Xədicə İsmayılova: «Ayıb iş xalqın cibinə girməkdir»

Araşdırmaçı jurnalist Xədicə İsmayılova

Araşdırmaçı jurnalist Xədicə İsmayılova ilə müsahibə

- Bu videonun yayılacağını gözləyirdinmi? Artıq yayıldı, bunu necə qarşıladın?

- İstənilən təxribatın baş verəcəyini hədələr olmamışdan qabaq da gözləyirdim. Çünki bu cür şeylər əvvəllər də baş vermişdi. Hətta jurnalistin öldürülməsinə qədər gedib çıxmışdı. Şantaj məktubu gələndən sonra bəlli idi ki, bu addım atılacaq. Çünki mən geri çəkilmədim. Dünən «Yeni Azərbaycan» qəzeti o məqaləni dərc edəndə bildim ki, artıq sanksiya verilib. Hakim partiyanın orqanında belə bir yazının yayılması da şantajın arxasında kimlərin dayanması ilə bağlı ehtimalı təsdiqləyir. Şübhə yeri qoymur ki, bu, bir başa ali hökumət rəhbərliyindən razılıq verilmiş bir məsələdir.

- Demək olarmı ki, şantajçılar öz məqsədlərinə çatmadılar?

- Demək olar. Bəri başdan da demişdim ki, onlar bununla məni dayandıracaqlarını düşünürlərsə, çox yanılırlar. Hesab edirlər ki, bununla araşdırmalarımın qarşısını alacaqlar, yenə də yanılırlar.

- Məlum araşdırmaları apararkən hədəf olacağını göz altına almışdınmı? Artıq bəzi jurnalistlərin izləndiyini göstərən videolar vardı. Yəni evinə kamera quraşdırılacağını, olduğun məkanda dinləniləcəyini gözləyirdinmi?

- Əlbəttə. Hətta aramızda bir zarafat var. Bir yerə gedəndə bizi dinləyənlərə də salam göndəririk. Deyirik ki, bizim işimiz ağır olduğu üçün siz də bizi dinləmək zəhmətinə qatlaşmısız. Əslində, bu zarafatda bir həqiqət var. Natiq Əbilova, Qan Turalıya qarşı olan təxribatlardan sonra məlum oldu ki, hətta otellərdə belə izləyici qurğular var. Məlum oldu ki, bu ölkədə heç kəsin azad gəzib dolanması üçün şərait yoxdur. Gələn turistlər belə ehtiyatlı olmalıdırlar. O da qala araşdırmaçı jurnalistlər. Mənim həyatım şəffafdır, gizlətməli heç nəyim yoxdur.

«JURNALİST ARAŞDIRMALARINDAN NARAHATDIRLAR»

- Bu şantaja gedənlər nədən narahatdırlar?

- Jurnalist araşdırmalarından. O araşdırmalar ki, onların dövlət büdcəsinin qeyri-qanuni yararlanmasını, xalqın malını talamasının üstünü açır. O araşdırmalar ki, prezident ailəsinin qaranlıq bizneslərinə, insanların vətənpərvərlik hisslərindən necə pul qazanmasına işıq salır. Belə şeylərdən qorxurlar. Qorxurlarsa, eləməsinlər!

Elmar Hüseynov

ELMAR HÜSEYNOVUN QƏTLİNİN AÇMAĞIN YOLLARI

- «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov öldürüləndən sonra belə fikirlər yarandı ki, artıq azad mətbuatda daxili senzura yarandı. Bir müddət bu, hiss olundu, amma sonra vəziyyət dəyişmişdi. Sənə olan bu şantajdan sonra necə, daxili senzura yenidən yarana bilərmi? Yoxsa zaman dəyişib?

- Mən geri çəkilsəydim, bəlkə bu hansısa nəticəyə gətirib çıxarardı. Amma mən geri çəkilməyəcəm və bununla da göstərəcəm ki, bu, faydasızdır. Bir məsələ də var, artıq tək deyiləm. Elə bu günlərdə AzadlıqRadiosunun 4 əməkdaşı büdcə vəsaitlərinin xərclənməsinin araşdırılması üzrə keçirilən müsabiqənin qalibi oldu. Elmar isə meydanda tək idi. Amma mən tək deyiləm, artıq mənim gördüyüm işi görə biləcək xeyli sayda jurnalist var.

- Azad sözə olan bu cür hücumların qarşısını nəylə almaq olar?

- Şübhəsiz, bu cür halların qarşısını almaq üçün bütün hüquqi vasitələrdən istifadə etmək lazımdır. İctimai qınaq olmalıdır. Ən əsası da jurnalistlər işlərinə davam etməlidirlər. Jurnalistin şəxsi həyat tərzindən hər hansı fakt, yalan və ya şəxsi həyata atılan çamur o faktı dəyişdirmir ki, bu hakimiyyətdə oğrular var.

«YÜZLƏRLƏ DƏSTƏK MESAJI ALDIM»

- Sənə yerli və xaricdən dəstəklər oldu. Bu dəstək özünü tək görməmək üçün yetərli oldumu?

- Bu şantajdan sonra mən yüzlərlə dəstək mesajı alıram. Həm yerli, həm xaricdən. Tanıdığım, tanımadığım adamlar bu olayı pisləyir, mənə mənəvi dəstək olurlar. AzadlıqRadiosunun 28 bürosu var. Hər birindən mənə yazıblar. O cümlədən beynəlxalq təşkilatlardan. Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları məni nahara dəvət etmişdi. Cəmiyyətimizin ən liberal düşərgəsindən tutmuş ən mühafizəkar kəsiminə qədər hər kəsdən dəstək gördüm. Sadəcə, onlar bunu gözləmirdilər. Onlar elə bilirdilər ki, şantaj məktubundan sonra geri çəkiləcəm, gizlənəcəm. Mən geri çəkilmədim, gizlənmədim. Çünki ayıb bir iş tutmamışam. Ayıb iş görmək xalqın cibinə girməkdir. Ayıb olan büdcəni talamaqdır. Ayıb olan sadə xalqın puluna öz övladını varlandırmaqdır. Ayıb olan xalqın imkanlarını əlindən alıb öz övladına verməkdir. Əgər onlar bunu edirlərsə, qoy onlar xəcalət çəksinlər, qoy onlar gizlənsinlər.