Liviyada yenidən toqquşma, 17 nəfər ölüb

Liviya

Liviyada son iki gündə Kufra şəhərində iki tayfa – Al-zuayya və Tabu arasında baş verən toqquşma nəticəsində azı 17 nəfər ölüb, 22 nəfər yaralanıb. Bu barədə France-Presse məlumat yayıb.
Milli Keçid Şurasının nümayəndəsi Mohammed al-Harazi toqquşma ilə bağlı məlumatı təsdiqləyib, bildirib ki, hazırda tərəflər münaqişəni sülh yolu ilə həll etməyə çalışırlar.
Tayfalar arasında son toqquşmaya səbəb üç gün öncə əl-zuayya tayfasından bir nəfərin üç tünd dərili kişi tərəfindən öldürülməsi olub. Öldürənlərin tabu tayfasından olduğu ehtimal olunur.
Liviyanın sabiq lideri Muammar Gaddafi 2011-ci il oktyabrın 20-də Sirt şəhərinə hücum zamanı öldürülüb və səhrada naməlum yerdə dəfn olunub. Bundan sonra Liviyanın Milli Keçid Şurası bütün ölkənin Qaddafi tərəfdarlarından təmizləndiyini bəyan etmişdi.
BMT İnsan Haqları Komissarlığı Liviyanın devrilmiş lideri Muammar Qaddafinin ölümünü araşdırmağa ehtiyac olduğunu bildirmişdi.