Yanvarın 25-də Eurovision Mahnı Müsabqiəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcək.
İctimai Televiziyanın məlumatında bildirilir ki, həmin gün «Buta Palace»da Eurovision Mahnı Müsabiqəsinin Açar Təqdimetmə, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və Eurovision Mahnı Müsabiqəsi 2012-nin loqo və şüarının
prezentasiyası olacaq.
Müsabiqənin əsas mərasimlərindən olan Açar Təqdimetmə mərasimində Eurovision 2011-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers Eurovision Mahnı Müsabiqəsinin rəmzi açarını Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı Eurovision 2012-yə ev sahibliyini rəsmən qəbul edəcək.
Açar Təqdimetmə mərasimindən sonra Eurovision Mahnı Müsabiqəsi 2012-də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. «Böyük beşliyin» (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq.
Yarımfinal mərhələlərində iştirak edən ölkələrin Eurovision 2012-də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.
Tədbirin vacib məqamlarından biri isə Eurovision Mahnı Müsabiqəsi 2012-nin konsepsiyasının təqdimatı olacaq. Həmin axşam Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.