Xatirə Nurgül. Xatırlamaq üçün

Nədəndir heç bilmirəm
sağ cibimdən
unudulmuş uşaqlığım çıxır həmişə
yəni günəşə doyunca baxmağı
öyrənən balaca

Hamıdan gizlədiyim
sol cibimdəsə
utancaq qızcığazın
ilk sevgisi var
ilk kədərləri
ilk şeirləri...

Əllərim də doludur xəyallarla,
itkilərlə...
Bir yaz sabahında
öz doğma evimizdə
itirdiyim atamın gözləri
“heç zaman ayrılığa inanma”deyir.
O gündən yadlaşan evimiz
ayrılığa inanmağı öyrədir mənə.

amma nədənsə
indicə sağ əlimlə yazdığım şeir də
“ayrılığa inanma” deyir...
nədənsə...nədənsə...