Nuridə Atəşiyə Almaniyada vəzifə verildi

“Alman jurnalistlər məni sual yağmuruna tutdular”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına Almaniyada fəaliyyətdə olan Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun sədri Nuridə Atəşi söylədi.

Yanvarın 18-də onu Almaniya Jurnalistlər Birliyinin Berlin bölməsində “Bərabər imkanlar” komitəsinə sədr müavini seçiblər.

KOMİTƏNİ İKİ XANIM İDARƏ EDƏCƏK

Nuridə Atəşi:

“Jurnalistlər Birliyinin bir neçə komitəsi var. Onlardan biri də “Bərabər imkanlar” komitəsidir (DER FACHAUSSCHUSS (FA) CHANCENGLEICHHEIT). Rəyasət Heyəti məni həmin komitəyə sədr müavini təkilif etmişdi. Sədrliyinə isə Almaniyanın tanınmış fotojurnalisti Zimona xanımı”.

ƏN SONDA SEÇDİLƏR

Almaniyadakı 16 illik fəaliyyətindən jurnalistlərə hesabat verdiyini deyən Nuridə xanım seçiləcəyinə inanmadığını da söylədi: “Məni sual yağmuruna tutdular. Ən sonda seçdilər, qarşı çıxan olmadı. Bu mənim üçün böyük qələbə idi”.

KOMİTƏ MDİA SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Nuridə xanım “Bərabər imkanlar” komitəsinin fəaliyyətindən də danışdı:

“Bərabər imkanlar ixtisaslaşmış Komitənin əsas vəzifəsi Beynəlxalq Konqreslərin, Forumların, ixtisaslaşdırma, təhsilartırma seminarlarının keçirilməsidir. Beynəlxalq mediada dəyərlərin qorunub saxlanılmasına, təcrübə mübadilələrinin qlobal media dünyasında genişlənməsinə, şəbəkələşməsinə xidmət göstərməkdir. Məsələn, martda Almaniyada böyük bir beynəlxalq konfrans düzənləyəcəyik. İl ərzində üzərimə bir neçə belə konfrans təçkil etmək öhdəliyi qoyuldu”.

HEÇ BİR BARYER TANIMIRAM

“Belə bir fəaliyyət sahəsi çətin deyilmi, baryerlər sizi qorxutmurmu, məsələn, dil baryeri”—sualına Nuridə Atəşi belə cavab verdi: “Xeyr! Heç bir baryer tanımıram. Əvvəla, alman dilini bilirəm. Alman mətbuatında ağırlığım var. Mənim doğru mövqedə olduğuma əmindirlər. Demokratik medianın, azad mətbuatın tərəfdarıyam. İndiyədək tapşırılanların öhdəsindən gəlmişəm. Gələcəkdə də belə olacaq”