Norveç Yayım Korporasiyası jurnalistin soyundurulmasından narahatdır

Amir Asgharnejad

Norveç Yayım Korporasiyası norveçli jurnalistin Azərbaycan aeroportunda döyülüb soyundurulması iddiası ilə bağlı narahatlığını bildirib.

Korporasiyanın kommunikasiya direktoru Tommy Hansen AzadlıqRadiosuna deyib ki, jurnalist Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölümlə də hədələnib:

«POLİS RƏSMİSİ BAŞ VERƏNLƏRİ KAMERAYA ÇƏKİB»

«Jurnalist təhlükəsizlik kontrolundan keçib və onun pasportu yoxlanılıb. Sonra onu sorğu-sual etmək üçün bir otağa aparıblar. O, 7-yə qədər polisin nəzarəti altında sorğuya çəkilib. Onu alt paltarlarınacan soyundurublar və İran bayrağının üstünə çıxardıblar. Onu həmçinin öldürməklə hədələyiblər. Biz baş verənləri qəbuledilməz hesab edirik. Bu, «Eurovision» Mahnı Yarışması ərəfəsində jurnalistlərə azad işləmək üçün hər cür şərait yaradacağına söz verən Azərbaycanda insan hüquqlarının ciddi pozuntusudur. Jurnalistin başına gətirilənlər polis rəsmisi tərəfindən videoya da çəkilib».

Norveçdə satirik proqram müəllifi olan Amir Asgharnejad «Eurovision 2012» həftəsində Norveç heyətində Bakıya gəlib və burda Azərbaycanla bağlı satirik video-süjetlər hazırlayıb. Onun aeroporta incidilməsiylə bağlı iddialara Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, jurnalist ölkəyə gələndə saçı uzun, üzü isə tüklü olub. Burdan çıxanda isə saçını kəsdirib. Nazirlik bildirir ki, bu fərq aydınlaşdırıldıqdan sonra jurnalist təyyarəsinə belə gecikmədən ölkəsinə qayıdıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev:

«BU JURNALİSTDƏN HƏR ŞEY GÖZLƏNİLƏNDİR»

«Bu, tamamilə yanlış bir məlumatdır, Azərbaycana ləkə gətirmək cəhdidir. Bir jurnalist ki, videoçarx çəkir və orda Azərbaycanın bayrağına təhqiramiz yanaşır, təbii ki, ondan hər şey gözlənilər. Bu jurnalistin sifarişli çəkilişlər aparması da şübhə doğurmur. O, bizim tariximizi, mədəniyyətimizi təhqir etməyə, ölkəmizdə gedən inkişafı neqativ şəkildə göstərməyə çalışıb».

Norveç mətbuatı yazır ki, Amir Asgharnejad’ın iddia etdiyi olayla əlaqədar Norveç Xarici İşlər Nazirliyi Azərbaycandakı nümayəndəsinə araşdırma aparılması üçün müraciət yollayıb.

Elman Abdullayev bildirir ki, bu jurnalisti ciddi qəbul etmək lazım deyil:

«Gördüyünüz kimi, o videoda bu şəxs anormal hərəkətlər edib. Əyilmək, yaxud Norveçin adına İran demək... Bu, şəxsin psixoloji problemi olmasına bənzəyir, normal insan belə hərəkətlər etmir. Bu, Azərbaycan tərəfinə yönəlmiş iftiradır. Ümumiyyətlə, hesab edirəm ki, belə bir iftiranı ciddiyə almaq da düzgün deyil».

Bakıdakı Norveç səfirliyindən məsələyə münasibət öyrənmək hələlik mümkün olmayıb.