Sürücülər cəriməni niyə banka ödəyə bilmirlər?

Foto: Arxiv

«Yanvarın 15-i Yol polisi bizə 40 manat cərimə yazdı. Biz bir gün sonra getdik «Bank Standart»a ki, cəriməni tez ödəyib 10 faizlik güzəştdən yararlanaq. Amma bankda bizə dedilər ki, protokol hələ qeydiyyata düşməyib».

«ELƏ EDİRLƏR Kİ, BİZ 10 FAİZLİK GÜZƏŞTDƏN İSTİFADƏ EDƏ BİLMƏYƏK»

Sürücü İslam Əliyev deyir ki, onlar 2 gün dalbadal banka gedib cəriməni ödəmək istəyəndə, eyni cavabı eşidiblər:

«Bankda dedilər ki, tək siz deyilsiz. Çox sürücü istəyir ki, cəriməni tez ödəyib 10 faiz güzəştdən istifadə etsin. Amma protokol qeydiyyata düşmədiyi üçün bank ödənişi qəbul edə bilmir».

İslam Əliyev ehtimal edir ki, belə hallar çoxdursa, onda bu, məqsədli şəkildə –sürücülərin güzəştlərdən istifadə edə bilməməsi üçün edilir. Yəni, onun fikrincə, Yol polisi bilə-bilə cərimələri hesaba otuzdurmur ki, sürücülər cəriməni tam, güzəştsiz ödəsinlər.

BANK PROBLEMİN YOL POLİSİNDƏ OLDUĞUNU DEYİR

«Bank Standart»dan bildirirlər ki, cərimələrin ödənilməsində problemlər onlara yox, Yol polisinə aid məsələdir. Bankın məlumat mərkəzinin əməkdaşı Günay Ələsgərova deyir ki, Yol polisi cərimələrlə bağlı sənədi gec göndərdiyindən onlar ödəmələri vaxtında qəbul edə bilmirlər:

«Biz sistemi açırıq, ora Dövlət Yol Polisinin göndərməli olduğu qaimə - fakturanın nömrəsi gəlməyibsə, ödənişi edə bilmirik. Nömrə gəlməmiş sistem onu göstərmir. Problem Yol Polisinin gec göndərməyindəndir».

Kamran Əliyev

YOL POLİSİ İRADLARI QƏBUL ETMİR

Amma Baş Dövlət Yol Polisi İdarəsi bankın iradları ilə razılaşmır. İdarənin şöbə rəisi Kamran Əliyev deyir ki, cərimələr haqda məlumatlar 24 saat ərzində mərkəzi informasiya sisteminə ötürülür. Sürücülər cərimə yazılan kimi banka üz tuturlarsa, təbii ki, qısa vaxtda həmin məlumatları bankda tapa bilməyəcəklər:

«Protokol yazıldımı, sürücü səhəri gün gedib cəriməni bankda ödəyə bilər. Problem yoxdur. 3 iş günü ərzində sürücüyə imkan verilir ki, o, cəriməni ödəsin. Burda Yol polisinin sürücüyə hansısa maneə yaratmağa elə bir marağı yoxdur ki, o, 10 faiz güzəştdən istifadə edə bilməsin. Bu, düzgün informasiya deyil».

YOL POLİSİNDƏN SÜRÜCÜLƏRƏ MƏSLƏHƏT

Kamran Əliyev deyir ki, sürücü bankda problemlə üzləşdiyi zaman protokolun nömrəsini Baş Dövlət Yol Polisinə deməklə məsələni aydınlaşdıra bilər.

Şöbə rəisi sürücülərə məsləhət görür ki, vaxt itirib harasa getməmək üçün cərimələri plastik kartlarla yerində ödəsinlər. Bunun üçün sürücülərin yol inspektorlarında olan POS-terminallara kart vasitəsilə ödəniş etməsi kifayətdir.

«YA POLİS YALAN DANIŞIR, YA DA BANK»

Ərşad Hüseynov

«Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların kommentariyası» kitabının müəllifi Ərşad Hüseynov sürücülərin üzləşdiyi problemi ciddi qanun pozuntusu sayır. Hüquqşünasa görə, cəriməni ödəmək istəyən sürücünün belə problemlərlə üzləşməməsi üçün Dövlət Yol Polis ilə banklar öz aralarında bu məsələni həll etməlidirlər:

««Yol hərəkəti qaydaları haqqında» qanunun 85 və 85-1-ci maddələrinə əsasən, Yol polisinin qəbul etdiyi bütün qərarlar, protokollar 24 saat ərzində informasiya mərkəzinə yerləşdirilməlidir. Yerləşdirilmirsə, bank onu görmürsə və ya görüb gizlədirsə, onda ya polis yalan danışır, ya da bank.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2011-ci il iyulun 1-dən etibarən yol hərəkət qaydaları pozuntusuna görə cərimələrin ödənişi elektron sistemlə həyata keçirilir.

Cəriməni vaxtından əvvəl ödəyənlərə 10 faizlik güzəşt nəzərdə tutulub.