Evlərin qiymətləndirilməsi və pulunun nə vaxt verilməsi üstə mübahisə gedir

Vahid Əhmədov

Bakının mərkəzində Şəmsi Bədəlbəyli küçəsindəki mənzilindən bu günlərdə çıxarılan Afaq İsmayılova AzadlıqRadiosuna deyirdi ki, onun əmlakının hər kvadrat metrinə müstəqil qiymətləndirmə şirkəti 2400-2800 manat qiymət qoyduğu halda, ona 1500 manat ödənir:

«Torpağın qiymətini heç bir məmur müəyyən edə bilməz. Bunu bazar müəyyən edir. Torpağın, binanın, mənzil qiymətini də bu prinsiplə müəyyən edib camaatla halallaşmaq lazımdır».

«90 GÜNƏ KÖÇ QURTAR»

Bunu isə deputat Vahid Əhmədov Milli Məclisin aprelin 20-də, «Qiymətləndirmə fəaliyyəti haqqında» qanuna, eləcə də torpaq, mülki, mənzil və s. məcəllələrə dəyişikliklər müzakirə edilərkən deyib. O bildirib ki, bəzi dəyişikliklər «mürtəce xarakterlidir». Vahid Əhmədov hesab edir ki, hazırda dövlət ehtiyacları bəhanəsi, yaxud qanunsuz tikili iddiası ilə ədalətli ödəniş edilmədən torpaqların alınması, evlərin sökülməsi yetərincə problem yaradıb. Rəsmiləşdiriləcək dəyişikliklərin bəziləri isə vəziyyəti bir az da gərginləşdirə bilər:

«Qanunun 157-ci maddəsində göstərilir ki, dövlət ehtiyacları tələb etdikdə, bazar dəyəri miqdarında qabaqcadan ödəniş etməklə əmlak özgələşdirilə bilər. Bizsə Mülkü Məcəlləyə dəyişiklik edib əmlakı özəlləşdirənə 90 gün vaxt veririk. Mübahisələr indi həddən artıq çoxdur. Amma biz daha da mürtəce təklif irəli sürürük ki, gəlin, biz bu mülkiyyəti alan hansısa bir dövlət orqanına ödəməni 90 gün müddətində etmək imkanı verək. Yəni, bu, artıq qanunun irəliyə yox, geriyə doğru addımıdır. Qanunda əvvəldən ödəmə olduğu halda onu həyata keçirə bilmiriksə, ödəmə olmursa, mübahisələr yaranırsa, evlər sökülürsə, niyə biz əvvəlcədən ödəmə olmamasını qanuniləşdirək. Bu dəyişiklik daha çox mübahisə yarada bilər. Yəni, istənilən məmur istənilən yerdə gedib evi, torpağı götürə bilər və deyər ki, qanun ona 3 ay vaxt verir. Bu müddətində ödəməni həll edəcək».

Vahid Əhmədov deyir ki, təkcə Keşlə stansiyasından 28 nəfər sökülmüş evinin pulunu ala bilməməsi ilə bağlı ona müraciət edib. Ona görə də deputat hesab edir ki, qiymətləndirmə və dəyərin ödənilməsi məsələlərinə ciddi yanaşılmalıdır. Ümumiyyətlə, dəyərin ödənilməsi və qiymətləndirmə məsələsini yeni bir qanunda həll etmək lazımdır ki, insanların əziyyətinə son qoyulsun. O deyir ki, Milli Məclisin İqtisadi siyasət komitəsində qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun layihəsi var. Onun üzərində işi başa çatdırıb qəbul etmək lazımdır.

MÜLKİYYƏTÇİNİN DEYİL, ORQANIN ÜZƏRİNƏ VƏZİFƏ QOYULUR

Əli Hüseynov

Qanuna dəyişiklikləri deputatların diqqətinə çatdıran parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə bu dəyişiklikləri mütərəqqi hesab edir. O, Mülki Məcəllənin 246-cı maddəsini xatırladıb deyir ki, söhbət dövlət ehtiyacları üçün torpaq sahəsi alınan zaman mülkiyyətçi ilə münasibətdən gedir. Hazırda bu maddə dövlət ehtiyacları üçün torpaq alınanda mülkiyyətçinin üzərinə vəzifə qoyur. Yəni, o, müəyyən şərtlər əsasında 90 gündən az, 180 gündən çox olmayan bir müddətdə torpaq sahəsini azad etməlidir:

«Amma təklif olunan dəyişikliyə baxın. Yeni layihə mülkiyyətçinin yox orqanın üzərinə vəzifə qoyur. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpağı alan müvafiq orqan 90 günə mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir. Torpaqla bağlı hüquqların dövlətə verilməsi üçün öz xərcləri hesabına lazımi tədbirlər görür. Mülkiyyətçiyə yeni yaşayış yerinə köçməsində köməklik göstərir».

MÜTƏRƏQQİ DƏYİŞİKLİKLƏR EDİLİB

Əli Hüseynov deyir ki, əslində bir neçə il əvvəl Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə mütərəqqi dəyişikliklər edilib. Amma bu gün hətta bir neçə il əvvəl edilən dəyişikliklər belə kifayət deyil. Çünki deputatların da qaldırdığı qanunların icrası problemi mövcuddur. Ona görə də təklif olunan dəyişikliklər həm müddətləri, həm də mexanizmləri daha dəqiq tənzimləyir.

Əli Hüseynov bəzi deputatların dövlət ehtiyacları olmayan yerlərdə söküntülər aparılmasının problemlər yaratması fikri ilə razılaşır. Deyir, bəli, bu problemlər mövcuddur. Amma bunlarla bağlı çoxlu məhkəmə prosesləri də var. Bir sıra hallarda elə şirkətlər var ki, cinayət məsuliyyətinə cəlb olunublar.

Hüquqşünas Fuad Ağayevin fikrincə isə, son 5 ildə Azərbaycanda qanunvericilik nəinki təkmilləşmir, əksinə, tənəzzülə uğrayır.

Fuad Ağayev

Digər tərəfdən, hətta qüvvədə olan qanunvericilik normaları belə düzgün tətbiq olunmur:

SƏRƏNCAMLARA YÜKSƏK SƏVİYYƏDƏ DƏSTƏK

«Konstitusiyanın 13 və 29-cu maddələri birmənalı olaraq mülkiyyət hüququnu müdafiə edir. Mülkiyyətdən məhrumetməni dövlət ehtiyacları mövcud deyilsə, yasaqlayır. Mülkiyyətdən yalnız məhkəmə qərarları əsasında və yalnız konstitusiya əsasında məhrum etmək olar. O da bir şərtlə ki, həmin mülkiyyətin qabaqcadan ədalətli dəyəri ödənilsin».

Fuad Ağayev deyir ki, hazırda ölkədə mülkiyyət hüququnun pozulması və ədalətli ödəmələrin edilməməsi kütləvi xarakter daşıyır. Bu kütləvilik ondan irəli gəlir ki, bu siyasət ən yüksək səviyyədə dəstəklənir. Yəni, Bakı şəhər İcra Hakimiyyəti başçısının bu barədə sərəncamlarında bilavasitə dövlət başçısının göstərişlərinə istinad edilir.

Fuad Ağayev deyir ki, hətta Sovetlər dönəmində və müstəqil Azərbaycanın ilk dövrlərində ümumxalq müzakirəsi deyilən bir mexanizm mövcud idi. Cəmiyyətin həyatına mühüm təsiri ola biləcək belə ciddi məsələlər həll edilməmişdən əvvəl həmin müzakirəyə verilirdi. 1995-ci ildə-yəni indiki hakimiyyətin dövründə o mexanizm sıradan çıxarılıb.