Azərbaycan İranın notasını iftira adlandırır

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan İran XİN-in notasını bir müddət əvvəl Tehrana verdiyi notaya cavab kimi qiymətləndirir.

Bunu «Trend»ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

«Notadakı məlumat həqiqətəuyğun deyil – bu, bir növ böhtandır. Azərbaycan özü terrordan əziyyət çəkən ölkədir», - E.Abdullayev deyib.

O qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisindən terror məqsədi üçün istifadə olunmasına imkan verməyəcək.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD-a öz ərazisində İran əleyhinə fəaliyyətinə, İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların gediş-gəlişlərinə şərait yaratdığı deyilir. Tehran Bakıdan bu cür addımlara son qoyulmasını tələb edir.

Yanvarın ortalarında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin Bakıda terror aktı törətmək istədiyi barədə məlumat yaymışdı.

AZƏRBAYCANA QARŞI YÖNƏLMİŞ ADDIM

İlham İsmayıl

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-nin sabiq əməkdaşı İlham İsmayıl deyir ki, Azərbaycan faktiki olaraq İran tərəfindən hədəf seçilib. İran hansı yolla olursa-olsun, Azərbaycanı öz təzyiqi altında saxlamaq istəyir. Bu yaxınlarda Azərbaycanda yəhudiəsilli bir nəfərə qarşı terror planının üstünün açılmasına İran heç bir rəsmi cavab verə bilmədi. İndi Tehranın kimlərinsə Azərbaycan ərazisindən keçməklə İranda terror törətdiyini deməsi əslində həmin fakta qarşı qoyulan kontur arqumentdən başqa bir şey deyil:

«İranda adam öldürə bilən təşkilat nəinki Azərbaycanın, istənilən ölkənin ərazisindən keçə və həmin ölkənin bundan xəbəri olmaya bilər. İran bir kəşfiyyatın öz ərazində adam öldürməsinin qarşısını ala bilmir, amma Azərbaycanı onların öz ərazisindən keçməsinə mane olmamaqda suçlayır».

ƏSƏB SAVAŞININ BİR HİSSƏSİ?

Rasim Musabəyov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov isə deyir ki, əvvəl Azərbaycan öz ərazisində terror cəhdi ilə əlaqədar İrana nota verib. Ondan əvvəl isə Azərbaycan İrandan silahlı qüvvələrin baş qərargah rəisi, ayətullahlar səviyyəsində səslənən hədə, saymazlıq siyasətindən öz narazılığını bildirmişdi:

«Onlar bu hədələri ictimai rəy kimi təqdim edirdilər. Amma hamı bilir ki, İran totalitar bir ölkədir və orada hər şey idarə olunur. Hesab edirəm ki, indi İran tərəfi Azərbaycanın həmin o narazılıqlarına qarşı öz iddialarını ortaya qoyur».

Rasim Musabəyov deyir ki, İranın son hərəkəti də Azərbaycana qarşı təzyiqin bir formasıdır. Onun fikrincə, belə notalar əslində ortada olan əsəb savaşının bir hissəsidir. Amma İran bu yolla

Mustafa Əhmədi Roşanın dəfn mərasimi

Azərbaycandan heç nə əldə edə bilməz.

İRANDA ÖLDÜRÜLƏN NÜVƏ ALİMLƏRİ

İranlı alim Mustafa Əhmədi Roşan yanvarın 11-də öz maşınında öldürülüb. Motosiklet sürən iki nəfər onun maşınına maqnitli bomba yapışdırıb.

Ümumilikdə, 2010-cu ildən bəri İranda nüvə proqramı üzərində çalışan azı 4 alim öldürülüb, 1 mütəxəssis isə bomba hücumunda yaralanıb.

İran nüvə proqramının sülh məqsədli olduğunu deyir, Qərb ölkələri isə İranın nüvə silahı əldə edə biləcəyindən narahatdırlar.