Nazim Hikmət Şeir Festivalının qalibləri bəlli oldu

Nazim Hikmət

ABŞ-da keçirilən Nazim Hikmət Şeir Festivalı başa çatıb.

Müsabiqənin qalibi - müsəlmanlığı qəbul etmiş Amerika şairi

Türk mətbuatının məlumatına görə, bu yarışma ABŞ-da dördüncü dəfə keçirilirdi.

Yarışmaya dünyanın hər yerindən yüzlərcə şair qatılıb.

Festival bu il şair Pablo Nerudaya həsr olunub.

Festival ABŞ-da fəaliyyət göstərən Türk Kültür Vakfı (Turkish Cultural Foundation), Kuzey Karolina Türk Derneği və yerli idarəçilərin dəstəyilə baş tutub.

Yarışmaya hər şair ən çox 3 şeir göndərə bilərdi. Odur ki, festivala 250 şair 700-dən çox şeirlə qatılmışdı.

Şeirlərin az qala yarısı Şimali Karolina əyalətindən, qalan hissəsi isə ABŞ-ın digər bölgələrindən və xarici ölkələrdən göndərilmişdi.

Xarici ölkələrdən ən çox şeir göndərən Hindistan, Türkiyə, İngiltərə və Yunanıstan olub. Hətta Cənubi Afrika və Sinqapurdan da yarışmaya qatılıblar.

Şeirlərin arasında həm bu yarışma üçün yazılmış, həm də əvvəllər yazılmış şeirlər olub.

Yarışmada 5-i qadın 10 finalçı seçilib.

Yarışmanı 7 nəfər qazanıb: Daniel Abdel-Hayy Moor, Peter Blair, Hala Alyan, Kevin Boyle, Elizabethy Gargano, Jeffrey Kahrs, Amy Leigh Brown.

Festival çərçivəsində istedadını inkişaf etdirmək istəyən şairlər üçün şeir yazma təlimləri təşkil olunub. Bu il belə bir dərnək ilk dəfə uşaqlar üçün də qurulub.

Yarışmanın qaliblərinin şeirləri isə kitab şəklində Amazon.com internet saytından satışa çıxarılıb.