«Deyirik ki, atan Urmudan su gətirməyə gedib»

Tehranda Evin həbsxanası

-
«9 GÜNDÜR BACIMDAN XƏBƏR YOXDUR»

Urmu gölünün qurumasına etiraz edənlər bir həftə əvvəl İranın bir neçə şəhərində aksiyalar keçirdilər. Aksiya başlamamış həbslər də aparıldı. Həbs olunanlardan biri də 21 yaşlı Əfsanə Toqirdir. O, Təbriz Universitetinin tələbəsidir. İxtisasca əkinçidir. 9 gündür ki, ailəsinin bu gənc qızın taleyindən xəbəri yoxdur. Onun günahı nədir, ümumiyyətlə suçu varmı-yoxmu, cinayət işi açılıb ya yox, bu haqda yaxınlarına heç bir məlumat verilmir.

Qardaşı Ənsar Toqir AzadlıqRadiosuna belə deyir. Ailəsinə bircə bunu deyiblər ki, cinayət işi hazır olana kimi bacısı ilə görüş də, danışmaq da mümkün deyil:

- Zindanda saxlanır. Cisim və ruhi rəvanının salamatlığından xəbərimiz yoxdur. Heç bir xəbər vermirlər bizlərə. Qalmışıq belə. Bilmirik neyləyək.

- Nə deyib həbs ediblər onu? Sizə bir izahat verirlərmi?

- Yox. Heç bir cavab vermirlər. Ancaq Əfsanə çox mədəni şəkildə universitetdə Urmu gölünün quruması ilə əlaqəli etirazlar aparırmış. Bizə heç bir cavab vermirlər ki, niyə tutmuşuq. Heç bir şey bəlli deyil. Vəkil də tutmağa qoymurlar, görüşməyə, telefonla danışmağa izn vermirlər. Deyirlər ki, vəkil tuta bilməzsiz, ta pərvəndə (cinayət işi – Ş.B.) təkmil olmayınca, mümkün deyil.

- Bəs neyləmək fikriniz var? Qanunlar nə deyir?

- Qanun yoxdur ki. Qanun olsaydı, tutmazdılar ki...

- Atanız-ananız nə deyir bu vəziyyətdə?

- Onlar da narahatdırlar. Ruhi baxımdan anamın vəziyyəti yaxşı deyil. Çox nigarandır.

«TƏBRİZDƏ BELƏ HƏBSLƏR ÇOX OLUR»

«21 yaşlı gənc qızın həbsi çevrənizdə necə qarşılanır» sualına cavab olaraq qardaşı deyir ki, Təbrizdə bu cür həbslər çox olur. Bu cür həbslərə etirazlardan, həbs edilənlərə dəstəkdən də danışır Ənsar Toqir:

«Cəmiyyətdən, tələbələrdən, təşkilatlardan dəstək yetərincədir. Amma dəstək olsa da, olmasa da tuturlar».

İran polisi Urmu gölünün qurumasına etiraz edənləri dağıdır - 2011


«QAYNANAMGİLƏ ZƏNG VURUB Kİ...»

Mayın 21-dəki etirazlarda həbs olunan hüquq müdafiəçisi Əkbər Mühacirin isə səsini ailəsi mayın 28-də qısaca – 1-2 dəqiqəlik də olsa, eşidə bilib. Amma bu da yaxınlarının nigarançılığına son qoymayıb. Əkbər Mühacirin xanımı Məryəm Məhəmmədi belə deyir. Bildirir ki, mayın 28-də ETTELAAT-a gediblər. Görüş ala bilməsələr də, çox xahiş-minnətdən sonra telefon danışığına razılıq alıblar:

«Dünən çox yalvarıb-yaxarandan sonra dedilər ki, zəng olacaq. Axşam saatlarında zəng vurdu. 2 dəqiqə olmadı. Elə kef-əhval elədi. Mən evdə yox idim. Qaynanamgilə zəng vurub ki, məndən nigaran olmayın, bir də zəng vurdum ki, uşaqlarla danışım».

7 İLDƏ 10 HƏBS

Məryəm Məhəmmədinin dediyinə görə, ETTELAAT-da olanda ona deyiblər ki, hələ gələn həftənin sonuna kimi yoldaşı haqda ona məlumat verilə bilməz. O, həyat yoldaşına cinayət işi açılıb-açılmadığını da bilmir. Səhhətindən də xəbərsizdir:

«Dünən soruşdum ki, babam, bunu niyə tutmusuz? Dedilər ki, məhəlli iğtişaşlarda gərək küçəyə çıxmayaydı. Başqa heç nə demədilər».

Əkbər Mühacir son 7 ildə təxminən 10 dəfə həbs olunub. Təkcə son 1 ildə 2 dəfə saxlanılıb. Məryəm Məhəmmədi deyir bunları.

«TƏK-TƏNHAYAM, QIZIMDAN BAŞQA DƏSTƏK OLACAQ KİMSƏ YOXDUR»

Məryəm Məhəmmədi tək qaldığından danışır. Yaxınlarının Əkbər Mühacirin işinin dəstəkləmədiyini də deyir:

Urmu gölü quruyur - 2011

«Atamgil çox razı deyillər Əkbər ağanın işindən. Amma mən həmişə Əkbər ağaya dayaq duracam, həmişə dalındayam. Allah özü bizə nicat versin. Kömək olsun, sözümüzü məmləkətimizdə yeridə bilək, sözümüzü dinləyən olsun. Əkbər ağa da bunları deyir. Bilmirəm kim bizə kömək edəcək? Tək-tənhayam. Bir dənə balaca qızım var. Ondan başqa bizə dəstək olacaq kimsə yoxdur».

Məryəm Məhəmmədinin özünə arxa-dayaq sandığı qızının cəmi 6 yaşı var. Onu da deyir ki, son günlər gözünün yaşı qurumayan qızını heç cür ovuda bilmir:

«4-5 gündür çox ağlayır. Ayrıca otaqda yatır. Deyir ki, mən niyə atamı görmürəm? Biz də nə deyək? Ya deyirik gedib Urum gölündən su gətirsin, ya da deyirik gedib işləməyə. Ayrı söz deyə bilmirik».

Təbrizdə keçirilən etiraz aksiyaları zamanı tutulan azərbaycanlı fəal Həsən Mirzəxani isə Təbrizin mərkəzi zindanına köçürülüb.

Bu xəbəri «Media forum» saytı yayıb. Mayın 21-də tutulan azərbaycanlı fəal 7 gün ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanıb. Mayın 28-də şəhərin mərkəzi zindanına köçürülən fəalın dindirilərkən müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qaldığı vurğulanır.