"Ürəyim ağrıyır" adlanan kitab hekayələr toplusudur.
Bir ana və tibb işçisi olaraq ömrünü xəstəxana-ev və kitablarda keçirən Ruqəyyə Kəbiri hekayələrində zaman-zaman Kafkanın “Çevrilmə”sinin fərqli epizodlarını yaşadır.
Amma burada çevrilməyə məruz qalan personaj daha subyektiv, daha ümidli, daha həyəcanlı və tək sözlə desək, yaşam dolu bir Qadındır.
“Mavayıl” adlı hekayədə xəstələnərək əməliyyat keçirən, pis qoxuyan, gündən-günə ailəsi və həyatdan uzaq düşən bir qadın “Bu gecədən otağım tün çiçəyinin ətri ilə dolacaq”, – deyə düşünür, həyatını sürdürür və təslim olmaq fikrini bir an olsun yaxına buraxmır.
Burada, haradasa bir inad, yorğun bir inad görünür.
Başqa bir hekayəsində qocalar evinə getmək istəyən qadın orada özü-özünü qorumaq istəyir.
Eyni durum “Mavayıl” hekayəsində də gözə dəyir.
Bağırsağının başını cərrahların bir kisəyə bağladığı qadın, canının zəhərini o kisəyə tökür. Bu qadının orqanizminin nədən bu günə düşdüyü oxucuya bəlli deyil.
Bəlkə də bu cür anormal bir səviyyədə bədəndən dışarı tökülən bu zəhər, sadəcə, yaşam zəhəridir…