Xəzər də, Ceyranbatan Su Anbarı da, Kür də donur

Foto: Arxiv

Ceyranbatan Su Anbarında donma müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov «APA»ya belə deyib. Ceyranbatan Su Anbarında 100-150 metrə qədər məsafədə donma qeydə alınıb. Bu anbar Bakını su ilə təchiz edən başlıca qaynaqlardandır.

«BAKI SUSUZ QALMAYACAQ»

«Azərsu» Açıq Səhmdar Cəmiyyətindən isə AzadlıqRadiosuna bildiriblər ki, Bakının susuz qalma təhlükəsi yoxdur. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, Bakıya saniyədə 13 kubmetr su verilir.

«Anbarlarda 600 min kubmetr su ehtiyatı var. Biz də çalışırıq suyu təzyiq altında saxlayaq, sirkulyasiya etsin ki, donma olmasın. Bir də Ceyranbatan Su Anbarında nasoslar suyu gölün dibindən götürürlər. Ona görə təhlükə yoxdur. Bakıya yetərincə su gəlir. Kürdən də su gəlir, Oğuz-Qəbələdən də saniyədə 4.6 kubmetr su gəlir. Şollardan da həmçinin. Dediyim kimi, Bakıya saniyədə 13.8 kubmetr su verilir».

Anar Cəbrayıllı deyir ki, binaların su təchizatında problem yoxdur. Problem fərdi evlərdə, ətraf qəsəbələrdə yaranır:

«Orda su xətti yerin üstüylə çəkilib. Həmin evlərdə şaxta hətta sayğacları da vurub atır».

XƏZƏR SAHİLİNDƏ BUZ DAĞI

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Xəzər dənizinin Sumqayıt, həmçinin Xaçmaz-Nabran sahillərinin də buz bağladığı deyilir. Donma dənizə doğru 50 metrdən 200 metrə qədər dəyişir. Hətta bəzi yerlərdə sahildə 2.5 metr hündürlüyündə buz dağı əmələ gəlib.

Gülmalı Süleymanov deyir ki, bu, Xəzərin şimalındakı buzlardır, cənuba doğru axdıqca sahələri kiçilib:

«Onlar sahildə buz yığını əmələ gətirirlər. Yəni, həmin ərazilərdə yerli buz bağlama hadisəsi yoxdur və ya azdır. Bu, şimaldan axan buzlardır».

Gülmalı Süleymanov bildirib ki, Kür çayının Xəzər dənizinə tökülən mənsəb hissəsində, eləcə də dağ çaylarında da donma müşahidə olunur.