Seyfəddin Hüseynli. Biabırçı tərcümələr haqda (1-ci yazı)

Seyfəddin Hüseynli

Bu yazıda məqsəd dünya ədəbiyyatını Azərbaycan türkcəsinə çevirmək kimi əvəzsiz işə kölgə salmaq deyil, bu işin daha təkmil olmasına töhfə verməkdir.


Seyfəddin Hüseynli


TƏRCÜMƏ TƏCRÜBƏLƏRİ: SEÇİLİB ÇEVRİLƏNLƏR

«Elmlər Akademiyası» səmtindəki «Büyük Fırat» türk kafesinin - köhnə, əfəndi kişilər təbirincə - hicra guşəsində qərar tutub oturmağımızla, istəkli dostum Pərvizin o unudulmaz söhbəti açmağı bir oldu:

«Təzə telefon almışam, kitayskidi, amma elə-belə deyil, hər imkanı var, di gəl, “blutuz”unu tapa bilmirəm, alanda ağlıma gəlmədi soruşum, indi də ha əlləşirəm, bir şey çıxmır, sən də bir baxasan bəlkə buna, gör neynirsən, menyusu ruscadı...»

Elə sevincək oldum, elə fərəhləndim!

O günəcən həm xarici dillərə, həm də yeni texnologiyalara bələdlik sarıdan kiməsə məsləhət yeri kimi görməzdim özümü. İndi birdən-birə, bu iki işin ikisinə də çoxlarından ötə vaqif olduğunu dəqiq bildiyim qədimi dostum məndən kömək umurdu: əcnəbi dil bilməyə də, modern texnologiyalara bələd olmağa da dəxli vardı onun istədiyi köməyin.

Mən olsam, yəqin ki, özümü qəti sındırmazdım, bunu ilgəklik-kəfənlik dərəcədə ayıb iş sayardım. Dostumsa, heç qürur məsələsinə çevirmədən, rahatca dilə gətirmişdi kömək istəyini…


Ekzistensiyasına canlar fəda Alber Kamyunun, bizim dildə yaman "intiresni danışır”: «O, başıyla mənə işarə edib, həmin saat bildirdi ki, mən günahsızam…»

…Yazıya giriş-çıxış tapmaq xətrinə köşədə-kürsüdə nimdərə döndərilən mübhəm, əsrarəngiz «dost»lardan da deyil mənim dostum, mücərrəd surət, irreal obraz, «xəyal ürünü»-filan da. İctimai Televiziyanın redaktoru Pərviz Aslanov, bir çox yaşıdının da, özündən yaşlı neçə həmkarının da ərklə Əmi dediyi, sevilən-sayılan real şəxsiyyətdir, gerçək dostdur. Düşdüyü çətinliyin, məndən umduğu köməyin də mətləbə çox dərindən dəxli var!

Bir ekspert kimi müraciət alıb, “problemin həllinə cəlb edilməyimdən” duyduğum şadlığın «ömrü çiçək qədər» də olmadı. Dostumun təzə telefonunun menyusu bir yana, düşdüyümüz vəziyyət də «rusca»ydı…

“Blutuz” tapıldı – iki dostun iki çaynik çay, iki porsiyon dönər, iki lahmacun, iki butulka “Coca-Cola” ilə müşayiət olunan «rədd olsun, vapşe…»li, «savsem bezdirdi uje…»li iki saatlıq axtarışlarından sonra!

Bu «ikilik»lərlə tərcümə işinin ikili mahiyyəti, ikitərəfliliyi arasında, öz yəqinimdə, mistik- numeroloji bağlar qurmaq istəyirdim ki, hesab dəyişdi: ingiliscəylə ruscanın ortasında namərbut bir «üçüncü tərəf»lə burun-buruna gəldik! Bluetooth tapıldı tapılmağına, ancaq bizim aləmimizdə kainatdakı min cür sirri-Xudaya o gün o kafedə bir sirri-Kitay da qarışdı: göbək adını Bluetooth kimi eşidib-bildiyimiz o baş bəlası mobil imkan bizim Pərvizin yeni telefonundan «Siniy zub» adıyla çıxdı! Xalis Çin-Kitay əməli! Bizdə canmı qalar – gülməkdən, təəccübdən, əsəbdən?! Məğlətə bununla bitmədi! Mexaniki-maşınsayağı tərcümədə «Siniy zub»a döndərilən Bluetooth-a öz dilimizdə nə ad verməyin mümkünlüyü mövzusu aramızda çox ciddi çək-çevir yaratdı bir azdan. «Tooth» məsələsi aydındı.

Amma öz telefonundan çıxan «Siniy» sözünü, ədəbiyyat naxoşluğum dərhal «nüks etdi»yindən, «Mavi»yə çevirməyim Pərvizin heç xoşuna gəlmədi, dirəndi ki, qaqa canı, elə «Göy» yaxşıdı! Prinsipiallıq yeri deyildi, odur ki, heç üz vurmayıb, geri çəkildim. Fikirləşdim, qurban olsun dostuma milyon-milyon «Göy», milyon-milyon da… o birisindən!

Razılaşmağımla dostumu yamanca şadlandırmış oldum, durulan keyfindən anladım bunu. Düzü, mən də sevindim. Ancaq beynimin hansısa küncündə bir peşmanlıq da özünə yer eləməmiş deyildi: «Ay dadi-bidad, beləcə-beləcə, gör nə prinsiplər, nə qayda-nizamlar gedir dostluqların, münasibətlərin badına…»

Qıraqdan baxanda, iki saat vaxtımızı alıb əsəblərimizi korlamasaydı, bu «Kitay əməli»nin bizə bir dəxli olmadığını demək mümkündü. Özlüyündə nə qədər eybəcər də olsa bu yanaşması, nəticədə, Çin əhli bir şey uduzmur. Hər nə olursa, avropalının, amerikalının texnologiyasına, ingilisin, rusun dilinə olur, çinli eləcə pulunu qazanır, həm də öz dilinə qarşı zərrəcə biədəb davranmadan. Mətni verir elektron üsulla mexaniki-avtomatik tərcüməyə (Dilmanc, Google translate...), vaxtı da özünə qalır, minnəti də, ən əsası, pulu da! Təmiz nəfdi, xalis keyfdi, hamısı da çinlidən ötrü. «İtin dişi, atın leşi», «At özgənin... gön özgənin» kimi məsəllərimiz bir az kobud çıxar bəlkə, ancaq «Çayın daşı, çölün quşu» lap yerində səslənir bu məqamda...

Gabriel Garcia Marquez

Yaxşı, bəs bizim xeyrimiz nədir, doğmaca ana dilimizin nə günahı var ki, «halımız halından seçilməyən məmləkət»imizdə gündə-günaşırı peyda olmasına axır vaxtlar Qanun kimi baxdığımız tərcümə əsərlərində qəribə, qorxunc ifadələr, doğma dilin şah damarına sancılan, iliyinə işləyən cümlələr çıxır rastımıza?!

Bunu hansı nəflə, necə bir qazancla bağlayaq?! Elektron üsulun, mexaniki fəaliyyətin ayağına nə cür yazaq bunu?! Feil ortada, fail bəlli, məkan da elə buralardırsa, nə üzlə qalxıb Çini-Maçini qaralayaq?! Buna elektromexanika neyləsin, ya da hansısa əcnəbidə nə təqsir var ki, bir də baxırsan: «…burunlarını qonaq evinə söykəyib uzanmış iki gözətçi qız astanadakı yeganə stulda oturub gözləməyi əmr etdilər».

Ya da: «Bir həmlə ilə salın dibinə oturdum».

Qəfildən də: «Hərdənbir poladı ildırım çaxır, qan qarışmış su şırnaqları göyərtəyə sıçrayır».

Onda gördün: «...açıq dənizə uzaqlaşmağım barədə fikir mübarizə iradəmi sındırdı».

Gah da, deməzsənmi: «…əldən düşə-düşə, aclıq tutmalarından əziyyət çəkə-çəkə, başlıcasısa, susuzluqdan ölə-ölə nə qədər avar çəkmək lazım olduğu barədə anlayışım qətiyyən yox idi».

Belə də olur: «Başım sınmış avarın üstündə qərar tutmuşdu…»

Ya da belə: «Günəş çıxanda yenə avara söykənib yarıuzanmışdım».

Birdən bu: «Tamamilə aydındı ki, hekayət gözlənilmədən özümüz üçün göyərtəsində pis möhkəmləndirilmiş siyasi və mənəvi yükü olan özünəməxsus esmines oldu».

Sonra da: «Davamsız qumluq haqqında fikrim qorxusundan ağlagəlməz mətanət duydum, didilmiş əllərimə rəhm eləmədən dalğalara qarşı süründüm».

Bunları Markes yazıb guya, öz dilində, öz məzhəbində. Hər halda, bizi buna inandırmaq istəyir Markesi azərbaycanca dil açmağa vadar edən o «Şah naşirimiz, Şahbaz naşirimiz» də, onun Qanuni nəşriyyatı da, indiyədək bir nər yükü kitab yazıb-çevirmiş Əbdülrəhmanlı ədibimiz də! «Dünyanın axırı deyil ki...» fikriylə güzəşt yolu tutub, inanmaq istəyirsən onlara. Ancaq hardansa gözlərinin önünə, qulaqlarına o məşhur reklam, onun beyinsökən mətni gəlir: elə bil kimsə yanındakı qalaq-qalaq kitabdan bir-ikisini havaya atır, cilddən qopub ayrılan vərəqlər havada uçuşur, nərmənazik bir xanım da, reklamın orijinalından kənara «hoppanıb», qıcıq-qıcıq car çəkir: «İnanmaq olmur ki, burda... Markes vardı!»

Qalırsan mat-məəttəl!

Ekzistensiyasına canlar fəda Alber Kamyunun, bizim dildə yaman "intiresni danışır”: «O, başıyla mənə işarə edib, həmin saat bildirdi ki, mən günahsızam…»

Yazıq oldu müttəhim, getdi əlli-ayaqlı! Necə getməsin, ortada belə bir şahid ifadəsi varsa? «Mən günahsızam» deyəndə özünü nəzərdə tutur, yoxsa müttəhimi? Şeytan bilir!

Hələ bu da var: «Başqa bir şey – bu amansız mərasimin məngənəsindən yaxa qurtarmaq, bu qədər ümidlər vəd edən ağlasığmaz bir qaçışla xilas olmaq imkanı vacibdir».

Bir də beləsi: «…yalnız bu andaca, mən necə deyərlər, müəyyən dərəcədə başqa bir imkanı: məni bağışlamayacaqları ehtimalını özümə rəva bilməyə haqq qazandım».

Bu Kamyu niyə belə Yaddır bizə, bu nə Ərəb saçı cümlələrdir axı?! Ya Əli, səndən Nicat!..

Məşhur karikaturaçımızın təbirincə, əcəb ePoxaya düşmüşük: dünya ədəbiyyatının gözəl-göyçək nümunələrini seçib-çevirən ağlayır ki, özümdən-gözümdən oluram, əldən-dildən düşürəm, əvəzində qəpik-quruş alıram, çap edib yayanın, satanın dilində ağılar, oxşamalar bitib, deyir, əşşi, vallah-billah, bu bir iş deyil, Allah kəssin belə ticarəti, dağılsın belə kitab bazarını, zülm ayaqlayıram il uzunu!..

Ancaq yenə həmən-həməndir: seçirlər, çevirirlər, buraxırlar, yayırlar… Ara yerdə, Səviyyə ilə Keyfiyyət şərəf lövhəsindən çıxıb, itkinlər siyahısına düşüb!
Niyə belə olur bu? Bir indininmi işidir, bircə bizim bu nataraz əyyamınmı başında görünüb bunlar? Bu «əcəb ePoxa» - əcaib hal-qəziyyə hardan, nə cür gəlib tapıb bizi?
Belə məlum olur ki, işin əsli ayrı cürdür, «içimizdəki bu dərd ağacı» çoxdan dikəlib, kökləri dərindən-dərinə işləyib, indi də, heç maşallah olmasın, bar-bəhər mövsümü gəlib yetişib.

«Tərcümələr bəzən təsadüfi adamlara tapşırılır, dostbazlıq, tanışbazlıq, halları, təəssüf ki, burada alaq otları kimi göyərib, ordan-burdan parazitcəsinə baş qaldırır və bu «alaq otlarının» arasında bəzən tərcüməçilik sənətinin bar verən bitkisini seçib ayıra bilmirsən… Tərcüməçi hüquqları və tərcüməçi imtiyazlarından bizim nəşriyyatlarımızda heç də tam istifadə olunmur: tərcüməçilərlə qabaqcadan müqavilə bağlanmır və bu müqaviləyə əsasən müəlliflərə çatacaq əməkhaqqı vaxtında verilmir… Tərcüməçi əməyinin dəyəri bəzi nəşriyyatlarda hələ də ancaq səhifə sayı ilə ölçülür!»

Ardı