Çingiz Əlioğlu. Yaşayam gərək

Əlhəd daşı - baş qardaşı,
Sirdaşım bir yorğun ürək.
Bu ürəklə mən bu daşı
Daşıyam, daşıyam gərək.

Söz bülövdü, qələm hanı? -
Qələm dedim, xışı tanı.
Bu bülövlə bu kotanı
Qaşıyam, qaşıyam gərək.

İynə ilə gor qazıram,
Bir gün ölsəm də razıyam.
Mən ki bir dastan yazıram,
Yaşayam, yaşayam gərək...

1990