Bakı şəhər İcra Hakimiyyəti ilə «Azəryolservis» ASC-nin Yolların Mühafizə Xidmətinin əməkdaşları arasında qarşıdurma yaranıb. Bu, yanvarın 17-də Füzuli meydanında – tikintisi aparılan «Qış bulvarı»nda baş verib.
Özlərini Yolların Mühafizə Xidmətinin əməkdaşları kimi təqdim edənlər AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının çəkiliş aparmasına mane olublar. Jurnalistin kamerasını əlindən alıblar. Kamera yaddaş kartı götürüldükdən sonra geri qaytarılıb.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov AzadlıqRadiosuna deyib ki, qarşıdurmaya iki qurumun işçiləri arasında anlaşılmazlıq səbəb olub:
Hansı təşkilata məxsus olmasından asılı olmayaraq, yollara ağır yüklə, palçıqlı, çox çirkli çıxan maşınlara qarşı tədbir görülür. Bu da görülən tədbirlərdən biri olub.
Namiq Həsənov bildirib ki, nazirlik həm hadisəni, həm də orada jurnalistə qarşı baş verənləri araşdırır.
Hələlik Bakı şəhər İcra Hakimiyyətinin bu hadisə barədə fikrini öyrənmək mümkün olmayıb.