Qubada saxlananlardan biri buraxılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Quba qarşudurması - 3 (ən dramatik məqamlar)

«1 mart aksiyalarından sonra Qubada tam sakitlikdir».

Bunu AzadlıqRadiosuna Quba rayon icra hakiminin səlahiyyətlərini icra edən Sahib Məmmədov deyib.

O, aksiya zamanı saxlananların hamısının buraxıldığını bildirib. Sonuncu buraxılan isə 27 yaşlı rayon sakini İntiqam Zahidov olub:

«Mən ötən gün onun valideynləri ilə görüşdüm, çox həyəcanlı idilər. Onlara dedim ki, məsələ aydınlaşdırılır, heç kimə qarşı təzyiq ola bilməz. Görünür, günahı olmadığı üçün buraxılıb».

İntiqam Zahidovun buraxılmasını ailə üzləri də təsdiqləyib.

Saxlananlardan digəri, 21 yaşlı Samir Xammədovla bağlı isə hələ ki məlumat yoxdur. Atası Valeh Xammədovun dediyinə görə, martın 3-ü səhər saatlarında rayon prokurorluğunda olub. Ona oğlunun saxlandığı deyilib.

Sahib Məmmədov isə bu barədə məlumata malik olmadığını deyir. Bildirir ki, belə bir adam varsa, yəqin məsələ aydınlaşandan sonra o, da buraxılacaq.

Yerli sakinlərdən aldığımız məlumatlara görə, rayon icra hakimiyyəti qarşısında və aksiya keçirilən meydanda hələ də polis postları var.

QUBA ETİRAZLARI BARƏDƏ BİR GÜN SONRA

Martın 1-də Qubada kütləvi etiraz aksiyası keçirildi. Özlərini təhqir olunmuş hesab edən rayon sakinləri dövlət qurumlarına tabe olmayıb əvvəl icra hakimiyyətinin binasının bir hissəsini, sonra da icra başçısı Rauf Həbibovun şəhərdəki və kənddəki evlərini yandırdılar. Etirazçıların əsas hissəsi-minlərlə insan başçının şəhərin Heydər Əliyev prospektindəki evinin qarşısına toplaşmışdılar.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)
Ərazidə kifayət qədər daxili qoşunlar və polis olsa da onlar əsasən baş verənləri müşahidə etməklə kifayətlənirdilər. Etirazçılar həyətdəki yarımçıq tikililərin, hasarların üstünə çıxıb «Azadlıq», «İstefa», «Quba» və sair şüarlar səsləndirirdilər. Yanan evin tüstüsü ətrafı götürmüşdü. Bir qrup gənc icra başçısının həyətində hələ tikilib qurtarmamış yeni evin üstünə qalxaraq ora Azərbaycanın bayrağını sancdılar. Onlar bunu öz qələbələrinin təsdiqi kimi dəyərləndirirdilər.
POLİSİN MÜŞAHİDƏÇİLİYİ...
Aşağıda isə daxili qoşunlar və polis əhalini odda yanmaqdan, mümkün partlayışda xəsarət almamaqdan qorunmağa çağırırdılar. Başqa heç nə. Adətən istənilən aksiyanı uğurla dağıdan Azərbaycanın güc strukturları burada nədənsə öz bacarıqlarını nümayiş etdirmirdilər. Halbuki, aksiyanı dağıtmaq üçün onların ciddi əsasları var idi. İcra başçısının evi getdikcə daha çox alovlanır, qonşu evləri də təhlükəyə məruz qoyurdu. Eləcə də minlərlə etirazçının başqa radikal qərarlar qəbul edə biləcəkləri də istisna deyildi. Amma nəinki aksiyanı dağıtmağa, heç yanan evi söndürməyə də ciddi cəhd edilmirdi.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (2-ci hissə)

Hasarın üstündə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı gözə dəyirdi. Onlar da arada bir evdən qalxan alova bir az su vurduqdan sonra dayanıb nəsə düşünürdülər.
Bir sözlə, polis və digər strukturlar camaatla birgə dayanıb evin necə yandığını seyr edirdilər.

İcra başçısı Rauf Həbibovun evi yanğın zamanı

Ərazidə yanğınsöndürən maşınlar yox idi. Sakinlər deyirdilər ki, bir qrup etirazçı küçənin başında yolu kəsib yanğınsöndürən maşınları ora buraxmır.
...HƏRƏKƏTSİZ ƏSGƏRLƏR
Amma nədənsə yanğınsöndürən maşınların buraxılmadığı əraziyə aksiyada saxlanıla biləcək adamların yığılması üçün nəzərdə tutulan xüsusi avtobuslar çox asanlıqla daxil olub öz zamanlarını gözləyirdilər.

QUBADA 1 MART TOQQUŞMASINDAN ÇƏKİLƏN FOTOLARA BURADA BAX
Bir neçə saatdan sonra artıq aksiya iştirakçıları səkiyə qədər kənarlaşdırılmışdılar. Bayaqdan şüarlar qışqıran, icra başçısının evinin əşyalarını çıxardıb küçəyə tökən kütlə, indi yolun kənarında-səkidə müşahidəçi mövqeyində dayanmışdı. Aksiya iştirakçılarının qarşısında düzülmüş qalxanlı, dəyənəkli əsgərlərdən başqa küçə boyu düzülən maşınlarda da yetərincə əsgər var idi. Amma hamısı hərəkətsiz.
Rayonda internet işləmirdi. Hansı internet kluba baş çəkdimsə, ya bağlı idi, ya da şəbəkə yox idi. Niyə belə olduğunu soruşanda deyirdilər ki, dünən axşamdan-yəni aksiyadan bir gün əvvəldən internet yox dərəcəsindədir. Eyni sözü mənə internet kursları təşkil olunan ofislərdə də dedilər.
POLİSİN XƏBƏRDARLIĞI

Polislə sakinlər arasında qarşıdurma

Bir neçə saat sonra artıq icra başçısının evinin yanmasını seyr etməkdən yorulmuş aksiya iştirakçılarının böyük bir hissəsi Quba rayon polis şöbəsinə tərəf axışdı. Xeyli məsafə qət etməli olan aksiya iştirakçılarına yenə də heç kim mane olmurdu. Daxili qoşunların əsgərlərini daşıyan hərbi maşınlar sakitcə onların ardınca eyni istiqamətdə gedirdilər. Yenə də müşahidəçi qismində. Əhali polis şöbəsinə səhər aksiya zamanı saxlanılanları azad etmək üçün gedirdi. Getdilər, çatdılar və tələblərini də dedilər. Onları qarşılayan polis şöbəsinin yüksək rütbəli əməkdaşları əvvəl dağılışmalarını xahiş etsələr də, sonradan etirazçılara ciddi xəbərdarlıq da etdilər: «Ağlınız İcra Hakimiyyətinin binasına, yaxud başçının evinə getməsin. Bura bizim evimizdi, artıq hərəkət olsa, hamınızı bir -bir yığıb içəri salacağıq».
Aydın görünürdü ki, polis etirazçılarla istədiyi vaxt xahiş, istədiyi vaxt tələblə danışa bilir.
CAVABSIZ SUALLAR
Onu da deyim ki, belə situasiyalarda bir sıra suallar cavabsız qalırdı: Doğrudanmı Qubada ilk baxışdan göründüyü kimi vəziyyət nəzarətdən çıxmışdı, ya əhali lazım gəldikdə idarə edilə bilirdi?
Şəhərdə heç bir xüsusi vəziyyət hiss olunmur, hansısa postlar gözə dəymirdi. Halbuki, aksiya ilə bağlı şəhərə kənardan xeyli qüvvə cəlb olunduğu göz qabağında idi və bu proses davam edirdi. Polis şöbəsinin yaxınlığında aksiyaya qarşı qoyulacaq maşın, texnika da yetərincə idi. Və sonradan məhz onların vasitəsilə etirazçıları polis şöbəsinin yaxınlığında istənilən məsafəyə qədər uzaqlaşdırdılar da.
Bütün bunların fonunda mediaya mümkün qədər şərait yaradılır, çəkilişlərə mane olunmurdu.
NİYƏ ZİYA MƏMMƏDOV?

Nəqliyyat naziri Ziya Məmmədov

Aksiya iştirakçıları, eləcə də polisin dilindən arabir deputat Vahid Əhmədovun və nəqliyyat Naziri Ziya Məmmədovun adları eşidilirdi. Hər iki şəxsin rayonda olduğunu bilməyən yox idi. Amma bu məsələ də xarakter etibarı ilə açıq qalan sualların sayını artırırdı:
Əgər Vahid Əhmədov Qubadan deputat seçildiyi üçün belə bir vaxta özünü rayona çatdırmışdısa, bəs nəqliyyat naziri Ziya Məmmədov hansı səbəbdən orada idi? Hansı rəsmi əsasla nazir Qubada baş verənlərə səbəb olan hadisəyə görə əhalidən üzr istəyirdi? Axı camaatın dediyinə görə, onları icra başçısı təhqir etmişdi.
Nədən prezident belə bir qısa zamanda Quba rayon icra başçısını vəzifəsindən azad etdi? Axı ölkənin digər rayonlarının da icra başçılarından yetərincə narazılıqlar var.
QUBALILARI MEYDANA ÇIXARAN AMİL
Qubalılar deyirdilər ki, onların heysiyyəti ilə oynamaq olmaz. Hökumət vətəndaşına sahib çıxmasa xalq özü məsələni çözəcək.
Doğrudanmı hakimiyyət Qubada geri çəkildi?
Qubalılar həmin gün öz bayraqlarını-yəni Azərbaycanın bayrağını icra başçısının evinin üstünə sancmaq istədilər və sancdılar. Maraqlıdır, görəsən bunu bacarmaqda onlara kömək edən hansı amil idi?
İcra başçısının işlətdiyi ifadələr, istənilən vaxt sıradan çıxardıla bilən internet, polis şöbəsinin qarşısından kənarda aksiyaçılarla mülayim davranan polis, ya illərdir yığılıb qalan sosial problemlər?
Amma hansı səbəbdən olursa olsun, martın birində Qubada kimin qalıb, kimin gedəcəyini hakimiyyət yox, yerli əhali diqtə edirdi... Yəni sakinlər açıqca deyirdi ki, icra başçısı vəzifəsindən getməsə sakitləşən deyillər. Və sonda belə də oldu...