Almaniyalı deputat İlham Əliyevi «avtokratik rejimin rəhbəri» adlandırdı

Volker Beck

Mayın 16-da Bakıda keçirilən Azərbaycanda insan hüquqlarına həsr olunmuş «Demokratiya üçün oxu» (Sing for democracy) adlı konfransda xarici qonaqlarla Azərbaycan rəsmiləri arasında polemika yaranıb.

«Eurovision» mahnı yarışması ərəfəsi təşkil olunan tədbirdə lmaniya parlamentinin üzvü Volker Beck deyib ki, «Azərbaycanda media azadlığı yoxdur, bu ölkə demokratik ölkə kimi təqdim edilə bilməz».

BAKI PARİSLƏ DUBAY ARASINDA

Azərbaycanın Avropada beynəlxalq imici barədə danışan almaniyalı deputat Bakıda aparılan təmir-abadlıq işlərinə də toxunub. Deyib ki, Bakı Parislə Dubay arasında sanki mübarizə aparır. Amma o, divarları ağartmaqla, yolları təmir etməklə ölkəyə demokratiya donu geydirməyin mümkün olmayacağını deyib.

Volker Beck'ə görə, Azərbaycan hakimiyyətinin «Eurovision» mahnı yarışmasından siyasi bir təbliğat kimi istifadə etməsi əslində bu ölkənin azad olmamasının göstəricisidir. Volker Beck çıxışında bir neçə dəfə Azərbaycan prezidentini «avtokratik rejimin rəhbəri» adlandırdı.

«İLHAM ƏLİYEVİN ŞƏXSİYYƏTİNİ, DÜNYADAKI NÜFUZUNU TƏFTİŞ ETMƏK LAZIM DEYİL»

Almaniyalı deputatın bu çıxışı tədbirdə iştirak edən hakimiyyət təmsilçilərinin etirazına səbəb oldu. İlk reaksiya Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyevdən gəldi:

«Prezident İlham Əliyevin şəxsiyyətini, dünyadakı nüfuzunu təftiş etmək lazım deyil. İlham Əliyevin kifayət qədər nüfuzu da var. Bütün dünya onu qəbul edir. Azərbaycan xalqı da onun arxasında durub və istənilən yerdə öz fikrini demək və qəbul olunmaq iqtidarına malikdir.

Vüqar Əliyev



Söhbət Azərbaycanda işgəncələrdən və insanların həyatlarının pozulmasından gedirsə, xahiş edirəm, Almaniyadan danışın. Görək, orda başları kəsilən türklərin başları yerinə tikildimi, məscidlərdə çəkilən xaçlar pozuldumu?».

«60 MİN İDİSƏ, NİYƏ 1200 ADAM VAR İDİ»

Vüqar Əliyev Azərbaycanda insanların mülkiyyət hüququnun pozulması haqda səslənən mənfi fikirlərə də münasibət bildirdi:

«Deyirlər ki, Bakıda 60 min adamın mülkiyyət hüququ pozulub. Müxalifət bu yaxınlarda iki mitinq keçirdi. 60 min adamın mülkiyyət hüququ pozulubsa, niyə mitinqlərinə 1200-dən çox adam yığa bilmirdilər?».

«MƏTBUAT AZADLIĞININ MƏHDUDLAŞDIRILMASINA DAİR DÖVLƏT SİYASƏTİ YOXDUR»

Mətbuat azadlığı ilə bağlı tənqidlərə gəldikdə, Vüqar Əliyev Azərbaycanda belə bir problemin olmadığını bildirdi:

«Azərbaycanda söz və mətbuat azadlığının məhdudlaşdırılmasına dair dövlət siyasətinin olması barədə irəli sürülən iddialar reallığa uyğun deyil. Dövlətin belə bir siyasəti yoxdur. Əlbəttə, biz demirik ki, problemlər yoxdur, amma bu problemlər də getdikcə həllini tapacaq».

Tədbirdə «Sərhədsiz Reportyorlar» Təşkilatının ünvanına da tənqidi fikirlər səsləndirildi. «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev adıçəkilən təşkilata sual da ünvanladı:

««Sərhədsiz reportyorlar» niyə mahnı müsabiqəsi keçiriləndə demokratiyanı yada salır?».

Ingo Petz


«SƏRHƏDSİZ REPORTYORLAR»: BİZ HAMIDAN YAZIRIQ

«Sərhədsiz reportyorlar»ın nümayəndəsi Ingo Petz isə təmsil etdiyi təşkilatının nəinki Azərbaycana, ümumiyyətlə heç bir ölkəyə qərəzli münasibəti olmadığını, gördükləri işin də davamlı bir iş olduğunu qeyd etdi:

«Biz bu işi «Eurovision» qabağı deyil, hər gün görürük. Sadəcə, indi Azərbaycan mahnı yarışması ərəfəsində Almaniya və İngiltərə mediasında daha çox tənqid edilir».

Təşkilat nümayəndəsi xarici jurnalistləri Azərbaycanın bütün problemlərindən, insan hüquqlarından tutmuş tarixinə qədər bütün məsələlərdən yazmağa səslədi.

MƏTBUATIN YEGANƏ PROBLEMİ

Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı problemin olmadığını bildirdi:

«Kim deyirsə ki, Azərbaycanda ümumiyyətlə söz və mətbuat azadlığı yoxdur, mən onlarla razılaşmıram. Mən deyərəm ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı var».

Əflatun Amaşova görə, Azərbaycanda mətbuatın yeganə problemi onun iqtisadi azadlığının olmamasıdır.

6 MİLYONA 157 AVTOBUS

İqtisadçı Natiq Cəfərli də çıxışında ölkədə mövcud bütün problemlərin kökündə azad iqtisadiyyatın olmadığını dedi.

İqtisadçı «Eurovision» mahnı yarışması ilə əlaqədar dövlət büdcəsindən ayrılan 6 milyon manata 157 avtobusun alınmasını da iqtisadi azadlığın olmaması ilə əsaslandırdı.

Çingiz Əsgərov

O bildirdi ki, ölkədə azad iqtisadiyyat, azad sahibkarlıq inkişaf etsəydi, həmin avtobuslar müstəqil şirkətlər tərəfindən gətirilərdi.

ŞƏXSİ HƏYAT, YOXSA?

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov isə əsl demokratiyanın Azərbaycanda olduğunu bildirdi. O, AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılovaya təzyiqlərlə bağlı məsələyə də toxundu:

«Araşdırmaçı jurnalist özü kiminsə şəxsi həyatını araşdırır, amma özü ilə bağlı məsələyə gələndə deyir ki, mənim şəxsi həyatımdan heç kim yaza bilməz».

Jurnalist Xədicə İsmayılova isə bildirdi ki, o, prezidentin qızlarının şəxsi həyatını deyil, onların biznes fəaliyyətini araşdırıb.

Hüquq müdafiəçisi Samir Kazımlı isə tədbirin sonunda ölkə prezidentinin yerli jurnalistlərə bir dəfə də olsun müsahibə vermədiyini qeyd etdi:

«Mətbuat və söz azadlığının yüksək səviyyədə olduğunu deyənlər yaxşı olar ki, bu faktı da nəzərdən qaçırmasınlar».

«Sing for democracy» kampaniyası Azərbaycanın 2011-ci il «Eurovision» mahnı yarışmasındakı qələbəsindən 2 ay sonra 30-dan artıq yerli hüquq müdafiə təşkilatı tərəfindən başlanılıb.

Məqsəd beynəlxalq musiqi yarışmasından istifadə edib diqqəti Azərbaycandakı insan haqlarının durumuna cəlb etməkdir.

Kampaniya çərçivəsində indiyə qədər insan və mülkiyyət hüquqlarına həsr olunmuş 10-dan artıq tədbir keçirilib.