Camal Əli: “Dabanıma dubinka ilə 2 saat vurublar” [VİDEO]

Sizin brauzer HTML5-i dəstəkləmir

Məhkəmə gənclərin şikayətini təmin etmədi

“Keçən dəfə dedim ki, döyüblər, gətirib bir də döydülər. İndi deyəcəm döyüblər, aparıb yenə döyəcəklər”.

Bunu gənclərin 17 mart mitinqində həbs olunan “Bulistan” qrupunun üzvü, rok musiqi ifaçısı Camal Əli apellyasiya məhkəməsində dedi.

Martın 21-də Apellyasiya Məhkəməsində mitinqdə saxlanılan 3 nəfərin – Etibar Salmanlı, Camal Əli və Natiq Kamilovun şikayətlərinə baxıldı. Məhkəmə açıq keçirildi, prosesə ailə üzvləri, ictimai fəallar və ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı da qatılmışdı.

Camal Əlinin işi üzrə məhkəməyə hakim Əflatun Qasımov sədrlik edirdi.

Proses vəkil Anar Qasımlının vəsatəti ilə başlandı. Vəkil dedi ki, 4 gündür ona, müdafiə etdiyi şəxslərlə görüşmək imkanı verilmir və gənclərə hüquqi xidmət göstərə bilmir:

“CAMAL ƏLİ İLƏ 10 DƏQİQƏLİK TƏKBƏTƏK GÖRÜŞ VERİLSİN”

“Səbayel rayon 8-ci polis bölməsində mənə müdafiə etdiyim şəxslərlə görüşməyə imkan verməyiblər. Mən vəsatət vermək istəyirəm ki, Camal Əli ilə 10 dəqiqəlik təkbətək görüş verilsin”.

Hakim vəsatəti təmin etsə də, 8-ci polis bölməsinin əməkdaşı vəkilə bildirdi ki, ancaq telefonunu təhvil verdikdən sonra bu görüş baş tuta bilər. Vəkil bu tələbin qanunsuz olduğunu dedi və bu şərtlər altında görüşdən imtina etdi.

Bundan sonra Anar Qasımlı işin halları barədə danışdı:

Vəkil Anar Qasımlı


“Mahnıdakı qeyri-etik ifadədən sonra mitinq iştirakçıları arasında mübahisə yaranıb. Camal Əlinin mikrofonu açıq olduğu üçün onun söyüşü ətrafa yayılıb. Mikrofon açıq olmasaydı, söyüş eşidilməzdi. İkinci məsələ Camal Əlinin şəxsiyyəti ilə bağlıdır. O, kriminal şəxs deyil, ali təhsillidir, Türkiyədə təhsil alır, əvvəllər həbs olunmayıb, gəncdir, musiqiçidir. Ona görə də onun barəsində seçilmiş inzibati qaydada həbs qərarının dəyişdirilməsini, ya cərimə tətbiq etmənizi, ya da 4 günlük həbslə kifayətlənmənizi xahiş edirəm”.

Vəkil martın 17-də polis bölməsində Camal Əlinin döyülməsi ilə əlaqədar hakimdən prokurorluğa müraciət göndərməsini də xahiş etdi.

Döyülmə faktı ilə əlaqədar fasilədə Camal Əli AzadlıqRadiosunun sualına cavab verdi. Onun polis bölməsində döyüldüyünü təsdiqləməsi polis əməkdaşlarının narazılığına səbəb olub. O, məhkəmə çıxışı zamanı da ona işgəncə verilməsindən danışıb:

BURDAN AZADLIĞA BURAXILMAĞIMI İSTƏYİRƏM”

“Keçən dəfə dedim ki, döyüblər, gətirib bir də döydülər. İndi deyəcəm döyüblər, aparıb yenə döyəcəklər. Dabanıma “dubinka” ilə vururdular. Martın 19-da saat 3-5 arası, 2 saat döyüblər. Mən cinayətkar deyiləm, psix deyiləm, 4 gündür cəzamı çəkdim, cəza qanun çərçivəsindən kənara da çıxdı. Burdan azadlığa buraxılmağımı istəyirəm”.

Camal Əli onunla birlikdə həbs olunan Etibar Salmanlı və Natiq Kamilovun həbsini

Etibar Salmanlı

ədalətsiz hesab etdiyini dedi:

“Məni söyüş söydüyümə görə tutublar. Bəs onları niyə? Onlar söyüş söyməyiblər axı”.

Həbs olunan gənclər Müvəqqəti Saxlanma Məntəqəsində deyil, Səbayel rayon Polis İdarəsində saxlanılır. Məhkəmədə vəkil Anar Qasımlı bundan narahatlığını dilə gətirdi:

“8-ci polis bölməsində, Səbayel Polis İdarəsində bu şəxslər döyülüblərsə, onların orda saxlanması həyatlarına təhlükədir”.

Müşavirədən sonra hakim Səbayel rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxladığını, şikayəti təmin etmədiyini açıqladı.

Bunun ardınca hakim Əmir Bayramovun sədrliyi ilə Etibar Salmanlı və Natiq Kamilovun şikayətinə baxıldı.

Vəkil Anar Qasımlı Etibar Salmanlının və Natiq Kamilovun situasiyasının fərqli olduğunu, söyüş söymədiklərini bildirdi:

“Polis onları sadəcə yaxınlıqda görüb tutub aparıb”.

Vəkil deyib ki, hadisə yerində olanlardan yalnız polisin ifadəsinə əsasən yazılmış raportu dəlil hesab etmək olmaz.

Hakim izahatda həm Salmanlının, həm də Kamilovun söyüş söymələrini təsdiq etdiyini bildirib.

Etibar Salmanlı isə hakimə belə cavab verib:

“ORDA DEDİLƏR Kİ, İMZA AT, BU BİR KAĞIZDIR SADƏCƏ, İNDİ BURAXACAQLAR SƏNİ”

“Orda dedilər ki, imza at, bu bir kağızdır sadəcə, indi buraxacaqlar səni. Mən də ona görə imza atdım”.

Natiq Kamilov isə döyüldüyünü və imza atarkən pis vəziyyətdə olduğunu açıqlayıb:

Natiq Kamilov


“Nə diktə edirdilər, onu yazırdım. Mən orda elə vəziyyətdəydim ki... Mənə yazdırdılar ki, söyüş söymüşəm. Arada fasilə oldu, fürsət düşdü, bunun ardınca tez yazdım ki, xeyr, söyməmişəm”.

Natiq Kamilov məhkəmədə birinci instansiya məhkəməsində yalnız polislərin şahid kimi dindirilməsinə etirazını bildirdi.

GÜNDƏ 1 DƏFƏ YEMƏK...

Fasilədə AzadlıqRadiosunun suallarına cavab verən Kamilov polis idarəsində onlara gündə 1 dəfə, bəzən iki dəfə yemək verildiyini dedi.

Məhkəmə Etibar Salmanlı və Natiq Kamilov barəsində də əvvəlki hökmü qüvvədə saxlayaraq şikayəti təmin etmədi.

Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb.

Martın 21-də Amnesty Internationalın rok musiqi ifaçısı Camal Əlinin və gitarist Natiq Kamilovun həbsilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan hökuməti mitinqdə iştirak edən musiqiçilərə polisin işgəncə verməsi faktını araşdırmalıdır.

2 ay sonra Eurovision mahnı müsabiqəsinə səhnə olacaq Bakıda belə bir hadisənin baş verməsi –hökumətin icazəli mitinqdə musiqiçilərə zor tətbiq etməsi ironiya doğurur”, deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen bildirir.