“The Guardian” yazır ki, gənc rokçu Camal Əli mayın 16-da Azərbaycanı tərk edib. Hazırda Berlində olan rok muğənnisi qəzetin əməkdaşı Miriam Elderə deyib ki, əgər Azərbaycanda qalsaydı, onun həyatını məhv edəcəkdilər.
Camal Əli bu ilin martında Bakıda gənclər təşikilatlarının mitinqində saxlanmışdı. Onun prezidentin ünvanına təhqiramiz ifadələr işlətdiyi deyilirdi.
Xuliqalıq ittihamı ilə 15 sutka həbs cəzası alan musiqiçi 10 gün sorna azad edilmişdi.
24 yaşlı Camal Əli “The Guardian”a bildirib ki, yalnız Eurovision-2012 mahnı yarışı ərəfəsi olduğu üçün canını həbsdən qurtara bilib. Onun sözlərinə görə, polis idarəsində saxlanarkən ilk 2 gündə işgəncələrə məruz qalıb. Başına torba keçirərək onu dəyənəklə döyüblər: “Onlar məni döyə-döyə deyirdilər ki, xoşun gəlmir, .cəhənnəm ol, get. Ölkədən çıxıb rədd olmağın üçün hər şeyi edəcəyik. Həbsdən çıxandan sonra da 24 saat evimin ətrafında Hyundai markalı qara maşında polis növbə çəkirdi. Daha uzun müddətə həbs edilmək təhlükəsi olduğu üçün ölkəni tərk etdim.”
O, əlavə edir ki, Eurovision-2012 yarışı başa çatan kimi onu prezidenti təhqir ittihamı ilə 2 ildən 5 ilə qədər həbs edə bilərdilər.
Camal Əlinin ölkəni tərk etməsindən bir qədər əvvəl onun Bulistan qrupu "Vermişel" adlı video klipi YouTube şəbəkəsinə yerləşdirib. Bu klpdə Azərbaycan hakimiyyəti kəskin tənqid olunur.
Qəzet yazır ki, indi Azərbaycanda fəalların çoxu gələn şənbə Eurovison-2012 başa çatandan sonra sərt cəza tədbirlərinin olacağını gözləyir.
Camal Əlinin iddilarına hələlik rəsmilərdən bir reaksiya almaq mümkün olmayıb. Amma Preident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bugünlərdə insan haqlarının vəziyyətinə görə Azərbaycanın ünvanına səslənən ittihamları rədd edib. O, deyib ki, belə ittihamlar erməni lobbi qruplarının dəıstəyi ilə Azərbaycanı gözdən salmaq cəhdidir.