«Azərbaycan viza rejimini sadələşdirməyib, sadəcə bir qrup adam üçün 2010-cu ilə qədər olan vəziyyət bərpa edib». Bunu AzadlıqRadiosuna Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyib. O, prezidentin viza rejimin sadələşdirilməsi ilə bağlı fevralın 10-da verdiyi fərmanı şərh edərkən deyib ki, aeroportda viza almaq imkanı yalnız «Eurovision-2012» mahnısına qatılacaq adamlar üçün məhdud müddətə yaradılıb:
«Düzdür, beynəlxalq müsabiqəyə qatılmaq istəyənlərin işini rahatlaşdırmaq baxımından müsbət haldır. Amma buna Azərbaycanın viza rejimini sadələşdirməsi kimi baxmaq olmaz. Azərbaycan uzun müddətdir Avropa Birliyi ölkələri ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparır, bunu edərsə, ölkə vətəndaşları da Avropa Birliyi dövlətlərinə sadə viza qaydaları ilə gedə biləcək».
Əlövsət Əliyev deyir, hələ ki, Azərbaycan bu məsələni uzadır: «Çünki hələ biometrik pasportların tətbiqinə başlanılmayıb, miqrasiya-məlumat bazası hazırlansa da, hələ bu və digər zəruri işlər başa çatmayıb».
Əlövsət Əliyevin sözlərinə görə, qonşu Gürcüstanda sadə viza rejimini bu ölkəyə turistlərin Azərbaycandan ik-üç dəfə artıq gəlməsinə təsir edən amillərdəndir.
Prezident fərmanına görə, 2012-ci ilin mayında Bakıda keçiriləcək «Eurovision-2012» müsabiqəsi üçün Bakıya gələn əcnəbilər vizalarını elə Bakı hava limanında ala biləcəklər. Amma bunun üçün «Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, yaxud, Avropa Yayımları Birliyinin qaydalarına uyğun olaraq akkreditasiyadan keçmək, ya da müsabiqənin konsertində iştirak üçün bilet göstərmək lazım olacaq. Fərmanda vizaya müraciət üçün vaxt məhdudiyyəti qoyulub.