İrana gedən iki Azərbaycan şairi həbs edildi

Şəhriyar del Gerani və Fərid Hüseyn

-

İrana səfər etmiş iki gənc Azərbaycan şairi Şəhriyar del Gerani (Hacızadə) Fərid Hüseyn Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs ediliblər.

Bu barədə Azadliq Radiosuna Şəhriyarın atası Hacı Mayıl Hacıyev məlumat verib.

Onun sözlərinə görə, İrana poeziya festivalına gedən oğlundan və onun şair yoldaşından mayın 2-dən bəri xəbər-ətər yoxdur.

- Şəhriyarla Fərid İrana aprelin 29-da getmişdilər. Mayın 1-də oğlum Marağadan mənə zəng etmişdi. Ertəsi gün yerli vaxtla saat 23 00-da isə onlar Təbriz-Bakı avtobusuna minib Azərbaycana qayıtmalıydılar.

Mayın 2-də onlar Təbrizdə İmişlidən olan 2 nəfərlə rastlaşıblar. Bunlar Şəhriyarın keçmiş məktəb yoldaşları olub. Dördü birlikdə həmin gün Təbrizi gəziblər.

Həmin 2 nəfərin avtobusu Şəhriyargilkindən 4 saat sonra çıxmalı imiş. Axşam Şəhriyargil “Koka-kola” almaq üçün bu iki nəfərdən aralaşıblar. Elə bu vaxt mülki geyimli şəxslər onları həbs ediblər.

- Həmin adamlar neçə nəfər olub, özlərini necə təqdim ediblər?

- 5-6 nəfər olublar. 2 maşında. Mülki geyimdəymişlər. Özlərini təqdim etməyiblər.

Şəhriyargili maşına oturdublar ki, “bizimlə gedəcəksiz”. Şəhriyargil də deyib ki, “icazə verin çantamızı götürək”. Bundan sonra mülki geyimlilər maşınları sürüblər bunların yoldaşlarının yanına. Onları da həbs ediblər.

Amma o iki nəfəri sonradan azad ediblər. Düzdür, əvvəlcə qaldıqları otel otağında axtarış aparıblar, sənədlərini aparıb yoxlayıblar. Amma gecə saat 2-də onların sənədlərini qaytarıblar və onlar da Azərbaycana qayıdıblar.

Şəhriyargilin həbs edilməsi xəbərini də onlar mənə çatdırıblar. Dediklərinə görə, onları həbs edənlər dövlət adamlarına oxşayırmışlar. Çünki otel otağında axtarış aparanda otel işçisinə deyiblər ki, “müdirə deyin, filankəs gəlmişdi”. Demək ki, müdir onları tanıyırmış. Yəqin ki dövlət idarəsindən olan adamlar imiş.

- Şəhriyarla Fəridin getdiyi Poeziya Festivalı haqda məlumatınız varmı? Harda keçirilib?

- Məlumatım yoxdur. Bəlkə də Təbrizdə imiş, bəlkə də Marağada.

- Sizcə, onları nə üstündə həbs edə bilərdilər?

- Doğrusu, təsəvvürüm yoxdu nə üstündə ola bilərdi.

- Şəhriyar əvvəllər İranda olubmu?

- 6 dəfə olub. Ağır xəstə olan anasını müalicəyə aparanda.

- Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?

- Milli Təhlükəsizlik Nazirliyinin İmişli şöbəsinə müraciət etdim, dedilər ki, öz kanalları ilə araşdıracaqlar.