Qulu Ağsəs. İşdi-qəzadı səndən əvvəl ölsəm...

İşdi-qəzadı
səndən əvvəl ölsəm,
məni son mənzilə aparırlar görsən,
vəsiyyətimə əməl elə:
Arxamca su at,
uğur dilə.
Saçını yolma,
köksünü ötürmə.
Allahın yanına gedirəm
ürəyinə ayrı şey gətirmə,
Borclunun qapısın döyərlər:
Yeganə borclu qaldığım
əvəzini vermədən aldığım
son nəfəsdən özgə
kimsəni qapıma yaxın qoyma.
Bir də
ta uşaq deyilsən
burnunun suyunu
gözündən axıdan
bu faniyə uyma…