- Rüqəyyə Kəbiri kimdir? Özünüzü oxuculara necə tanıdarsınız?
- Şəms Təbrizinin məzarı yerləşən torpaqda - Azərbaycanın Xoy şəhərində doğulmuşam. Bir qadın, bir anayam. Səhiyyə sahəsində çalışıram. Ailəmlə birlikdə Təbrizdə yuva salmışıq.
Üç kitabım var: “Ürəyim ağrıyır” (hekayələr, “Qanun” nəşrlər evinin “Ən yeni ədəbiyyat” layihəsində), “Təbrizim! Al təbimi” (şeirlər), “Bir ocaqda iki kül topası” (Kiyan Xiyavla ortaq yazılmış bir şeir toplusu. “Əsli-Kərəm” dastanının dekonstruksiyası. Mifik duşuncələr əsasında yazılmış bir şeir toplusu).
Bundan başqa Təbrizin İrşad nazirliyində iki hekayə kitabım nəşr izni gözləyir: “İçimdəki qız” və “Bu qapı heç döyülməyəcək”.
- Ədəbiyyat sizə nə verib?
- Ədəbiyyat məndən çox şeyləri alsa da, əvəzində mənə özgür düşünməyi bağışlayıb. Məncə bu, bir yazarçün yetərlidir.
- Arazın bu tayındakı çağdaş Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz? Hansı yazarlar izing ruhunuza daha yaxındır?
- Çoxlarını oxumuşam. İsmayıl Şıxlı, Cəlil Məmmədquluzadə, Anar Rzayev, Firuz Mustafanın pyesləri və bir romanı, Afaq Məsud, Sabir Əhmədli, Əkrəm Əylisli və son günlərdə oxuduğum gözəl bir roman: Pərviz Cəbrayıldan “Yad dildə” romanı.
Hər yazarın bir özəlliyi var. Birisinin təhkiyə forması, birisinin səmimi dili və… Ancaq bunu deyə bilərəm: Firuz Mustafanın pyesləri, özəlliklə “Amzonka” pyesini çox bəyənmişəm. Anar müəllimin iki əsəri mənə çox təsir edib: “Mən, sən, o və telefon”, bir də “Vahimə” hekayəsi, amma “Yad dildə” romanını oxuduğumda mətnin modern dünyası içində Dədə Qorqud xarakterlərini görmək mənim üçün maraqlı oldu. Doğrusu, bu romanı oxuyanda Argentina yazarı Lyosanın “Kafedral kilsədə söhbət” romanını xatırladım. “Yad dildə” romanı yazarının özəlliklərindən biri də rəvayət formasıydı. Zamanlara dönüşü məni çox maraqlandırmışdı. Habelə, net və texnoloji dünyasının nə olduğunu bədii cəhətdən gözəl verə bilmişdi.
- İranda daha çox sevilən dünya yazarları kimlərdir?
- Mən hamının adından danışa bilmərəm. Amma öz sevdiyim dünya yazarları yapon ədəbiyyatından Yasunari Kavabata və Haruki Murakami, Latın Amerikasından Markes, Varqas Lyosa, Xorxe Luis Borxes, Kortasar, Xuan Rulfo, Oktaviya Paz, Paolo Koelyo … və alman ədəbiyyatından Henrix Böll.
Ən çox sevdiyim şairlər isə: Nazim Hikmət, rus şairi Marina Svetayeva, Anna Axmatova, Mayakovski və batı şairlərindən Silviya Plat, Ənn Sekston və ərəb şairi Nəzzar Qəbani…
- Arazın o tayında həm qadın həm də yazar olmaq çətindirmi? Hansısa basqılar, təzyiqlər varmı?
- Məncə yazar olmaq hər yerdə çətindir. Bir yazar hər zaman böyük məsuliyət daşıyır. Və yenə də hər yerdə bir qadın olmaq da çətindir. Çünki qadınlığın da yazar kimi məsuliyyəti var. Yazar düşüncəsini millətiylə paylaşır, qadınsa doğduğu uşağa həyatın
- Çevrənizdə ədəbi mühit necə formalaşıb? İntriqalar, qovğalar, çək-çevir olurmu mətbuatda?
- Burda da hər yer kimi ədəbi mühit var. Dərnəklər, əncümənlər - həm turk dilində, həm farsca. Təbii ki, hər ədəbi mühit kimi buradakı ədəbi mühitdə də dartışmalar və mübahisələrsiz ötüşmək olmur.
- Ədəbiyyatçılar öz yaradıcılığı ilə necə, dolana bilirlərmi? Yoxsa çətindir?
- Məncə, ədəbiyyatdan para qazanmaq çətin işdir. Dünyanın çox yerlərində belədir.
- Müsabiqəyə necə oldu qatıldınız? Təəssürat necədir?
- “Azadlıq” radiosundan öyrəndim. Axı mən öncədən “Azadlıq”a şeir və hekayə göndərmişdim. Obyektivliyə inanıram. Hərçənd, hamı obyektivliyi öz əsərinin seçilməsi kimi anlayır...
- Siz tərəfdə də belə müsabiqələr olurmu?
- Bəli. İldə bir-iki musabiqə olur. Amma mən ümumiyyətlə, birinci dəfədir musabiqəyə qatılıram. Sizin musabiqəniz diqqətimi çəkdi, məni maraqlandırdı və ona görə də bu günlər buradakı “Anamın yaylığı” adlı musabiqəyə də qatılmağa qərar verdim.
- Onluq şeir siyahısından ən cox bəyəndiyiniz müəlliflər kimlərdir?
- Ad çəkmək istəmirəm. Hər şairin qələminin özunəxas özəlliyi və gözəlliyi var.
- Hekayə müsabiqəsində hansı hekayələri oxudunuz?
- Bir neçəsini oxumuşam. Başqalarını da oxuyacağam. Bəlkə də hekayələri birbəbir getdiyim Şəms dərnəyində oxuyub incələdik.
Sonda “Azadlıq” radiosunun əməkdaşlarına və rəhbərliyinə belə gözəl iş apardıqlarına və ədəbiyyatımıza bu qədər ilgi göstərdiklərinə görə təşəkkur.