarı yağ kimi yayıldıqca qulaqları ondan xəbərsiz, icazəsiz qızardı, köz-köz oldu (demə, abır-həyası hələ tamam itməyibmiş), onların hesabına bir az utanıb-sıxıldı. Amma bu utanıb-sıxılmaq bir zaman anasının süpürgəçiliyinə görə utanıb-sıxılmaqdan deyildi.

***

Elman təzə tanışından ayrılandan sonra, necə deyərlər, papağını qabağına qoyub yaxşı-yaxşı, həm də çox, lap çox fikirləşdi və bu adamı haqlı saydı. Fikirləşdi ki, başqası onu bazar-dükana layiq bilmirsə, özü özünü niyə bazar-dükana layiq bilməlidi? Elə o gündən də biznesə-filana olan marağı, həvəsi hələ tamam parlamamış söndü, qarşısını qara buludlar aldı. Lapdan, birdən-birəcə siyasət meydanına atılmaq, atını daha geniş bir meydanda səyirtmək eşqinə düşdü. Özünə haqq qazandırmaq üçün başqa bir məşhur, əvvəlkindən fərqli fikrə, deyimə bel bağladı. Guya dünyada tanınan bir çox inqilabçılar, siyasətçilər elə məhz küçə, bazar uşaqları, bazar adamları arasından çıxmışdı. Deməli, onun da böyük, adlı-sanlı inqilabçı, inqilabçı olmasın, siyasətçi olmaq şansı vardı! Elə isə niyə bazarda, piştaxta arxasında pas atmalı, çürüməliydi? Çox da institut qurtarmamışdı, savadsızdı. Danışmağa, yalan-palan toqqaşdırmağa nə savad? Görmədin, necə hapa-gopa basdı, basıb-bağladısa, o boyda partiya rəhbəri bircə anda ona vuruldu, hayıl-mayıl oldu. Gurultu lazımdı, gurultu! Sonradan yağıb-yağmamaq o qədər də vacib deyil! Guruldamaqla yağmağın arası bir göz qırpımı kimi görünsə də əslində belə deyil, dərindən fərqinə varsan, arada nə qədər vaxt məsafəsi var! Məqamında bu da kifayıtdi!..

Elman üzünə açılan bu xoşbəxtlik qapısından evdəkiləri, bir-bir anasını, bacısını da keçirtdi. Onları da sevindirdi, xeyir-dualarını aldı. Anası, bacısı elə də, belə də artıq ona böyük adam kimi baxır, sayğı ilə yanaşırdılar. Onunla fəxr edirdilər.

***

İqtidaryönlü partiya rəhbəriynən ikinci görüş Elmanın təşəbbüsü ilə baş tutdu. Bəhanəyə nə gəlmişdi! İşindən nə qədər soyusa da bu arada onun biznesi bir az da irəli getmiş, daha artıq gəlir gətirmişdi. Siyasət meydanında at oynadan partiya rəhbərinin də işləri yerində saymamış, xırda-para da olsa bəzi uğurlar qazanmışdı. Odu ki, görüş zamanı hər ikisinin özünü öyməsi, tərifləməsi üçün ciddi əsasları vardı. Ancaq budəfəki söhbətləri daha açıq, daha konkret oldu.

- Hə, nə qərara gəldin, qardaşım? - Təzə tanışı soruşdu. - Bəlkə qurub-qoşaq qəsəbənizdə, lap elə rayonunuzda partiyamızın rayon təşkilatını yaradaq, səni də hələlik ona sədr seçək?

- Bəs hələlik niyə? - Elman başa düşmədi.

- Sən daha böyük vəzifələrə layiqsən, qardaşım!

- Təşəkkür edirəm! - Şadlığından çiçəyi çırtlasa da Elman sevincini büruzə vermədi, bazarın, alver-gilverin dərslərindəndi. - Yəni mümkündü? Bacararam?

- Hamısı öz əlimizdə deyilmi, qadası! - Partiya rəhbəri lovğalandı. - Bacarmaq deyəndə, orda çətin bir iş də yoxdu. Alveri bacarırsansa, onu da bacararsan.

- Alver başqa, siyasət başqadı axı. - Elman bilmədən, fərqinə varmadan təvazökarlıq nümayiş elətdirdi.

- Yanılırsan, canım, - Partiya rəhbəri çırt ataraq güldü. - Ən böyük siyasət elə alverdi. Alveri bacaran adamın böyük siyasətçi olmaq şansı bankda pulu, yatırımı olmaq kimi bir şeydi.

- Olsun, elə isə mən razı. Öyrədərsiniz, əl-ələ verib işləyərik.

- Öyrədərəm, əlbəttə, öyrədərəm. Bilirdim ki, sözümü yerə salmayacaqsınız. Mənə sizin kimi istedadlı kadrlar lazımdı.

Hə də, partiya rəhbəri də elə onun tayıydı, arxı tullanmamış bərəkallahını da söylədi. Təkrar dedi ki, onu təkcə rayon təşkilatının sədri seçdirməklə kifayətlənməyəcək. Bu, başlanğıc, ilk addım olacaq. Dalınca onu mərkəzi aparata gətirəcək, pillə-pillə böyüdəcək. Milli Məclisə növbəti seçkilər zamanı özüynən bərabər onun da namizədliyini irəli sürdürəcək. O da deputat seçiləcək, Milli məzclisdə yanaşı əyləşəcəklər, birlikdə ölkənin, millətin taleyini həll edəcəklər, ölkələr dolaşacaq, süd gölündə üzəcəklər və s. və i.

Zalım oğlu bircə anda elə basdı-bağladı ki, Elmanın biznesə olan-qalan marağı, həvəsi də o saat tamam öldü. İndi o, artıq seçilməyə-seçilməyə özünü ən aşağısı partiyanın rayon təşkilatı üzrə sədri sayırdı. Buna da şükür, yoxa lənət! Bundan belə daha ona bazarda, piştaxta arxasında dayanmaq yaraşmazdı!

Alverdən büsbütün soyuyan, partiya rəhbərinə qoşulsa da, hələ bir yana bir şey qoymayan Elman tez bir zamanda tamam dəyişdi. Həm də təkcə daxilən yox (daxilən onsuz da partiya rəhbəri ilə lap ilk görüşündən çarxı çönmüşdü), xaricən də. Birinci növbədə, bazardan dükanına münasib, ürəyi qızan bir satıcı tutdu. Köhnə cib telefonunu dəyər-dəyməzinə birinə sırıyıb təzə, bahalı bir cib telefonu, iki dəst bahalı xarici kostyum, onlara düşən bir cüt bahalı xarici köynək, bir cüt də bahalı xarici qalstuk aldı. Bura qədər gündəlik çəkdiyi cürbəcür ucuz siqaretlərin əvəzinə bundan sonra bahalı siqaret çəkməyə başladı. Gündəlik oturub-durduğu, yoldaşlıq etdiyi adamları, tay-tuşlarını da dəyişdi, daha onları da bəyənmədi. Yavaş-yavaş iqtidaryönlü partiya funksionerləri, partiya rəhbərləri ilə oturub-durmağa, yoldaşlıq eləməyə başladı. Hər cəhətdən onlara oxşamağa çalışırdı. Bütün hərəkətləri, danışıq ədası ilə onları, xüsusən, onu bu zümrəyə qoşmuş partiya rəhbərini yamsılayırdı.

Qafasının boşluğuna tezcə bələd olan partiya rəhbəri ümidini Elmana yox, onun cibinə bağlamışdı. Onların nə qədər dolu olub-olmadığını bilməsə də, hələlik maşınından gen-bol istifadə edir, gün axşamacan hara istəsə, ora sürdürür, rahatca iş-gücünü görürdü. Hər halda, cibindəkilərin partiyanın rayon təşkilatının təməlinin, bünövrəsinin qoyulmasına çatacağını düşünürdü. Qalanı sonranın işiydi. Bir də, hələlik Elmandan sərfəli namizədi yoxdu. Odu ki, ondan bərk yapışmışdı. Rayon təşkilatlarının sayını artırmaq lazımdı...

***

Elman özünü oda-közə vurdu, minnət-sünnət qohum-əqrəbasını, dost-tanışını rayonun iclas zallarından birinə topladı. Hamısına bəri başdan söz verdi ki, əgər rayon təşkilatının sədri seçilsə, daha doğrusu, seçsələr, gələcək fəaliyyəti dövründə iclasda iştirak edən, ona səs verənlərə hər bir işdə arxa-dayaq duracaq, dara düşəndə dardan qurtaracaq. Əksinə, saya salmayıb bu iclasa gəlməyən, ona səs verməyən, rayon təşkilatının sədri seçilməsinə zamin durmayan qohum-əqrəbasına, dost-tanışına ölsə də yaxın durmayacaq, yardım əlini uzatmayacaq, hətta lazım gələndə yaralı barmaqlarına belə filan-filan eləməyəcək...

İclasda iştirak edən bəzi bədxahların əlinə yaxşı girəvə düşmüşdü. Tez Elmanın bu ismarıcını vacib işi olub üzürlü səbəbdən iclasda iştirak edə bilməyən, yaxud heç bir işi-gücü olmayıb sadəcə onu saymayan, bu həngamədən ağlı bir şey dadmadığına görə ismarıcını qulaqardına vuran yaxınlarına çatdırdılar. Bu da bir cür hayıf almaq, acıq verməkdi. Camaat hər şeydən faydalanmağı, yararlanmağı bacarırdı.

Birinci ismarıcı qulaqardına vuran, ikinci ismarıcı gözlərinin altına alan qohumlar, tanış-bilişlər bərk peşimançılıq hissi keçirdilər. Guya o günə qədər Elman partiya rəhbəri, lənət sənə kor şeytan, daha doğrusu, rayon təşkilatının sədri deyildi, işləri hamısı böyrü üstəydi, heç getmirdi, acından qırılırdılar, yaxud yaralı barmaqlarına filan-filan eləyən tapılmırdı...

Şefi iclasda seçicilərinə müraciətlə söyləmək üçün Elmana komputerdə yazdığı əl boyda bir nitqin mətnini vermişdi ki, əvvəlcədən oxuyub tanış olsun, hazırlaşsın. O da neçə gündü gah bu, gah da o biri təzə, bahalı xarici kostyumunu, köynəyini geyinib, onlara düşən, yaraşan qalstukunu bağlayıb güzgünün qabağında dayanır, əvvəl həmin mətni üzünə bərkdən oxuya-oxuya, sonra əzbər söyləməyə çalışaraq məşq eləyirdi.

Arada bir bununla kifayətlənmədi, özünü xəyalən iclas salonunda hiss eləmək üçün köhnə (təzəsini almağa macal tapmamışdı) ortalıq stolunu kürsü əvəzinə evin baş tərəfinə çəkdi, anası ilə bacısını qarşısında oturdub həmin mətni əzbərdən söyləməyə başladı. Guya böyük natiq, orator, anası ilə bacısı da salonda əyləşən çoxsaylı seçiciləriydi. Amma nə qədər cəhd etdisə, nitqini korafəhm şagird kimi axıracan əzbər söyləyə bilmədi. Halbuki iki-üç dəfə eşitməklə o mətni təkcə bacısı deyil, zır savadsız, bir zaman süpürgəçiliyinə görə utanıb-sıxıldığı anası da başdan ayağacan əzbərləmişdi. Elman hər dəfə karıxanda ana-bala əllərini ağızlarına tutub unutduğu sözləri teatr suflyoru kimi yer-yerdən ona pıçıldayırdılar. Həm də öz aləmlərində bunu gizlicə eləyirdilər. Nəhayət, çulunu ala-babat sudan çıxartdığını görən anası böyük bir nigarançılıqdan qurtarmış kimi nəfəsini dərindən dərib ayağa qalxdı. Onu qəhrəman kimi bağrına basdı, o üz-bu üzündən marça-murçla öpdü.

- Sağ ol, ay bala, - dedi, - sən daha əsl sədrsən!
Əslində yazıq arvad onları saatlarla qarşısında oturmaq əzab-əziyyətindən qurtardığına görə oğluna alqış eləyirdi. Anasının dalınca razılığını bildirən bacısı dolayısı ilə narazılığını da çatdırmaqdan çəkinmədi.
- Qardaş, eşitmisən ki, təkrar biliyin anasıdı, ancaq ögey anası olduğunu bilmirsən. O qədər təkrarlamısan ki, başında aləm bir-birinə qarışıb. Başını bir az dincə qoy.
Qardaşı da həmin axşam bacısının sözüynən düz səhərəcən başını dincə qoydu. Di gəl sübh tezdən onun əsəbi səsinə, təpiyini acıqla yerə döyməyinə ayıldılar. Ana-bala elə alt paltarlarında, tfu, daha doğrusu, gecə köynəklərində Elmanın yataq otağına cumdular. Baxdılar ki, əynində təzə kostyumu, köynəyi, yaxasında da onlara düşən təzə qalstuku yenə güzgünün qabağındadı. Əl boyda “konspektini” ovcunda gizlədərək bərkdən nitq söyləyirdi. Arabir çaşıb dayanır, kənardan baxırlarmış kimi oğrun-oğrun, gizlicə əlindəki kağıza göz yetirir, təzədən coşurdu. Gecə köynəyindəki anasıynan bacısı qapının ağzında ta o vaxta qədər lal-kar dayanıb həyəcanla gözlədilər ki, Elman, nəhayət, nitqini qan-tər içində birtəhər sona çatdırdı. Bacısı sevincək bərkdən:

- Bravo!.. - deyib özünü qardaşının üstünə atdı, anası da dalınca.
Bütün bu həngamədən, əzab-əziyyətli hazırlıqdan-filandan sonra adama elə gəlirdi ki, Elman iclas zalında, qohum-əqrəbasının, tanış-tunuşunun qabağında nitqini lap bülbül kimi ötəcək. Təəssüf ki, belə olmadı.

Özünü bu görüşə nə qədər möhkəm hazırlasa, kürsüyə inamla yaxınlaşsa da ağzını açıb danışmağa başlayanda ürəyi quş ürəyi kimi çırpındı, ayaqları əsməcəli adamların ayaqları kimi titrədi. Bir-iki kəlmə demişdi ki, dil-dodağı təpidi. Yaxşı ki, qabaqcadan kürsüyə bir butulka qazlı, bir butulka da qazsız su qoydurmuşdu. Gah qazlı, gah da qazsız sudan dalbadal süzüb nə qədər hortuldatsa da hıqqıldaya-mıqqıldaya şoğərib nitqini heç yarılaya da bilmədi. Huşundan tamam çıxdı. Yaddaşının altını üstünə, üstünü altına nə qədər çevirsə, qurdalasa da heç nə alınmadı. Bir də gördü ki, zalda, lap qabaqda əyləşən bacısı əlini ağzına tutub (guya heç kim görmür, eşitmirdi) nitqinin yadından çıxan hissəsini pıçıldayır. Bu yaddaşını təzədən səfərbər etməkdənsə qafasını tamam qarışdırdı. Pörtüb qırmızı çuğundura döndü. Yəqin həmin dəqiqə paltarlarını soyundurub baxsaydılar, bədənini də eyni rəngdə görərdilər. Yalançılar sözü, boyun-boğazının, üz-gözünün tərini sildiyi cib dəsmalından damcılayan tər-su da qırmızıya çalırdı.
Binəva anası axır bu dərdə, bu əzab-əziyyətə dözmədi. Harda olduğunu unudub ayağa qalxdı, üzünü ona tutaraq unutduğu növbəti cümləni hamının eşidəcəyi bir səslə bərkdən söylədi. Sürəkli bir gülüş, boğuq uğultu səsi zalı başına götürdü. Qarışıqlıqdan istifadə edən partiya rəhbəri (yuxarıda əyləşmişdi) ona tərəf çönüb işarəynən pıçıldadı:

- Çıxart, çıxart kağızı üzünə oxu, tez ol!..
Elman tez nitqi yazılmış bir parça kağızı (neçə gündə artıq əzik-əzik olub əskiyə dönmüşdü) təzə, bahalı xarici kostyumunun cibindən çıxardıb utanmadan (o hayda utanmaqmı yada düşürdü?), amma tər axıda-axıda üzünə oxumağa başladı. Həm də kimi üçün gülməli, kimi üçün də ağlamalı, biabırçı bir tərzdə. Məsələn, tərslikdən mətndəki dekabr ayı rum rəqəmi ilə belə yazılmışdı: xıı, yəni on iki. Elman rumca on ikini kağızda necə yazılmışdısa, elə də səsləndirdi: iks, bir, bir. (Anası heç, evdə bacısı da nədənsə bunun fərqinə varmamışdı.) Üstəlik ayıbını qanmayıb iki daşın arasında başını qaldıraraq pıqqıldaşanlara gözünü ağartdı, pis-pis çəmkindi. Sakitləşməyəndə: “nədi, nəyə gülürsünüz?”, - deyib hədələyici bir tonda əyləşənlərə acıqlandı da.

Nə isə, nitqini beləcə birtəhər başa vurdu. Bayaqdan yuxarıda ona görə narahatlıq keçirən, yerində qurcalanan, əyləşənlərin qarşısında xəcalət təri axıdan (hər şeydən əvvəl onun irəli sürdüyü kadrdı, adama deməzdilərmi, bu nə şoudu belə?) partiya rəhbəri, nəhayət, bir balaca sakitləşdi, nəfəsini rahat dərdi. Amma demə, yenə tələsmişdi.

Birdən Elman nədənsə bir-iki kəlməlik də kağızsız, “konspektsiz” danışmaq fikrinə düşdü. Görünür üzünə oxuya-oxuya həyəcanı bir az səngimiş, özünə inamı artmışdı.

- Əziz yoldaşlar! - Ürəyi istəyən tək alınmadığını duyub üz-gözünü qırışdırdı, təzədən müraciət etdi. - Əziz seçicilər! Əgər bizim partiyamız və onun fəaliyyəti ilə ətraflı, hərtərəfli tanış olmaq istəsəniz, internat saytımıza girib baxa bilərsiniz.
Sözünü axıra çatdırmamış salondakılara qeyri-müəyyən bir nəzər fırladıb təbəssümlə əl çaldı. Bununla əyləşənlərə əl çalmağı xatırlatmaq istəyirdi. Gözlədiyinin əksinə olaraq zalı yenidən gülüş və boğuq uğultu bürüdü. Düzdü, onun əl çalmağına baxıb tək-tük əl çalan da oldu. Bunlar deyilənləri eşitməyib bir-biriynən şirin-şirin söhbətləşən, məsələdən xəbərsiz qalanlardı. Kar iki dəfə gülər, böyür-başdan soruşub öyrənəndən sonra ikinci dəfə, başqa cür güləcəkdilər.

Zaldakıların əl çalmaq əvəzinə nədən ağızlarını ayırıb bərkdən hırıldadıqlarını başa düşməyən Elman suyu süzülmüş keçib partiya rəhbərinin yanında əyləşdi. Yalnız bu vaxt ordan-burdan adda-budda çəpik səsləri eşidildi. Elə bil əl çalmaq birdən yadlarına düşmüşdü.

Şefi, partiya rəhbəri əyilib qulağına əsəbiliklə:

- İnternat yox, internet, - pıçıldamaqdan özünü saxlaya bilmədi.
Salondakılar eşitməsələr də onun nə pıçıldadığını başa düşüb təzədən təkəmseyrək pıqqıldaşdılar.

- Nə fərqi var ey?.. - Hələ də qəbahətini qanmayan Elman özünü sındırmadı.
Əlbəttə, fərqi yoxdu, fərqi olsaydı, bu həngamədən sonra partiyanın rayon təşkilatının sədri seçilməzdi.

***

Rayon təşkilatının sədri seçilən Elman daha yerə-göyə sığmırdı. Seçki zamanı utanc gətirən məqamların hamısını unutmuşdu. Əvəzində forsu, lovğalığı birə-beş artmışdı. Halbuki fəaliyyəti hələ yalnız partiya rəhbərinə sürücülük eləməkdən ibarətdi. Axşamacan sükan arxasındaydı. Maşınının bakını benzinlə doldurur, şefini yanına alır, o rayon sənin, bu rayon mənim, idarə və təşkilatları dolaşırdılar. Guya şefi partiyanın işlərini qaydaya salırdı, bu da onun tökdüklərini yığır, ondan dərs alırdı. Əvvəllər biznesmen olmağı, xeyriyyəçi kimi tanınmağı qarşısına məqsəd qoymuşdusa, indi onu-bunu cürbəcür yollarla aldadıb pul yığmağı, başabəla siyasətçi olmağı, milləti yalançı vədlərlə barmağına dolamağı, necə fırlatmağı öyrənirdi.

Təzə bir vərdiş qazanmışdı. Gün axşamacan bahalı telefonu ilə oynayır, əylənirdi. Nə vaxt baxsan telefon ya əlində, ya da qulağındaydı. Ya kiməsə zəng vururdu, ya da kimsə ona zəng vururdu. Əslində bu zənglərin çoxusu görüntü üçün qabaqcadan danışılmış, təşkil olunmuş yalançı zənglərdi. Zəng gəlməyinə gəlir, eşidilirdi. Uzaqbaşı telefonu açıb qulağına tutuncaydı. Elə o saat əlaqə kəsilirdi. Amma Elman hələ bir müddət telefon qulağında öz-özünə yalandan danışırdı. Zəng vuranların əksəriyyəti yaxın adamlarıydı. Onlara kontur paylamış, bərk-bərk tapşırmışdı ki, hər yarım saatdan, bir saatdan bir ona zəng vursunlar. Həm də onların hər biriynən ayrılıqda danışıb hərəsinə bir şey boyun olmuşdu. Çalışırdı ki, aralarındakı bu sövdələşmədən o biri, ikincisi xəbər tutmasın. Hər halda, ona elə gəlirdi ki, zəng vuranlar bir-birindən xəbərsizdilər. Eybi yoxdu, hərdən onunla ordan-burdan boş-boş söhbətləşə, laqqırtı da vura bilərdilər. Ayının yüz oyunu arının minbir zəhmətlə ağac koğuşuna yığdığı bala görə deyildimi? Qoy kənardan baxanlar görsünlər ki, necə vacib, lazımlı bir adama, fiqura çevrilib. Hamının ona işi düşür, hamıya lazımdı. Onsuz keçinə bilmirlər.

Zənglər çox ara verəndə, bir az gecikəndə, xüsusən, özünü gözə soxmaq, təcili kiməsə göstərmək lazım gələndə, bərk əsəbləşir, heç nədən özündən çıxır, necə deyərlər, o dəqiqə itə-qurda dönürdü. Böyür-başında məsələdən xəbərsiz olanlar mat qalırdılar ki, görəsən qəfil buna nə oldu, hansı arı sancdı, ilan çaldı? Bir də zənglər üst-üstə düşəndə, ard-arda düzüləndə hirslənirdi. Telefonu söndürür, ədaynan ətrafındakılara qayıdırdı ki, ə, bu köpəyuşağı qoymur də bir saat nəfəsimizi rahat dərək, axşama qədər bax belədilər. Vicdan haqqı, bu zənglərin əlindən gecəm-gündüzüm yoxdu. Rahat yuxu yatmağa da imkan vermirlər. Yerimə girəndə telefonu söndürməyəm ha, zalım uşağı səhərəcən zəng vurasıdılar.

Kənardan bunları görən, eşidən onun necə gərgin, maraqlı bir həyat yaşadığına həm qibtə, həm də paxıllıq eləyirdi.

Şefiynən, partiya rəhbəriynən bir yerdə olanda əvvəlcədən telefonunu söndürürdü. Yadınıza salım ki, bunu özünə hədsiz sayğı, hörmət-izzət kimi başa düşən, qiymətləndirən şefi də Elman günlüydü. Hə, o da telefon ölüsüydü. Adam hər gün nə qədər ora-bura, ona-buna zəng vurar, yaxud adama gündə nə qədər zəng vurarlar? Hərdən onlara baxanda çaşıb qalırsan. Bilmirsən kim kimi yamsılayır, kim kimi təqlid eləyir, kim kimdən nəyi götürüb, nəyi götürməyib...
Partiya hələ düz-əməlli formalaşmamış, təşkilatlanmamış, fəaliyyətə başlamamış, xalq arasında özünü yaxşı tanıtmamış, Elman özünü hər şeyə qadir partiya funksioneri, işbaz kimi tanıda bilmişdi. Hamını inandırmışdı ki, əli hər yerə girir. Yuxarılarda sözü keçən, işini aşıran qüdrətli, güclü, həm də çoxsaylı adamları var. Nağıllardakı sehrli çubuq kimi bircə zəngi kifayətdi ki, istənilən çözülməyən məsələni çözsün, açılmayan düyünü açsın, düzəlməyəni düzəltsin. O qədər qudurmuşdu ki, işi düşən kim olur-olsun qorxu-hürkü bilmədən külli miqdarda rüşvət almaqdan belə çəkinmirdi. Adamı tutulanın adamını buraxdıracağına, uşağı instituta girə bilməyənin uşağını instituta düzəldəcəyinə, orduda xidmət eləmək istəməyəni əsgərlikdən saxladacağına, vəzifə həvəsinə düşəni vəzifəyə qoyduracağına, torpaq sahəsi istəyənə torpaq, ev verdirəcəyinə inandırır, pullarını alır, sağa-sola xərcləyirdi. Sabah nə olacaqdı, vecinə deyildi. Çoxundan şefinin xəbəri yoxdu. Əlbəttə, onun vasitəsi, onun əli ilə düzəltdiklərindən başqa.
Haqqüçünə, pulunu aldıqlarının arasında işini düzəltdikləri də az deyildi. Aça bilmədiyi qapıları əlindəki pullar (özgəsinin olsa da) asanca açır, yavaş-yavaş onu həm yuxarılar, həm də aşağılar arasında iş görən, iş düzəldən adam kimi tanıdırdı. Təbii, əlindən keçən pulların az hissəsi ona çatırdı. Qalanını yuxarılara, vasitəçilik etdiklərinin işlərini düzəldənlərə, yəqin onlar da daha yuxarılara ötürürdülər. Ötür-ötür dünyasıydı. Hardasa, zəncirin hansı həlqəsindəsə ilişən, qırılıb qalan da olurdu. Elə işlər vardı ki, aylarla düzəlmirdi. İmici xatirinə nə onları düzəldə bilmədiyini boynuna alır, nə də aldığı pulu geri qaytarırdı. Maraqlananda, dözməyəndə, zəhləsini tökəndə bir qədər də səbr etməyi, gözləməyi məsləhət görür, başqa sözlə, onu süründürdükləri kimi o da qeyrilərini süründürürdü. Bəzilərini isə verdiyi pullarının başına daş saldığına, qaytara bilmədiyinə görə elə özü süründürürdü. Hələ xəyalına da gətirmirdi ki, bütün bunlara görə günlərin bir günü onun özünü sürüyəcəklər...

***

Xeyirdə-şərdə Elman qazından-forsudan dağılırdı. Dost-tanışa o qədər sallaq salmır, salamı da minnətlə alır, minnətlə verirdi. Artıq özünü böyük siyasət adamı sayırdı. Xüsusi bir yerişlə yeriyir, istehzalı bir əda ilə danışır, hamıya üstdən aşağı baxırdı. Siyasətçinin dostu olmaz, partiya, iş yoldaşı olar, deyirdi.

Bir toydakı hərəkətləri dildə-ağızda nağıl kimi dolaşırdı. Bəlkə də ömründə ilk tamadaydı ki, onu sayıb qabağa çıxartmış, türkün sözü mikrofonu əlinə vermişdi ki, cavanları, bəylə gəlini təbrik etsin, valideynlərinə gözaydınlığı versin. O da bunun əvəzində ölkə başçısını, partiya rəhbərini uzun-uzadı mədh etmiş, onların atalıq qayğısından-filandan danışmış, bütün xeyir-şərlərin (bəli, bəli, xeyir-şərlərin) məhz onların atalıq qayğısı nəticəsində baş tutduğunu, təntənəli keçdiyini iddia eləmişdi. Guya əvvəllər xeyir-şərlərimiz eldə-obada çox sönük keçərmiş.
Qeyri-adi xeyir-duasını başa vurub mikrafonu tamadaya qaytararaq musiqiçilərə yanaşmışdı. Onların stoluna pul atmış, dövlət himnini sifariş vermişdi. Musiqiçilər tamada qarışıq karıxıb qalmışdılar gözlərini döyə-döyə. Elə bilmişdilər qulaqları səsə düşüb, səhv eşidiblər. Ona deyil, dövlət himninə hörmət xatirinə acizanə şəkildə bir də soruşmuşdular ki, havanız nədi, hansı havaya oynayacaqsınız?..
Bu zaman cib telefonu bayaqdan bəri artıq neçənci dəfə zəng çalmışdı. Elman telefonunu cibindən çıxardıb işgüzarcasına qulağına yapışdırmış, əsəbi halda, acıqlı-acıqlı qayıtmışdı ki, ə, adam balasısınız, imkan verin heç olmasa xeyirdə-şərdə bir hovur dincələk də. Deyəsən, telefondakı adam balası deyildi, adam balası kimi söz qanmırdı. Odu ki, Elman əlacsız qalıb özü adam balası kimi qımışaraq demişdi, ə, filankəs, yaxşı də, səbrin olsun, sənin işini artıq yuxarılarda danışmışam, bir-iki günə düzələsidi. Telefonunu da, telefondakını da sakitləşdirəndən sonra təzədən çalğıçılara tərəf dönmüş, sifarişini təkrarlamışdı: dövlət himnimizi çalın! Çalğıçılar daha söz güləşdirməyə cəsarət etməmişdilər. Alətlərini kökləyib yalan-yanlış dövlət himnini çalmağa başlamışdılar.
Çay gəlməmiş, daha doğrusu, musiqi çalınmamış tumanlarının balağını çırmayıb ortaya çıxanların əlləri-qolları havadan asılı qalmışdı. Lakin bəziləri, yaxşıca içib sərxoş olan, özünü unudanlar dınqıltı səsi eşidən kimi dalını-qabağını gözləmədən sındıra-sındıra, sına-sına qol götürüb dövlət himninə süzmüşdülər, salonda ara qarışıb məzhəb itmişdi. Bir kənara çəkilib bu həngaməyə (öz həngaməsinə) tamaşa edən Elman qəfildən mikrafonu qapıb xüsusi bir əda ilə bərkdən demişdi:

- Ay millət, ayıbdı, səs salmayın, himnimizə hörmət eləyin! - Sonra üzünü ortalıqda oynayanlara tutub təpinmişdi. - Siz də oturun yerinizdə! Adam himnə oynamaz! Himn çalınanda bir nəfər kimi ayağa qalxar, dinməz-söyləməz, farağat komandasında dayanıb qulaq asarlar!

Bu, ömrü boyu oğurluq-əyrilik, əyyaşlıq, arvadbazlıqla məşğul olub, qocalanda kimdənsə Quranı höccələməyi, hədisləri tərs-avand danışmağı öyrənən bəzi mollaların camaatı din-imana çağırması kimi bir şeydi...

***

İşi düşməyəndə şefini belə itirib-axtarmayan Elmanın artıq çarxı çönmüşdü, geri fırlanmaqdaydı. İşlərini kələf kimi elə dolaşdırmışdı ki, göydən allah da yensəydi aça bilməzdi. Nəzarətsiz buraxdığı “sədaqətli” satıcısı dükanının mallarını satıb-sovmuş, yeyib-dağıtmışdı. Kreditlə götürdüyü xarici maşının faizləri üst-üstə yığılmışdı, ödəyə bilmirdi. İşlərini düzəltmək adıynan camaatdan aldığı pulları havaya sovurmuşdu. Necə deyərlər, itə də bir əppək borcluydu. Tanış, yalançı zəngləri borclu qaldığı adamların zəngləri əvəz etmişdi. Bilmirdi onların əlindən hara qaçsın, başını hara soxsun. Təsadüfən tutduruq verdiyi adamların hərəsinə bir yalan satmaqdan bezmiş, yorulmuşdu...

Kənddə bir əmisi vardı. Anasıgil ismarıc göndərmişdi ki, gəlib buna ağıl versin, yolunu azmışı yoluna qaytarsın. Az-çox yenə ona qulaq asır, onu sayır, onu eşidirdi. Demişdilər ki, Elman artıq alver-gilverdən tamam əl çəkib, pis, əlləm-qəlləm adamlara qoşulub, fırıldaqçının, dələduzun birinə çevrilib, işlərini aşırmaq adıynan adamları aldatmaq, rüşvət yığmaqla məşğuldu. Son vaxtlar nə dolanışıqları dolanışıqdı, nə də dinclikləri. Elmana görə bərk narahatdılar. Qorxurdular ki, pullarını alıb işlərini görə bilmədiyi adamlar günlərin bir günü onun axırına çıxalar.

Əmisi onu yalnız ikinci gün, axşamtərəfi tuta bildi. Buna yaxalamaq da demək olardı. O saat da əsas məsələyə keçdi.
- Bu nə haqq-hesabdı, qardaş oğlu, deyir, aləmi kor qoymusan?
- Kim deyir, əmi?
- Fərqi nədi, qardaş oğlu?
Əmisi dedi ki, həvəsdi, daha bəsdi, gəl daşı ətəyindən tök, qardaş oğlu, siyasət sənin xörəyin deyil. Çox çətin, qəliz məsələdi. Siyasət meydanına atılanın, orda at oynatmaq istəyənin birinci növbədə yuxarılarda yaxşı adamı, möhkəm arxa-dayağı, azından, fərli başı olmalıdı. İncimə, səndə bunun heç biri yoxdu...
- Eh, ay əmi, elə bilirsən ki, siyasətçilərimizin, vəzifə sahiblərimizin, məmurlarımızın hamısının başı var? Rüşvətin idarə etdiyi, hakim olduğu bir cəmiyyətdə baş nəyə lazımdı? Bu saat kim daha çox, daha məharətlə alıb-verməyi bacarırsa, o da irəli gedir, daha üzdədi. Alıb-vermək məharəti də məndə, qardaşın oğlundadı.
- Hardandı, ə, qırışmal, o səndə? - Əmisi əsəbləşdi.
- Neçə vaxtdı bazarda, alış-verişdə keçdiyim praktika, təcrübə bəs nədi, əmi?
- O alış-veriş başqadı, bu alış-veriş başqa, bala. Malı mala qatma.
- Canın haqqı, əmi, elə bir prinsipial fərqi yoxdu. İndi uşaqdan böyüyə bunu hamı bilir, tək səndən...
- Məndən başqa, eləmi? - Elman sözünü tamamlamasa da əmisi başa düşdü.
- Tay bunu sən özün dedin, mən yox, - Bic-bic gülüb söhbəti dəyişdi. - İgidin başı qalda gərək, əmi. Hamısı düzələcək, fikir vermə, müvəqqətidi. Partiya rəhbəriynən canbir qəlbdəyəm. Girəvədi, sən belə elə, qoyundan-quzudan, mal-atdan bir az sat-sov, maya burax, oğlunu partiyamızın sizin rayon təşkilatına sədr seçdirim. Hesabla, yaxın gələcəkdə ölkədə hakimiyyət tamamilə bizim əlimizə keçəcək...
Əmisi baxıb gördü Elman daha məsləhət, öyüd-nəsihət eşidəsi halda deyil, əksinə, özü ona dərs keçmək iddiasındadı.
- Hardan bilirsən, ə, qırışmal? - Özünü o yerə qoymadı.
- Bilirəm də. Neçə vaxtdı ki, işin içindəyəm. Növbəti seçkilərdə Milli Məclisə namizədliyimi irəli sürəcəyəm.
- Sən ha?..
- Mən, əlbəttə, mən.
- Keçəcəyinə, seçiləcəyinə inanırsanmı?
- Keçdim, keçmədim, fərqi yoxdu.
- Niyə? - Əmisi təəccübləndi.
- Çünki mənim öz siyasətim var, əmi.
- O necə siyaəstdi?..
- İkinci turda geri çəkiləcəyəm.
- Belə de! Səbəbi nədi?..
- Demə ki, bir şey qanmıram, əmi. Bilirəm ki, bu dəfə seçilməyəcəyəm. Sən demiş, savadım yox, təcrübəm az. Hələ öyrənmək, sınamaq, bərkimək lazımdı.
- Afərin, bunu ki, başın qaynadır, böyük şeydi!..
- Amma elə-belə geri çəkilməyəcəyəm. İkinci turda yerimi dost partiyalardan rəqibim olan başqa birinə, daha şanslı namizədə satacağam.
- Bəlkə daha çox pul verənin birinə satasan, səninçün fərqi nədi?
- Bu da mümkündü. - Elman əmisinin istehzasını duymadı.
- Qardaş oğlu, bu ki, məsdəfsizlikdi!
- Əmi, hər nədi! Mübarizə zamanı məqsədə çatmaq üçün hər bir imkandan gen-bol, eninə-uzununa yararlanmaq lazımdı!..

Əmisinin matı-qutu qurumuşdu. Doğrudan da, son vaxtlar meydanda at oynadan cürbəcür partiya funksionerləri başabəla mollalardan fərqlənmirdilər. Onların bir tayı, astarıydılar. Onlarla mübahisə etmək, nəyisə başa salmaq qeyri-mümkündü. Kor tutduğunu buraxmadığı kimi dedikləri dedikdi. Bir az səsini qaldıranda adamı nadancasına təhqir etməkdən belə çəkinmirdilər. Hamısının da ətrafı xurafat (siyasi xurafat) düşkünləri kimi kütbeyin, acgöz colma-cocuqla doluydu. Kiçik bir işarəyə, fitvaya bənddilər. Adamın üstünə qarğa-quzğun kimi tökülürdülər.

***

Elman bir də onda ayıldı ki, müavinləri, əlinin altında işləyənlər, hansı ki, heç birini adam yerinə qoymur, saymırdı, yığışıb onu səsvermə yoluynan rayon təşkilatının sədrliyindən kənarlaşdırıblar. Özüynən gəzdirdiyi “ştamp-peçatı” təhvil verməyi tələb edirdilər.

Tez partiya rəhbərinin üstünə şikayətə qaçdı. Ancaq nə qədər zəng vurdusa nə telefonuna düşə, nə də harda axtardısa orda tapa bildi. Xəbəri yoxdu ki, hər şey elə onun razılığı və iştirakı ilə görülüb. Telefonunu qəsdən açmır, kabinetində ola-ola yerini-yurdunu azdırır, qarşılaşmaq istəmirdi. Elman bir qapıdan girəndə, o, başqa qapıdan əkilirdi.
Güdüb-güdüb onu ofisindəki tualetdə tutdu. Qapısının ağzını kəsdirib çıxmasını gözlədi.
Birdən içəridə telefon zəngi eşidildi. Sonra şefi kiminləsə danışmağa başladı. Kimisə nəyəsə inandırmağa çalışırdı:

- Ə, narahat olma, neçə gündü sənin məsələndən ötrü ərəsətəm. Yox ey, yox. Sən öl, bu saat şəxsən nazirin özünün kabinetindəyəm. Səhərdən gəlib katibəsinin böyrünü kəsdirmişəm. Əlbəttə, ac-acına! Boğazımdan bir qurtum su da keçməyib. Bəs niyə içəri girmirəm? Ə, sən nətəər adamsan, gərək içəridəki çıxa ki, mən girəm də. Heç bilirsən oçretin bir ucu hardaydı? Yaxşı də, ayıbdı, darqursaq olma, bura qədər dözmüsən, səbrini bas, bir az da döz. Bir cıqanaq qalıb. Sonra mən özüm sənə zəng vuracağam. Yüz faiz yox ey, iki yüz faiz! Sən öl!..

Bu telefon danışığının dalınca şefi qəbizlik tutmuş adam tək hıqqıltıynan bərkdən gücəndi, gücəndi və sonda göy gurultusunu andıran bir gurultu tualeti titrətdi...
Elman gözləmədiyi bu qəfil gurultudan diksinib geri atıldı.

Yaxınlıqdakı üzbəüz yan qapılar cırıltıynan açıldı, içəridəkilər ordan-burdan başlarını göstərib təəccüblə soruşdular:

- O nə gurultuydu?..

Cavab verə bilmədi. Başını aşağı salıb çıxış qapısına doğru yönəldi.