Naxçıvan MTN-də baş verən ölüm hadisəsinin müəmmaları (VİDEO)

Arxiv foto


Avqust ayında Naxçıvan MTN-də ölən Turac Zeynalovun yaxınları hadisədən şikayət etmək üçün Bakıya gəliblər. Onlar iddia edirlər ki, Turac Zeynalovun ölümünə səbəb onun Naxçıvan MTN-də işgəncəyə məruz qalmasıdır.

Mərhumun bədənində olan zorakılıq əlamətlərinin videogörüntülərini AzadlıqRadiosuna təqdim edən Zeynalovlar əlavə edirlər ki, Naxçıvan Muxtar respublikasının müxtəlif dövlət orqanlarına şikayətləri nəticəsiz qalır, ona görə də ədalət dalınca Bakıya gəliblər.

Noyabrın 30-da Turac Zeynalovun atası Şuriyyə Zeynalov və həyat yoldaşı Gülnar Zeynalovanın "İşdən Sonra" proqramına müsahibə veriblər. Proqramda deyilənləri ixtisarla təqdim edirik.

(Söhbətin audio yazısını burada dinləyə bilərsiniz)

Şuriyyə Zeynalov:
- Avqustun 24-də axşamçağı mənim oğlumu çağırdılar Milli Təhlükəsizlik Nazirliyinə. Ayın 25-də isə gəlinlə məni çağırdılar həmin idarəyə. Orada oğlumla görüşdüm və dedim günahın varsa boynuna al. Dedi ata, mənim günahım yoxdur. Oradakı işçilərdən Pərvizə dedim ki, oğlumu niyə döymüsən?

Xədicə İsmayılova:
- Döyüldüyünü haradan bildiniz?

- Yeriyə bilmirdi, başı da yara idi.

- Yəni üzünü gördünüz orada?

- Hə, üzünü gördüm. Öpüşdük. Biz kəndə qayıtdıq. 3 nəfər müstəntiq gəlib evimizi yoxladı. Sonra geri qayıtdılar. Ayın 28-i o biri oğlum getdi ki, qardaşını görsün. Dedilər ki, Turac ölüb. MTN-in damında ölüb. Onun boynunda, ayağında yaralar var. Videosunu çəkmişik. Bizim istəyimiz odur ki, bizim ailənin əmin-amanlığını qoruyasınız. Bizim üstümüzdən o vətən xaini adını götürsünlər.

- Gülnar xanım, həyat yoldaşınızı sonuncu dəfə hansı vəziyyətdə görmüsünüz?

Gülnar Zeynalova:

Gülnar Zeynalova

- Biz görüşə gedəndə gördüm ki, Turac yeriyə bilmir. Dedim ki, niyə yeriyə bilmir? Mənə cavab verdilər ki, ayağı ağrıyır. Dedim axı onun ayağı ağrımayıb. Bildirdilər ki, bir-iki şillə vurmuşuq ki, ağıllansın.

Orada Pərviz Hüseynov adlı işçidən soruşdum ki, bunu niyə vurmusunuz? Cavab verdi ki, bacı, sən öz uşağını tərbiyələndirmək üçün döymürsən? Biz də ona görə vurmuşuq. Bir-iki tərbiyə şilləsidir. Ağıllandırmaq üçün döymüşük onu. Mən görəndə yeriyə bilmirdi, bəzi yerlərində şişlər var idi, başında şişlər var idi, üzü şişmişdi.

Xədicə İsmayılova:
- Şuriyyə bəy, dediniz ki, videoya çəkmisiniz. O videoda nələr var? Harada çəkilib?

- Özümüz çəkmişik. Turacın meyitini evimizdə çəkmişik. Lap istəsələr ölünü qəbirdən çıxarmaq üçün yenidən ekspert göndərmək də olar. Amma buranın ekspertlərini. Bizə Naxçıvan eksperti lazım deyil.

- O videoda nə görünür?

- Başında qan dayanmırdı. 2 klyok keçirmişik başına. Boğazını boğmuşdular. Ayaqlarında yaralar var idi. Videoda açıq göstərilib. Bizim heç bir şikayətimiz yoxdur. biz istəyirik ki bu “Vətən xaini” götürülsün. Çünki vətən xaini adı bütün kəndin adını ləkələyir.

Şuriyyə Zeynalovun təqdim etdiyi video kadrlar:

Xədicə İsmayılova:

- Bu hadisədən sonra Məlahət Nəsibova videoreportaj hazırlamışdı. Bundan sonra “İşdən sonra” proqramının bu hadisəyə həsr olunmuş canlı yayımında bizə sizin ailənin üzvü adı altında zəng gəldi. Biz doğrusu əmin deyildik ki, bu sizin ailənin üzvüdür. Amma zəng etmişdi və özünü Turac Zeynalovun qardaşı kimi təqdim etmişdi. O demişdi ki, Turac Zeynalovun cəsədi üzərində heç bir iz yoxdur.

Naxçıvan MTN-də müəmmalı qətlin müzakirəsi - İşdən sonra - Audio
Naxçıvan MTN-də müəmmalı qətlin müzakirəsi (İkinci hissə) - İşdən sonra - Audio
Gülnar Zeynalova:
- Yalandır. Onu deyən bizim ailənin üzvü deyil. Kimdirsə başqa öyrədilmiş bir adamdır. Kim deyər ki, mənim qardaşım belə deyil? Mənim yoldaşım Xocalı faciəsindəki insanlar kimi idi. Bütün venaları gömgöy idi. İynələr vurulmuşdu ona. Onun kəllə sümüyü qırılmışdı. Başında yarıq var idi. Beynini çıxarıblar, neynəyiblər bilmirik.
Boğazında yarma izi var idi. Deyirik, bunu boğazını niyə yarmısınız. Mən hələ eşitməmişəm ki, boğazdan yarma ola. Deyirlər boğazında şişi var idi. Axı onun boğazında heç vaxt şiş olmayıb? Onu asıblar sonra kəsib-tikiblər ki, iz itsin. Boğublar onu. Onun hər yerində izlər var idi. Tok izi var idi. Toka qoşublar.

Xədicə İsmayılova:
- Sizin Ülfət adlı qaynınız varmı?

- Bəli, var.

- Bizə zəng edən şəxs özünü belə təqdim etmişdi. Deyirsiniz ki, özünü bu adla təqdim edən şəxs sizin qaynınız olmayıb?

- Yox o olmayıb. O, heç vaxt danışmayıb.

- Deyirsiniz ki, heç kimdən şikayətiniz yoxdur. Bəs, Şuriyyə bəy, oğlunuzu sizə verəndə sizdə sual doğmadı ki, niyə belə haldadır? Və niyə öldürüblər oğlunuzu?

Şuriyyə Zeynalov:
- Turacı verəndə bizim kənddən çox adam getmişdi rayona. Bizi azdırdılar. Hətta mən müstəntiqə dedim ki, bizim icazəmiz olmadan onu niyə yarmısınız? Dedi ki, elə bir şey yoxdur. Dedim ki, mən bunu televizordan eşitmişəm ki, icazə olmadan meyiti yarmaq olmaz.

Bizim ancaq istəyimiz odur ki, bizim üstümüzdən o maddəni götürsünlər. Bizim təhlükəsizliyimizi qorusunlar.

Gülnar Zeynalova:
- Və xahiş edirəm kim öldürüb onu cəzalandırsınlar. Öldürənlərdən şikayətçiyəm. Əgər həqiqətən onun günahı var idisə, sübut edərdilər, iş kəsərdilər. Sonra deyirdilər ki, Turacda xərçəng xəstəliyi var idi. Onda bu xəstəlik olmayıb.

- Hansısa dövlət orqanlarına bununla bağlı müraciət etmisinizmi?

Gülnar Zeynalova:
- Getməmişik. Amma gedəcəyik. Naxçıvanda getmişik. Orada da baxmayıblar.

- Hadisə baş verəndən dərhal sonra şikayəti davam etdirməməyinizin səbəbi nə idi?

Şuriyyə Zeynalov:

Şuriyyə Zeynalov

- Biz övlad itirmişdik. Deyirdik ki, bu övladı dövlətə bağışlayırıq. Amma bizə “Vətən xaini” adı qoyanda daha güzəştə getməyə heç nə qalmadı.

- Kim deyir ki, oğlunuz “Vətən xainidir”?

- Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı maddə yazıb.

- Heç biz bilmirik o dəqiq nə vaxt ölüb. O bum-buz idi. Onun meyidinə isti su dəyən kimi qanı durmurdu.

- Şuriyyə bəy, siz hansısa sənəd imzalamısınızmi?

- Bizi həmin o müstəntiqlər - Pərviz, Seymur və İlqar apardılar prokurorluğa. Orda qələmi əlimizə verdilər ki, belə yazın. Prokuror bizdən bir kəlmə soruşmadı ki, bura nə üçün gəlmisiniz? Sizin cinayətiniz nədir?

Qorxudan, əzabdan, balalarımdan, özümdən qorxdum. Dedim ki, dövlətə bağışlayıram. Yetim balası qalıb, gəlinim dul qalıb. Onu bağışlamaq olar? Bizi maşına basdılar, zorla apardılar. Mənə dedilər ki, belə yaz. Mən də yazdım.

- Nə yazdınız?

- Yazdım ki, mən oğlumun ölümünü dövlətə bağışlayıram.

- Elə də yazdınız?

- Hə. Bəs, neynəyim? Ölüm ayağıdır axı. Balalarım əldən gedir axı.

- Təhdid edirdilərmi sizi? Hədə-qorxu gəlirdilərmi?

- Bəs, niyə etmirdilər ki? Naxçıvanda qayda –qanun yoxdur. Onsuz da bizi məhv edəcəklər.

-Necə hədə-qorxu gəlirdilər sizə?

- Bizim yasa adam qoymadılar. Jurnalistləri buraxmadılar. Xahiş edirəm ki, indi mənim övladlarımın təhlükəsizliyini qorusunlar.

- İndi də təhlükə varmi?

- Bəli var.

Məlahət Nəsibovanın Turac Zeynalovun müəmmalı ölümü ilə bağlı videoreportajı:
http://www.youtube.com/embed/0IsGGGFIsac?rel=0

- Gülnar xanım, sizə də ərizə yazdırdılar?

Gülnar Zeynalova:

- Bəli, yazdırdılar.

- Nə yazdınız həmin ərizədə?

- Bizə yazdırdılar ki, onun ölümü ilə bağlı heç bir şikayətim yoxdur. Dedilər yaz ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mən də dedim ki, belə yaza bilmərəm. Sonra özümü bağışlaya bilmərəm. Dedilər ki, narahat olmayın, yazın. Başımızın üstündə durdular məcbur etdilər ki, yazaq.

- Həyatınız üçün qorxursunuzmu?

- Bəli. Deyirəm ki, bəlkə də buradan çıxanda bizim başımıza nəsə bir iş gələ bilər.

Turac Zeynalov avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və bir neçə gün orda saxlandıqdan sonra ölüb. Ailəsi iddia edir ki, Turac Zeynalov işgəncələr nəticəsində ölüb.

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi isə bildirir ki, dəri xərçəngindən əziyyət çəkən Turac Zeynalovun səhhəti avqustun 28-də istintaq təcridxanasından nazirliyə gətirilərkən pisləşib. Ona tibbi yardım göstərilib, amma bununla belə həyatını xilas etmək mümkün olmayıb.

O zaman Respublika ProkurorluğuMilli Təhlükəsizlik Nazirliyi və məsələni araşdırdığını bildirmişdi.

P.S. Gülnar Zeynalova efir zamanı qaynı Ülfət Zeynalovun “İşdən sonra” proqramına zəng vurmadığını dedikdən sonra özünü Ülfət Zeynalov kimi təqdim etmiş şəxsin telefon nömrəsinə yenidən zəng etdik. Telefonu İdris adlı bir şəxs qaldırdı və Ülfət adlı şəxsi tanımadığını bildirdi.