Misir pullarının Azərbaycan izi

Azerbaijan - Monument of Egypt president Hosni Mubarak in Baku Khirdalan - 31Jan2011

.

Xədicə İsmayılova, Paul Radu, Mihai Munteanu


Misirdə qırx illik diktaturaya son qoyan inqilabdan sonra Hosni Mubarakin yaxınları onun korrupsiya yolu ilə qazandıqlarının izini itirməyə çalışır. Mubarakin yaxın ətrafındakı şəxslərin korrupsiya yolu ilə qazanıldığı ehtimal olunan varidatının bir izi də Azərbaycana gəlib çıxır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları layihəsinin (OCCRP) jurnalistlərinin araşdırması göstərir ki, ofşor şirkətlər vasitəsilə keçirilən əməliyyatlarla keçmiş Misir diktatorunun yaxın dostu və biznes tərəfdaşı Huseyn Salemin varidatı Azərbaycana və Azərbaycan vətəndaşlarına ötürülüb.

ƏLİ EVSEN VƏ BAŞQALARI

Ötən ilin mayında Misir prokuroru Mahmud Əbdül Məcid rəsmən bəyan etdi ki, Misir hökuməti Hosni Mubaraki, onun oğlanlarını və Mubarakin dostu, biznes tərəfdaşı və köməkçisi olmuş Hüseyn Salemi korrupsiyada təqsirləndirir.

Bu bəyanatdan cəmi üç gün sonra Salemin iki övladı – Xaled və Maqda Salemlər Panamada qeydiyyatda olan ofşor şirkətlərini ilk baxışdan Misirə və günahlandırılan şəxslərə heç aidiyyatı olmayan iki Azərbaycan vətəndaşının adına keçiriblər.

İyul ayında isə İspaniya polisi Hüseyn Salemi, onun oğlu Xaledi və türk-ərəb əsilli

Əli Evsen

Əli Evseni çirkli pulların yuyulması ittihamı ilə həbs edib. Azərbaycanda biznes layihələri və şeyxülislam Allahşükür Paşazadənin qudası kimi məşhurlaşmış Evsen az sonra İspaniyanı tərk etməmək şərtilə azadlığa buraxılıb və hazırda məhkəməsini gözləyir.

DÖRD MİLYARD DOLLAR

Məşhur turizm bölgəsində otel şəbəkəsinin sahibi olduğu üçün “Şarm Əl Şeyxin atası” kimi tanınan Hüseyn Salem yeni Misir hökuməti tərəfindən Mubarak və onun rejimi ilə korrupsiya sövdələşmələrindən qazanc əldə etməkdə təqsirləndirilir. 2011-ci ilin oktyabrında Hüseyn Salem, oğlu Xaled və qızı Maqda fırıldaqçılıq və çirkli pulların yuyulmasına görə Misir məhkəməsi tərəfindən qiyabi olaraq, ümumilikdə dörd milyard dollar olmaqla cərimə ödəməyə və yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Cərimənin həcmi də təsadüfi deyil. Misirin iqtisadi cinayətkarlıqla mübarizə rəsmiləri bildirib ki, Salemlərin nağdılaşdıraraq, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdəki banklara yerləşdirdiyi varidatın həcmi 4 milyard dollar təxmin edilir. Keçmişdə Misir xüsusi xidmət orqanlarının əməkdaşı olmuş Salemin adı qeyri-qanuni silah alveri qalmaqallarında da hallanır.

EVSEN SƏRBƏST DEYİLMİŞ

Misir hökuməti İspaniya ilə Salemin ekstradisiyası üzrə danışıqlar aparır. Bu arada, Salemlə birgə həbs olunan Əli Evsenin azadlığına qoyulan məhdudiyyətə baxmayaraq, yanvarın sonunda bir həftəlik Bakıya gəlib.

Evsen qrupun Facebook səhifəsində yanvarın 13-də yerləşdirilən elanda elə belə də yazılmışdı:

“DIQQET "Evsen" Group! Ali Evsen bu gunden etibaren TAM serbestdir. Ilk novbede butun Ali Evseni seven ve guvenen her bir shexsi tebrik edir ve her kesi inam ve sevgisine gore teshekkur edirik. Gozlenildiyi kimi, bu sinaqdan da inamla ve alni achiq chixdiq. Arzu edirem ki, bele bir sinaq bashimizin ustunu bir daha almasin. Eshq olsun EVSEN GROUP. ESHQ olsun EVSEN adini dashiyan boyuk ailemiz.”

İspaniya hüquq-mühafizə orqanlarından alınan məlumatlara görə, Evsenin sərbəstliyi barədə xəbərlər, yumşaq desək, şişirdilib.

KORRUPSİON BİZNES ORTAQLIĞI QARŞILIĞINDA AZƏRBAYCAN TORPAQLARI

İspaniya polisinin həbs orderində əksini tapan iddiaya görə, Albaniya vətəndaşlığı da olan Əli Evsen Hüseyn Salemin əsas bizneslərindən biri Mediterranean Sea Gas Co-nun payçılarından biridir. Bu şirkət Misir hökumətindən qanunsuz sövdələşmə nəticəsində güzəştli şərtlərlə aldığı qazı dünya bazarındakından ucuz qiymətə İsrailə satmaqla gəlir əldə etməkdə günahlandırılır. İddiaya görə, 2008-ci ildə Əli Evsen Azərbaycandakı torpaq sahələrinin müqabilində Salemlərə milyardlar qazandıran bu biznesə ortaq olub.

Evsenin həbsinə səbəb isə Salemlərə Misir inqilabından sonra ötürdüyü pullar olub. Əli Evsen İspaniyanın Bankinter bankında Salem ailəsinin hesablarına 17 milyon avrodan artıq vəsait köçürüb. Pul transferlərini müşayiət edən sənədlərdə göstərilib ki, Evsen Salemlərə bu pulu 12 illik faizsiz borca verir. İspaniya hüquq-mühafizə orqanları bu transferləri şübhəli saydığı üçün Evsenə qarşı çirkli pulların yuyulması ittihamını irəli sürüb. İttihamnamədə Panamadakı sövdələşmələr barədə heç nə yoxdur.

YENİ ADLAR

İspaniya hüquq mühafizə orqanlarının Salem ailəsi ilə ilk baxışda heç bir əlaqəsi olmayan iki azərbaycanlıya ötürülən şirkətlərdən xəbəri var, ya yox, bəlli deyil. Amma OCCRP-nin araşdırması nəticəsində ortaya çıxan bu sövdələşmənin də ipucları hələ ispan polisinin nəzarətində olan Əli Evsenə gedib çıxır.

Salemlər ailəsi varidatlarını ört-basdır eləmək üçün İsveçrədə bir hüquq şirkətinin xidmətindən istifadə edib. OCCRP Andre Gillioz və onun hüquq firmasının izinə bir müddət əvvəl, Ərəb Jurnalistlər Liqası ilə birgə Salemlərin Şərqi Avropadakı investisiyalarını araşdırarkən düşüb. Gilliozun firması Virgin adalarında və Panamada yerləşən ofşor firmalar vasitəsilə Salemlərin varidatının Rumıniyada Jolie Ville əyləncə və satış mərkəzinə yatırılmasına kömək edib. Sonra isə 2010-cu ilin dekabrında, yəni ərəb baharının ilk çağlarındaca heç kimə məlum olmayan Çiopraqa ailəsinə satılmasına və 10 milyon avroya yaxın nəğd pula çevrilməsinə yardımçı olub.

Azərbaycana iz açan Panama sövdələşməsində də Gilliozun adı çəkilir.

Panama dövlət reyestrindəki qeydlərə görə, Clelia Assets Corp. 1998-ci ildə İsveçrə hüquq şirkəti Croisier and Gillioz-un əməkdaşı Andre Gillioz tərəfindən yaradılıb. Doqquz il sonra – 2007-ci ildə Maqda və Xaled Salemlər Gilliozla birgə Clelia Assets Corp. şirkətinin ortağına çevriliblər. Misirdə hökumət dəyişəndən sonra 2011-ci ilin mayında şirkətdə Maqda və Xaled Salemlərin payları iki Azərbaycan vətəndaşı – Firidun Göyüşov və Sadık Ercanın adına keçirilib.

ƏLİ EVSENİN “MİLYONÇU” “VARİSLƏRİ”

Firidun Malı oğlu Göyüşov maliyyəçidir. Auditorlar assosiasiyasının saytındakı məlumata görə, müstəqil auditor kimi fəaliyyət göstərir, daha bir audit firmasında departament rəhbəridir. Amma onun əsas fəaliyyəti Əli Evsenin biznes holdinqinin – Evsen Groupun vitse-prezidenti vəzifəsi ilə bağlıdır. Sadık Ercan da Evsen Groupun vitse-prezidenti olub. Amma şirkətin işçiləri Ercanın bir müddət əvvəl Evsen Groupdan ayrıldığını bildirirlər.

Azərbaycanda biznesə hələ 1990-cı illərin əvvəllərində Dubaydan konteyner vurmaqla başlayan Əli Evsen sonra Star taxi şirkətini, Elit Ticarət mərkəzini, Şamaxıda soyuducu, kondisioner və məişət texnikası istehsalı üzrə zavodları, A-lizinq şirkətini, Azsamand avtomobilləri istehsalı xəttini və sair biznes qurumlarını yaradaraq Evsen Groupa birləşdirib. Mətbuatın yazdığına görə, 2008-ci ildə Əli Evsen Azərbaycan hökuməti ilə problemləri yarandıqdan sonra ölkədəki biznesini satmağa başlayıb.

Elə həmin ildə Əli Evsen Albaniyanın Albanian Airlines və Fransanın Eagle Aviation şirkətlərini alıb. İspaniya polisinin həbs üçün əsas olaraq irəli sürdüyü ittiham aktındakı iddialar doğrudursa, Əli Evsen Mubarakin sağ əlinin biznesinə də elə 2008-ci ildə şərik olub.

Azərbaycan kommersiya qurumlarının dövlət reyestrindəki sənədlər isə Evsen ailəsinin Azərbaycandakı biznesinin 2008-ci ildən sonra maraqlı inkişaf istiqamətini göstərir. 2008-ci ilin aprelində Evsen Group-un əsas mərkəzi - Elite ticarət mərkəzinin də yerləşdiyi ünvanda nizamnamə kapitalı nə az, nə çox, 10 milyon dollar olan yeni bir şirkət - Elite Construction şirkəti qeydiyyata alınır. Yeni şirkətin təsisçisi Tixonov Artyom Gennadiyeviç Əli Evsenin qaynıdır.

Kommersiya şirkətlərinin dövlət reyestrində Artyom Tixonovun qardaşı Yevgeniy Tixonovun da adına rast gəlirik. 2011-ci ilin oktyabrında Əli Evsenin Azərbaycandakı ilk bizneslərindən biri – Star Taksi şirkətinin Yasamal, Nərimanov və Sabunçu qollarının hüquqi varisliyi yeni şirkətə keçib. Yeni təsisçilər arasında həm Yevgeniy Tixonovun, həm də Firidun Göyüşovun adları var.

İspaniya polisi Mubarak dövrünün Misiri ilə Əli Evsenin Azərbaycandakı biznesinin əlaqələrini araşdırır. Polis istintaqın gedişatı ilə bağlı hər hansı məlumat verməkdən imtina edib. Əli Evsenin özünə, Evsen Group və Firidun Göyüşova email, telefon və Facebook sosial şəbəkəsi vasitəsilə edilən müraciətlər cavabsız qalıb.

Jurnalist təhqiqatı nəticəsində ortaya çıxan faktların istintaqın istiqamətini necə dəyişəcəyi, eləcə də Azərbaycan hüquq-mühafizə orqanlarının istintaqda iştirak edib-etmədiyi bəlli deyil. Hələ ki, bəlli olan korrupsiya hesabına qazanılan pulların ağardılması üçün ofşor şirkətlərdən istifadə olunması və bu şəbəkənin sərhəd tanımamasıdır.